Əhl Beyt-ABNA-xəbər agentliyi: ABŞ-ın Bakıdakı səfiri postuna namizəd göstərilən Metyu Brayza Senatda əngəllənə bilər. “Hurriyet Daily News” xəbər verir ki, ABŞ-dakı erməni diasporu Brayzanın namizədliyinin Senatda təsdiqlənməsinə mane olmaq üçün genişmiqyaslı kampaniya başlayıb. Artıq Senatın Xarici Əlaqələr Komitəsindəki erməni lobbisi Brayzaya qarşı hazırlıqlar görür və ona qarşı suallar hazırlayır. 

 

Xəbər verildiyi kimi, erməni lobbisi Brayzanı Türkiyənin və Azərbaycanın adamı hesab edir. Onun xanımının türk olması da erməniləri qıcıqlandıran səbəblərdən biridir. Diplomatın namizədliyinin Senatda müzakirəyə çıxarılacağı tarix hələ dəqiqləşməyib. Ancaq bildirilir ki, müzakirələr yaxın günlərdə keçirilə bilər. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbərliyi hesab edir ki, Brayzanın namizədliyini tezliklə təsdiqləmək lazımdır. Çünki uzun müddətdir ABŞ-ın Bakıdakı səfiri yoxdur. Belə bir vaxtda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi Azərbaycanın qarşı çıxmasına görə əngəllənib, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar dondurulub və regionda gərginlik artır. Lakin erməni lobbisinə bağlı senatorlar Brayzaya Qarabağ münaqişəsinə dair danışıqlardakı rolu, Türkiyə-Ermənistan münasibətləri və “erməni soyqırımı” mövzusunda suallar hazırlayır. Belə qənaət formalaşıb ki, Brayza həmin suallara erməni lobbisini qane edən cavablar verməsə onun namizədliyinə veto qoyulacaq. Vaxtilə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Robert Menendez də Riçard Hoqlandın İrəvana səfir təyin edilməsini veto ilə bir neçə dəfə əngəlləmişdi.

Lakin Brayzadan təkcə ermənilər yox, ruslar da narazıdır. Buna səbəb kimi diplomatın 2008-ci ilin avqust hadisələrində rolu göstərilir. Rusiya hakim dairələrində hesab edirlər ki, məhz Brayza Mixail Saakaşvilini Tiflisin Vaşinqtondan hərbi kömək alacağına əmin etmişdi və bu arxayınçılıq Cənubi Osetiya üzərinə hücum əməliyyatını başlamağa səbəb olmuşdu. Bununla belə, ekspertlər Rusiyanın narazılığının Brayzanın namizədliyinin təsdiqlənməsinə təsirini istisna edirlər. Rusiyalı ekspert Stanislav Tarasov deyib ki, əgər Brayza səfir vəzifəsinə təsdiqlənsə, tezliklə Qarabağ danışıqlarını fəallaşdırmağa çalışacaq. Ekspertə görə, o, tərəflərə eyni vaxtda Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan kompleks ssenari təklif edə bilər.