Əhl Beyt-ABNA-xəbər agentliyinin veriyi xəbərə əsasən Dmitri Medvedyev: “Məsuliyyətsiz davranışları davam etdirmək olmaz, beynəlxalq ictimaiyyətə qulaq asmaq lazımdır”

 Rusiya prezidenti Dmitri Medvedyev bəyan edib ki, İrana qarşı BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən sanksiyaların tətbiqinə dair razılaşma əldə olunub. Almaniya kansleri Angela Merkellə görüşündən sonra onunla keçirdyi birgə mətbuat konfransında Medvedyev deyib ki, sanksiyaların olmasını heç kim istəmir.

“Lakin elə hallar var ki, başqa yol qalmır və sanksiyalar barədə anlaşmaq lazım gəlir. Situasiya belədir ki, hazırda BMT TŞ-nin daimi üzvləri arasında İrana qarşı sanksiyalara dair anlaşma əldə olunub” - deyən rus lideri bəyan edib ki, sanksiyaların məqsədi İranı beynəlxalq ictimaiyyətin çağırışlarına qulaq asmağa sövq etməkdir: “Məsuliyyətsiz davranışları davam etdirmək olmaz. Beynəlxalq arenada deyilənlərə qulaq asmaq, beynəlxalq tərəfdaşlarla ünsiyyət qurmaq və yalnız bu yolla mürəkkəb məsələləri həll etmək lazımdır”.

Medvedyev onu da bildirib ki, İrana dair sonrakı addımların da bu cür beynəlxalq konsensusla atılacağını gözləyir. O, qərarların bu və ya digər ölkənin şəxsi ehtirasları əsasında verilməsini qəbul etməyəcəklərini deyib: “Ya biz hamımız bir yerdə olmalıyıq, ya da mövqelərimiz fərqlənəcək. Bu isə düzgün deyil”.

Rusiya xarici işlər naziri Sergey Lavrov da bir gün əvvəl Çinə səfəri zamanı deyib ki, BMT TŞ tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Lavrov bildirib ki, BMT TŞ nüvə proqramı ilə bağlı münaqişəyə görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək qətnaməni tamamlamaq üzrədir. Onun sözlərinə görə, qətnamə Rusiya, Çin və TŞ-nin daimi üzv olmayan ölkələr tərəfindən təklif edilmiş düzəlişləri nəzərdə tutacaq. Lavrov qeyd edib ki, qətnaməyə Rusiya və Çinin təklif etdiyi düzəlişlər daxil edilməklə “İrana qarşı iflic edici sanksiyalar” ifadəsi sənəddən çıxarılıb. İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etdiyi üçün dördüncü dəfədir ki, beynəlxalq sanksiyalarla üzləşir.