Mayın 31-də Türkiyə limanından çıxaraq Qəzza zolağına humanitar yardım aparan sülh gəmilərinin İsrail donanması tərəfindən basqına məruz qalması, “Mavi Mərmərə” adlı gəmidə qətliam baş verməsinin ardından 600-dən çox sülh elçisinin əsir götürülməsi ilə bağlı yeni bir detal məlum olub.
Xəbər verilir ki, əksəriyyəti (400-ə yaxın) Türkiyə vətəndaşı olan beynəlmiləl sülh alayının tərkibində iki nəfər Azərbaycan vətəndaşı da var. Hələlik onların kimliyi bilinmir. Bir hissəsi azad edilsə də, əsirlərin hamısı İsrail həbsxanalarında yerləşdiriliblər.
Azərbaycanlılardan başqa, İsrail hərbçilərinin əlində olan insanlar aşağıdakı ölkələrin vətəndaşlarıdır: Avstraliya 3; Italiya 6; Indonezeya 12; Irlandiya 9; Əlcəzair 28; ABŞ 11; Bolqarıstan 2; Bosniya 1; Bəhreyn 4; Belçika 5; Almaniya 11; CAR 1; Hollandiya 2; İngiltərə 31; Yunanıstan 38; İordaniya 30; Küveyt 15; Livan 3; Mavritaiya 3; Malayziya 11; Misir 3; Makedoniya 3; Mərakeş 7; Norveç 3; Yeni Zelandiya 1; Suriya 3; Serbiya 1; Oman 1; Pakistan 3; Çex Respublikası 4; Fransa 9; Kosovo 1; Kanada 1; Isveç 11; Türkiyə 380; Yəmən 4.
Göründüyü kimi, israillilər əksər ölkələrin vətəndaşlarını əsir alaraq dünyaya meydan oxuyublar.
Bildirilir ki, İsrail Qəzzaya yardım aparan donanmaya hücumü nəticəsində saxladığı insanları azad etmək qərarına gəlib. Türkiyə Nazirlər Kabineti rəsmiləri məlumatı təsdiq etməsələr də, deportasiya edilən 124 nəfərin İordaniyaya göndərildiyi bildirilib. Onların arasında Türkiyə vətəndaşının olmadığı qeyd edilib (anspress).
İordaniya hökumət sözçüsü Nebil Əl Şərif əsasən İsrail ilə diplomatik əlaqəsi olmayan 12 müsəlman ölkədən 124 nəfərin bu gün səhər İordaniyaya aid beş avtobusla gəldiyini, onlardan 30-nun iordaniyalı, 16-nın küveytli olduğunu açıqlayıb. Digərlərinin isə Azərbaycan, İndoneziya, Malayziya, Pakistan, Əlcəzair, Mərakeş, Yəmən, Oman və Bəhreyn vətəndaşları olduğu qeyd edilib.
Xatırladaq ki, İsrailin Daxili İşlər Nazirliyi Türkiyə gəmisinə hücumdan sonra saxlanılanlar arasında təcili deportasiya edilməli olan şəxslərin adlarını açıqlayıb.
İsrailin Nazirlər Kabinetinin sözçüsü saxlanılan bütün xarici vətəndaşların deportasiya ediləcəyini bildirib. Ancaq Türkiyə Nazirlər Kabineti bu barədə onlara hər hansı bir məlumat verilmədiyini açıqlayıb.