Robert Qeyts Azərbaycan üzərindən Əfqanıstana hərbi yüklərin daşınmasını da müzakirə edəcək; onun iqtidara minnətdarlıq mesajı da varmış
ABŞ-ın müdafiə naziri Robert Geyts iyunun 6-da Azərbaycana səfər edəcək. Bu barədə Pentaqonun rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Məlumatda deyilir ki, iki günlük səfər çərçivəsində Qeytsin prezident İlham Əliyevlə, iyunun 7-də isə azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşü planlaşdırılır. Görüşlərdə Əfqanıstandakı ABŞ qüvvələrinin Azərbaycan üzərindən təchizatı ilə bağlı məsələlər müzakirə olunacaq. Pentaqonun mətbuat katibi Ceff Morrel bildirib ki, nazirin hələ onlarla şəxsən ünsiyyəti olmayıb.
“Bu, nazirin minnətdarlığını ifadə etməsi üçün imkandır”. Morrel bildirib ki, Robert Qeyts Azərbaycandan Əfqanıstandakı Amerika kontingenti üçün yük axınının mövcud səviyyədə saxlanması məsələsində birgə fəaliyyəti də müzakirə etmək istəyir. Pentaqon rəhbərinin Azərbaycana səfəri onun Asiya turnesi çərçivəsində baş tutacaq. O, Bakıya Sinqapurdan gələcək. Bakıdan sonra isə Britaniya, Belçika və Almaniyaya səfər edəcək.
Bu, Robert Qeytsin Bakıya ilk səfəridir. Sonuncu dəfə Azərbaycanda ABŞ-ın müdafiə naziri statusunda Donald Ramsfeld səfərdə olub. R.Qeyts Ramsfeldin istefasından sonra hələ Corc Buş administrasiyası dövründə müdafiə naziri təyin olunmuşdu, daha sonra Barak Obama respublikaçılar düşərgəsinə daxil olmasına baxmayaraq, ona etimad göstərərək vəzifəsində saxladı. Pentaqonun açıqlamasından da göründüyü kimi, Qeytsin Bakıya səfərinin əsas məqsədi Azərbaycan üzərindən Əfqanıstandakı koalisiya üçün yüklərin daşınması ilə bağlı məsələləri müzakirə etməkdir. Birləşmiş Ştatlarla Azərbaycan arasında Əfqanıstana qeyri-hərbi xarakterli yüklərin daşınması barədə razılaşmalar artıq var. Yüklər Qara dəniz vasitəsilə Gürcüstana, oradan qatarla Bakıya, buradan isə Xəzər dənizindən bərə ilə daşınmaqla Türkmənistana daşınır. Daha sonra quru yolu ilə Əfqanıstana çatdırılır. Bu marşrut Əfqanıstandakı koalisiya qüvvələrinin təchizatı üçün yeni yaradılan alternativ yoldur. Pakistandan keçən marşrut təhlükəli olduğu üçün Pentaqon alternativ marşrutlar axtarır. Bu məsələdə Rusiya ilə də razılaşma əldə olunub. Lakin həmin razılaşma demək olar ki, işləmir və Birləşmiş Ştatlar Rusiyadan yan keçən marşrutlara maraq göstərir.
Azərbaycan üzərindən Əfqanıstana yüklərin daşınması kommersiya baxımından sərfəli olduğu üçün rəsmi Bakı buna həvəslə razılıq verib. Eyni zamanda gələcəkdə Əfqanıstandakı koalisiya qüvvələri üçün ərzaq və yanacaq məhsullarının, o cümlədən tikinti materiallarının Azərbaycandan alınması imkanları nəzərdən keçirilir. Birləşmiş Ştatların Bakıdakı səfirliyi bəyan edib ki, bunun üçün mallar keyfiyyət standartlarına cavab verməlidir. Lakin Azərbaycan ABŞ üçün Əfqanıstana təkcə qeyri-hərbi yüklərin daşınması baxımından maraq kəsb etmir. Prezident Obama Əfqanıstana əlavə 30 min nəfərlik kontingent göndərilməsi haqda qərar verib. Bu qüvvələrin daşınmasının elə iyun ayından başlayacağı gözlənilir. Mümkün variantlardan biri kimi Amerika əsgərlərini daşıyan hərbi nəqliyyat təyyarələrinin Azərbaycan üzərindən keçməsi nəzərdə tutulur. Həmçinin Birləşmiş Ştatlar İraqdakı qüvvələrinin bazalarından hərbi sursat, silahlar və digər malların bir qismini çıxararaq Əfqanıstana daşımağa başlayıb. Bu yüklərin daşınması üçün də marşrutlardan biri Azərbaycan üzərindən keçir. Vaşinqtonla Bakı arasında siyasi münasibətlər xeyli müddətdir soyuq olsa da tərəflər bu cür məsələlərdə əməkdaşlığı kəsməyiblər. Son aylar ərzində ABŞ müdafiə nazirinin köməkçiləri azı iki dəfə Bakıda səfərdə olub.