Amerikda yaşayan türkiyəli “Nurçular” təriqətinin lideri Fətullah Gülən İsrail ordusunun Ağ dənizdə Gəzzaya yardım aparan gəmilərinə silahlı basqın edərək qan tökməsinə öz münasibətini bildirib. ABŞ-ın nüfuzlu “Uoll strit journal” qəzetinə verdiyi müsahibədə Gülən bildirib ki, Türkiyədə fəaliyyət göstərən humanitar bir təşkilatın İsrailin izni olmadan Gəzzaya yardım karvanı aparması "faydalı nəticələr doğurmayacaq şəkildə hakimiyyətə baş qaldırmaq”dır.

“Nurçular” təriqətinin lideri bildirib ki, Qəzzaya yardım aparanlar mütləq İsraildən icazə almalıydılar. O, dünyanın 100-dən artıq ölkəsində insanlara yardım göstərən təşkilatın - İnsani Yardım Vakfının fəaliyyətindən xəbərdar olduğunu bildirərək qeyd edib ki, bu təşkilatın siyasi məqsəd güdüb-güdmədiyini söyləmək qolay iş deyil.

F.Gülən qəzetə bildirib ki, gəmilərə hücumun və onun nəticələrinin araşdırılması Birləşmiş Millətlər Təşkilatına həvalə edilməlidir. “Bu, ən yaxşı seçim olar” – deyə F.Gülən bildirib.

Müsahibəni götürən reportyor F.Gülənin evinin dəhlizində böyük bir Türkiyə xəritəsi, Qurandan bir ayə və Bosfor boğazı üzərindən uçan Türkiyə qırıcısı ( F-16) şəkli gördüyünü də qeyd edib (şəkildə: F.Gülən bu evdə yaşayır).

Beləliklə, F.Gülənin sözlərindən anlaşılıb ki, o, Türkiyənin hakim partiyasına və Rəcəb Tayyib Ərdoğana dəstək vermək, İsraili pisləmək fikrində deyil. F.Gülənin açıqlamaları daha çox ABŞ-ın rəsmi mövqeyi ilə üst-üstə düşür.