Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: İran İslam Respublikasının Silahlı Qüvvələrin Müdafiə və Təminat naziri Mehrdad Əxlaqinin bəyanatında deyilir: “Silahlı Qüvvələrin ali baş komandanı, həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin (Allah onun kölgəsini başımızın üstündən əskik etməsin) yüksək rütbəli hərbi komandirlərə ünvanladığı strateji göstəriş və əmrləri diqqətlə və böyük məsuliyyətlə qəbul etmişik. Bu göstərişlər qarşıdakı mərhələdə ölkənin müdafiə sisteminin fəaliyyət istiqamətini və strateji yol xəritəsini müəyyənləşdirir, təhlükəsizliyin, müstəqilliyin və milli qüdrətin qorunması sahəsində üzərimizə düşən məsuliyyəti daha da artırır”.
Bəyanatın davamında qeyd olunur: “Vurğulayırıq ki, Silahlı Qüvvələrin Müdafiə və Təminat Nazirliyi bu göstərişləri yalnız qəbul etmək və anlamaqla kifayətlənmir, həm də onların əməli şəkildə həyata keçirilməsini, sahədə reallaşdırılmasını və konkret müdafiə nailiyyətlərinə çevrilməsini öz öhdəliyi və məsuliyyəti hesab edir. Nazirliyin bütün təşkilati, sənaye, elmi və texnoloji imkanları bu göstərişlərin həyata keçirilməsinə yönəldiləcək”.
Silahlı Qüvvələrin Müdafiə və Təminat naziri bildirib: “Döyüş hazırlığının ağıllı şəkildə artırılmasını və istənilən təhdidə, istənilən nöqtədə və coğrafi məhdudiyyət olmadan dərhal, effektiv və mütənasib cavab verilməsi strategiyasının həyata keçirilməsini qətiyyətlə davam etdiririk. Müdafiə texnikası və silahlarının layihələndirilməsi, istehsalı və təchizatı prosesinin sürətləndirilməsi, sənaye və texnoloji infrastrukturun gücləndirilməsi, eləcə də Silahlı Qüvvələrə dəstək imkanlarının artırılması fəaliyyətimizin əsas istiqamətləridir”.
Əxlaqi bəyanatında vurğulayıb: “İranın təhlükəsizliyini və milli maraqlarını təhdid edən istənilən tərəfə mesajımız aydındır: Hər hansı təcavüz mütənasib, qətiyyətli və təsirli cavabla qarşılanacaq. İranın müdafiə cavabının miqyasını, vaxtını və nəticələrini təhdid edən tərəflər müəyyən edə bilməyəcəklər. Ölkəmizin təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək üçün lazımi hazırlığa, iradəyə və imkanlara malikik”.
On dördüncü hökumətin kabinet üzvü bəyanatında xatırladıb: “Silahlı Qüvvələrin dəyərli insan resurslarının qorunması, mənəvi potensialın gücləndirilməsi, hərbi qulluqçuların və onların hörmətli ailələrinin yaşayış şəraitinə diqqət yetirilməsi, eləcə də insan resurslarının döyüş ruhunun, motivasiyasının və bacarıqlarının artırılması ali baş komandanın vurğuladığı digər əsas istiqamətlərdəndir. Müdafiə Nazirliyində əməkdaşlara və onların ailələrinə hörmət və dəstək göstərilməsini ikinci dərəcəli məsuliyyət hesab etmirik. Əksinə, bunu ölkənin müdafiə missiyasının ayrılmaz tərkib hissəsi və silahlanma, sənaye və texnoloji imkanların inkişafı ilə eyni səviyyədə mühüm məsuliyyət hesab edirik”.
Müdafiə naziri bəyanatında vurğulayıb: “Silahlı Qüvvələrin Müdafiə və Təminat Nazirliyi bu göstərişlərin icrasını iranlı mütəxəssis və alimlərin misilsiz potensialına, müdafiə sənayesinin imkanlarına, bilik əsaslı şirkətlərə və ölkənin böyük insan resurslarına arxalanaraq, Silahlı Qüvvələrin Baş Qərargahı və digər silahlı qüvvələrlə tam qarşılıqlı fəaliyyət şəraitində həyata keçirəcək. Müdafiə Nazirliyinin bütün təşkilati, sənaye, tədqiqat və texnoloji imkanları hazırlığın artırılmasına, çəkindiriciliyin gücləndirilməsinə və Silahlı Qüvvələrin ehtiyaclarına effektiv cavab verilməsinə xidmət edəcək”.
Əxlaqi bəyanatının sonunda bildirib: “Yerli biliklərə, sənaye potensialına, insan resurslarına və milli iradəyə arxalanaraq, ölkənin müdafiə qüdrətinin artırılması yolunu güclə davam etdiririk. Mesajımız aydındır: İran təhdid qarşısında qəfil yaxalanmayacaq, təzyiq qarşısında dayanmayacaq və elmi-texnoloji tərəqqi yolunda başqalarının hesablamaları və iradəsi ilə məhdudlaşmayacaq. Ali baş komandanın göstərişlərini bütün gücümüzlə proqrama, əməli fəaliyyətə və nailiyyətlərə çevirəcəyik. Ölkənin təhlükəsizliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması yolunda bir an belə tərəddüd etməyəcəyik”.
Sizin rəyiniz