“Azərbaycan tərəfi yaranmış vəziyyətlə bağlı öz narahatçılığını bildirir. Ona görə ki, humanitar layihənin həyata keçirilməsi zamanı insan tələfatları olub. Hesab edirik ki, yaranmış vəziyyətdə emosiyalara qapanmadan bu hadisə qısa bir müddətdə yoxlanılmalı və günahkarları cəzalandırılmalıdır”.
XİN-in mətbuat katibi Elxan Poluxov İsrailin Qəzzaya humanitar yardım aparan Türkiyə gəmisinə basqınına münasibətini bildirərkən bunları bildirdi. Qeyd edək ki, bu, rəsmi Bakının da mövqeyidir. XİN-in açıqlamasında deyilir ki, rəsmi Bakı hər zaman Qəzza zolağındakı əhaliyə humanitar yardım verilməsinin tərəfdarı olub, bununla bağlı Azərbaycan tərəfi dəfələrlə öz mövqeyini bildirib: “Sonuncu dəfə ölkə prezidentinin tapşırığı ilə xarici işlər naziri Elmar Məmmədyarov keçən ilin martında Beynəlxalq Donorlar Konfransında da öz fikrini bildirib”. Israillə normal münasibətləri olan Azərbaycanın bu məsələdə vasitəçilik etməsi mümkündürmü? E.Poluxov: “Hələ ki, bu məsələ ilə bağlı Azərbaycan tərəfinə müraciət olunmayıb. Biz həmişə öz imkanlarımızdan istifadə edərək vəziyyəti normallaşdırmaq üçün addımlar atmağa hazırıq”.