“İsraillə Türkiyə arasında baş verən son hadisələrə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin, Prezident Administrasiyasının mövqeyi mənim də mövqeyimdir. Mənim başqa mövqeyim ola bilməz. Baş verənləri mən də pisləyirəm. Ortada insan tələfatı var. İnsan tələfatına yol verəni isə hansı dövlət olmasından asılı olmayaraq, qınayıram”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov Aralıq dənizində baş verən insidentlə əlaqədar Türkiyə ilə İsrail arasında yaranmış vəziyyəti şərh edərkən deyib.
Bununla belə, o, hadisələrə qiymət verərkən tələsməməyin tərəfdarıdır. Deputatın sözlərinə görə, baş verən hadisə ən yüksək səviyyədə araşdırılır. Y. Abramov hər iki tərəfin emosiyadan uzaq olmasının zəruriliyini qeyd edib. Parlament üzvü deyib ki, bu gün yerində işlənməyən hər hansı söz arzu olunmayan nəticələrə gətirib çıxara bilər: “Mən yenə də deyirəm ki, ümumiyyətlə bir insanın belə burnunun qanamasının tərəfdarı deyiləm, nəyinki iyirmi nəfərin ölməsinin...”
Y. Abramov uzun müddət barışıq şəraitində yaşayan Türkiyə və İsrail arasında münasibətlərin sərinləşməsindən və bu şəkildə nəticələnməsindən təəssüfləndiyini deyib: “Heç bir ay deyil ki, Türkiyədə və İsraildə olmuşam. İstanbulda da müəyyən şəxslərlə görüşlərim oldu. Azərbaycan istəyirdi ki, İsrail-Türkiyə münasibətləri yaxşılığa doğru getsin. Ancaq təəssüf... Məni düzgün anlayın. Əgər doğrudan da, o gəmilərdə təhlükəli heç nə, o cümlədən İsrail dövlətinin ərazi bütövlüyünə, təhlükəsizliyinə toxuna biləcək bir şey yox idisə, o zaman İsrailin bu hərəkəti pislənməlidir. Bu hadisə Yaxın Şərqdə yeni qarşıdurma üçün şərtlər ortaya qoya bilər. Bundan isə bəzi maraqlı dövlətlər öz mənafeləri üçün istifadə edəcək. Bu gün Ermənistan mətbuatını izləmişəm. Orada böyük şadyanalıqdır. Artıq onlar belə təkliflər irəli sürürlər ki, Ermənistan bu vəziyyətdən istifadə etməli və Knessetdə uydurma “erməni soyqırımı”nı gündəmə gətirməlidir. Mən canımla, qanımla Azərbaycan vətəndaşıyam. Bu gün təhsilimə, yaşamağıma, müvəffəqiyyətlərimə görə Azərbaycan xalqına minnətdaram. Bircə onu bilin ki, mən Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvüyəm. Mən obyektiv danışmalıyam. Əgər düzgün danışmasam, sabah İsrailə gedəndə parlamentin və digər rəsmi qurumların qapıları üzümə bağlanacaq. Dəfələrlə Azərbaycanın və Türkiyənin problemini İsraildə qaldırıb uğurla da qayıtmışam. Bəzi media qurumları Azərbaycanı qınayır ki, guya Türkiyənin yanında deyil. Amma Azərbaycan daim Türkiyənin yanındadır” .
Yəhudi əsilli deputat baş verən hadisə ilə bağlı bəzi maraqlı detalları da açıqlayıb. Onun sözlərin görə, hadisə haqqında danışanlar çox şeyi bilmirlər: “İsrail kəşfiyyatında məlumatlar var. Çoxdandır ki, humanitar yardım aparan qrupun xəritəsini, orada aparılan yüklərin siyahısını tələb ediblər, lakin tələb yerinə yetirilməyib. Onsuz da İsrail həmin yükləri quru yolla Fələstinə ötürüb. Nə olardı bunu birlikdə həll edəndə? Xarici kəşfiyyatın məlumatları var ki, orada beynəlxalq terrorçu qrupların bir neçə üzvü olub. Desantlar gəmiyə daxil olan kimi həmin şəxslər pasportlarını cırıb dənizə atıblar. Niyə? Ortada çox məsələ var... Ancaq yenə deyirəm ki, Türkiyə güclü dövlətdir. Ona qarşı belə hərəkətlərə yol vermək olmaz”.