Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: General Hüseyn Möhibbi bazar günü Kerman əyalətinin Sarullah SEPAH-ının namaz toplantısında çıxış edərək bildirib: «Biz hərbi imkanlarına görə dünyanın ən qüdrətli ölkələrindən biri, eyni zamanda isə dünyanın ən cinayətkar ölkəsi ilə müharibə aparırıq. Bu düşmən dünyanın ən çirkin terrorçu dəstəsi olan sionist rejimlə əlbir olaraq ölkəmizə və xalqımıza qarşı müharibə başlatdı. Biz bu müharibənin bir neçə mərhələsini geridə qoymuşuq və qarşıdakı mərhələləri də gözləyirik. Lakin əsas məsələ geridə qoyduğumuz mərhələlərdə qələbə qazanmağımızdır».
O, son məcburi müharibədə İranın əldə etdiyi nailiyyətlərə və strateji səviyyədəki məğlubiyyətlərə toxunaraq deyib: «Birinci strateji qələbəmiz düşmənin öz məqsədlərinə çatmasının qarşısını almaq oldu. Düşmən əvvəlcə rejimi dəyişmək və İranı parçalamaq kimi böyük məqsədlər müəyyənləşdirmişdi. Lakin uğursuzluğa düçar olduqdan sonra məqsədlərini tədricən raketlərin mənzilini azaltmağa, nüvə fəaliyyətlərini dayandırmağa, uranı ölkədən çıxarmağa, nefti ələ keçirməyə və bir adanı işğal etməyə qədər endirdi. Ancaq bunların heç biri həyata keçirilmədi. Nəticədə Hörmüz boğazını açmaq cəhdində də məğlub oldu».
General Möhibbi əlavə edib: «ABŞ-nin regionda və dünyada mövcudluğunu əsaslandıran şüar enerji axınının təhlükəsizliyini və gəmiçiliyin azadlığını təmin etmək idi. O, mühüm dünya su yolları və gəmiçilik marşrutları üzərində nəzarətə malik olmalı olduğunu, bununla da enerji təhlükəsizliyini və gəmiçiliyin azadlığını təmin edəcəyini iddia edirdi. Lakin dünyanın ən böyük hərbi dəniz qüvvələrinə malik olmasına, Bəhreyndə Beşinci Donanmanın bazasını yerləşdirməsinə və trilyonlarla dollar xərcləməsinə baxmayaraq, Hörmüz boğazını nə bir neçə gün, nə də bir neçə saat ərzində aça bildi».
O, ABŞ-nin son müharibədəki ikinci strateji məğlubiyyətinin ABŞ ordusunun doktrinasındakı fundamental ziddiyyətin üzə çıxması olduğunu bildirərək deyib: «ABŞ-nin doktrinası çoxsaylı hərbi bazalar yaratmaq və orada silahlar yerləşdirməklə öz maraqlarının təhlükəsizliyini təmin etmək, eyni zamanda müttəfiqlərinə də təhlükəsizliyi qəbul etdirmək idi».
SEPAH-ın sözçüsü qeyd edib: «Üçüncü strateji məğlubiyyət kəşfiyyat sahəsindəki məğlubiyyət idi. ABŞ-nin kəşfiyyat sahəsində qeyri-adi texnologiyalara malik olduğu, onun kəşfiyyat mərkəzlərinin və üsullarının heç vaxt aşkar edilə bilməyəcəyi, eləcə də heç kimin bazalarını müəyyənləşdirə bilməyəcəyi texnoloji kəşfiyyat xidmətinə sahib olduğu barədə təsəvvür yaradılmışdı».
ABŞ-nin müharibədəki strateji məğlubiyyətinin hərbi texnologiya sahəsində də baş verdiyini vurğulayan Möhibbi deyib: «ABŞ bütün dünyaya üstün hərbi texnologiyaya malik olduğunu, heç bir ölkənin bu texnologiyaya çıxış əldə edə bilməyəcəyini və onunla silahlanma yarışına girə bilməyəcəyini təlqin etmişdi».
İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bildirib: «Lakin bu müharibədə Allahın lütfü ilə ABŞ-nin havada istifadə etdiyi ən yüksək hərbi texnologiya — F-35 təyyarəsində tətbiq olunan texnologiya məğlub edildi. Dənizaltı sahəsindəki ən böyük texnologiyasını da torumuza düşən balıq kimi ələ keçirdik. ABŞ-nin yerüstü texnologiyasını — “Patriot” raketlərini və digər hərbi vasitələrini isə məhv etdik».
O, sözlərinə davam edib: «Bütün dünya anladı ki, ABŞ-nin texnologiyası üstün deyil. Bunun iki mesajı var. Birincisi, Çin və Rusiya kimi ABŞ-nin rəqibləri bu rəqibin içinin boş olduğunu anladılar. İkincisi isə ABŞ-nin müttəfiqləri onun özünü belə müdafiə edə bilmədiyini gördülər. Belə olan halda, ABŞ onların təhlükəsizliyini necə təmin edə bilər?
General Möhibi müharibənin davam etdiyini və gözlədikləri qələbənin son mərhələsinin hələ qarşıda olduğunu qeyd edərək bildirib: «Ayətullah Seyid Müctəba Xamenei yüksək rütbəli hərbi komandirlərlə görüşündə düşmənlərlə güclü mübarizə aparmaq üçün ağıllı döyüş hazırlığını maksimum çəkindiriciliyin zəruri şərtlərindən biri hesab edib və təhdidin istənilən səviyyə və növünə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməsini qərara alıb».
O, vurğulayıb: «Şəhid İmam buyurmuşdu ki, müharibə başlasa, onu regional müharibəyə çevirəcəyik. Biz də bunu etdik. Bu gün ali rəhbərimiz bildirib ki, artıq coğrafi məhdudiyyət yoxdur. Coğrafi məhdudiyyətlərin aradan qaldırılması düşmənə qarşı əməliyyatlar aparmaq və tam çəkindiriciliyə nail olmaq üçün geniş meydan yaradır».
SEPAH-ın sözçüsü qeyd edib: «İslam İnqilabı Keşikçiləri Korpusu son günlər ərzində düşmənin hücumu baş verəcəyi təqdirdə yeni hədəflərin müəyyənləşdirilməsini və yeni coğrafi ərazilər üzrə əməliyyatların planlaşdırılmasını öz gündəliyinə daxil edib. İnşallah, bu, yeni İslam sivilizasiyasına doğru irəliləyişə zəmin yaradacaq».
Sizin rəyiniz