Rusiya Elmlər Akademiyasının sistem Analizi İnstitunun baş elmi əməkdaşı, texnika elmləri doktoru Vitali Tsıqiçko ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatlarına dair ssenari hazırlayıb. “Seqodnya.ru” saytında yer alan ssenaridə deyilir ki, Pentaqon vaxtilə İrana qarşı hərbi əməliyyatlar planını hazırlayarkən Azərbaycan və Gürcüstan ərazisindən də istifadə etməyi nəzərdə tutub. Ekspertə görə, əgər ABŞ İranın nüvə obyektlərinə zərbə endirmək qərarına gəlsə bunu Yaxın və Orta Şərqdəki qoşun qruplaşmalarının köməyi ilə edəcək.

Bu regiondakı qoşun qruplaşmaları general Tommi Frenksin başçılıq etdiyi Mərkəz Komandanlığına tabedir. Vəziyyətdən asılı olaraq Mərkəz Komandanlığının tabeçiliyinə ABŞ-ın təyyarədaşıyan gəmi qruplaşması və xüsusi təyinatlı qüvvələr də verilə bilər. Hazırda komandanlığın nəzarətində 250 min Amerika əsgəri var.

Rusiyalı ekspert qeyd edir ki, ABŞ-ın 6 təyyarədaşıyan gəmi qruplaşması da hazırda Mərkəz Komandanlığının məsuliyyət daşıdığı regiondadır. Hər qruplaşmaya müxtəlif tipli 10-12 gəmi daxildir. Qruplaşmaların hər birində  12-15 minlik şəxsi heyət var. Eyni zamanda, təyyarədaşıyanların hər birinin göyərtəsində 80-ə qədər müxtəlif tipli təyyarələr yerləşir. Təyyarədaşıyanlardan “Nimitz”, “Kitty Hawk”, “Constellation”, “Abraham Lincoln” hazırda bilavasitə Fars körfəzi sularındadır. “Harry S. Truman” və “Theodore Roosevelt” gəmiləri isə Aralıq dənizindədir. Təyyarədaşıyanların hamısı ballistik raketlərə qarşı “Aegis” sistemləri ilə təchiz olunub, onları dəstəkləyən sualtı qayıqlarda isə nüvə başlıqları daşıyan ballistik raketlər var. Amerika ordusunun canlı qüvvəsi isə Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Türkiyə kimi ölkələrdəki bazalara səpələnib. Həmçinin Hind okeanındakı Dieqo-Qarsiya bazasında strateji B-2 və B-52 bombardmançıları yerləşir.

Rusiyalı ekspert qeyd edir ki, “Atlantic Monthly” jurnalı İrana qarşı hərbi əməliyyatların planlaşdırılması zamanı Pentaqondakı Azərbaycan və Gürcüstan ərazilərindəki aerodromlardan istifadənin mümkünlüyü də nəzərdən keçirilib. Lakin bu aerodromların bir çoxu ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrini qəbul etməyə hazır deyil. Ekspert Azərbaycan ərazisindəki Qala, Nasosnı, Gəncə, Lənkəran və Yevlax aerodromlarının nəzərdən keçirildiyini bildirir. Qeyd edək ki, həqiqətən bu aeroportlardan istifadə bir neçə il əvvəl Pentaqon tərəfindən nəzərdən keçirilib, lakin rəsmi Bakı İrana qarşı hər hansı aksiyada yer almayacağını bəyan edib. Rusiyalı ekspertə görə, mümkündür ki, İranın nüvə obyektlərinə zərbə endirmək üçün ABŞ nüvə raketləri olan “Trident ” lərdən istifadə edəcək. Lakin bu raketləri adi başlıqlarla təchiz etmək nəzərdə tutulur. Həmin raketlər dünyanın istənilən nöqtəsində hədəfləri vurmağa imkan verir. İran isə bu raketlərin zərbəsinin qarşısını almaq imkanında deyil.

Vitali Tsıqiçko hesab edir ki, ABŞ İranın nüvə obyektlərinə zərbələr endirmək üçün zəruri kəşfiyyat məlumatlarına malikdir. Uzun müddətdir kosmik kəşfiyyat və digər vasitələrin köməyi ilə İrana dair məlumatlar toplanıb, məlumatlara görə, təxminən bir ay əvvəl Pentaqon İrana zərbə endirmək üçün bütün hazırlıqları tamamlayıb. Belə görünür ki, hərbi əməliyyatlar Yaxın Şərqdəki qüvvələr hesabına həyata keçiriləcəyinə görə kənardan ora qüvvələr cəlb etməklə İranı təhlükədən duyuq salmaq istəmirlər. Ekspertin fikrincə, İrana qarşı hərbi əməliyyatlar da İraq və Əfqanıstana qarşı hücumlarda olduğu kimi əvvəlcə strateji aviasiyanın zərbələri ilə başlayacaq, ardınca raket zərbələri endiriləcək. Lakin müharibə nəticəsində ABŞ-ın qarşıya qoyduğu vəzifələri nə dərəcədə uğurla yerinə yetirəcəyi rusiyalı ekspert üçün də qaranlıq qalır.