Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Azadlıq Qəzeti: Kompüterləri uçota alacaqlar xəbəri nə məsələdir?
Bu barədə Cavid Ağa çox maraqlı yazı paylaşıb.
Yazıda deyilir:
"Ərinmədim, Statistika Komitəsinin 13 oktyabr 2026-cı il tarixli 3-34/3-2-26/2026 nömrəli qərarını tələsmədən, bənd-bənd oxudum. Bu, parlament səviyyəsində qəbul edilmiş qanun da deyil; komitənin daxili qərarıdır və 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Qərarın əsl miqyası və hədəfini nəzərə alanda görürsən ki, bu kompüter məsələsi sadəcə xırda bir təfərrüatdır.
Əslində baş verən odur ki, yerli icra hakimiyyətlərinin Sovet dövründən qalma və bu günə qədər kəndlərdə apardığı "təsərrüfatbaşına uçot" mexanizmini indi şəhər və qəsəbələrə də tam tətbiq edib bütöv bir nəzarət şəbəkəsinə çevirirlər. Sxem belə qurulub ki, hər bir təsərrüfata sabit bir şəxsi hesab nömrəsi açılır. Hər il yanvar ayının 1-dən 30-na kimi icra nümayəndəliyinin işçiləri qapı-qapı gəzərək ailə başçısını dindirəcək, məlumatları xüsusi kitablara yazacaq və oradan da mərkəzi elektron bazaya ötürəcəklər.
Bu "uçot kitabı"nda tələb olunanlar isə adi statistika çərçivəsini çoxdan aşıb birbaşa fərdi dosye xarakteri daşıyır. Belə ki, evdə yaşayan hər bir kəsin FİN (Fərdi İdentifikasiya Nömrəsi), milliyyəti, doğum yeri, təhsili (hansı məktəbdə və ya universitetdə oxumasına qədər), dəqiq iş yeri və vəzifəsi, aldığı pensiya və ya sosial yardımın növü, hərbi qeydiyyatı, əlaqə telefonları və HƏTTA şəxsi e-poçt ünvanı yazılacaq. Ailədə əlilliyi olan şəxs varsa, orqanizmin funksiyalarının pozulması faizindən tutmuş bunun səbəbinə qədər (istehsalat zədəsi, ümumi xəstəlik, müharibə və s.) qeyd edilməlidir. Evdə kirayəçi qalırsa, mülkiyyətçi ilə aralarında rəsmi yazılı müqavilənin, yoxsa sadəcə "şifahi razılaşma"nın olduğu da dövlət qeydiyyatına alınır.
Üstəlik, söhbət təkcə kompüter və ya planşetin sayından, internetin simli və ya simsiz olmasından da getmir. Evin ümumi sahəsi, otaqların sayı (texniki pasport olmasa və ya uyğun gəlməsə, evə məcbur girib divarları ölçə bilərlər), mənzildə vanna, tualet, kanalizasiya, istilik sisteminin növü, ailənin adına olan avtomobillər, yük maşınları, həyətyanı sahədəki kartof-pomidorun sayı, saxlanılan mal-qaranın, arı pətəklərinin və hətta toyuqların sayına qədər hər şey siyahıya alınır.
Ən absurdu isə "müvəqqəti qaiblər" məsələsidir. Əgər ailə üzvlərindən biri ölkə xaricində işləyirsə, təhsil alırsa, əsgərlikdədirsə və ya həbsdədirsə, ailə başçısı dövlətə onun hara getdiyini, gediş tarixini və getməsinin dəqiq səbəbini bildirməlidir. Əgər ailə ilə əlaqə saxlayırsa, buna heç bir vaxt limiti də tətbiq olunmur; yəni xaricdə yaşasan belə, atan sənin harada olduğunu dövlətə raport etməlidir.
Sənədin 2.7-ci bəndində açıq-aşkar yazılıb ki, toplanan bu məlumatlar təkcə demoqrafiya üçün deyil, həm də seçkilərdə və referendumlarda səsvermə hüququ olanların siyahılarını (yəni seçici siyahılarını) tərtib etmək üçün istifadə olunacaq. 3.7-ci bənddə isə qeyd edilir ki, təkcə statistika idarələri deyil, adı çəkilməyən "digər orqanlar" da vətəndaşa çağırış vərəqəsi, bildiriş və digər sənədlər göndərəndə məhz bu təsərrüfat nömrəsinə istinad edəcəklər. Yəni Allah bilir kimlərə ötürüləcək sizin məlumatlarınız.
Bəli, kağız üzərində "Fərdi məlumatlar haqqında" ümumi qanun var. Amma birbaşa bu qərarın içinə baxanda toplanan bu nəhəng informasiya kütləsinin hansı təhlükəsizlik tədbirləri ilə qorunacağı, elektron bazaya kimlərin əlinin çatacağı, məlumatların saxlanma müddəti və ya vətəndaşın bu qədər intim suallara cavab verməkdən imtina hüququna dair bir cümlə belə yoxdur. Tutaq ki, mənim atam demək istəmir mən niyə Polşadayam. Nə edəcəklər?
Sənəddə bəzilərinin iddia etdiyi kimi rəqəmsallaşmadan, əhalinin sosial rifahının yüksəldilməsindən, müasir inkişafdan bəhs olunmur.
Azadlıq Qəzeti
Sizin rəyiniz