İsrail prezidenti Şimon Peres Moskvaya səfərdən dönərkən aeroportda alçaldılıb. İsrail mətbuatının yaydığı xəbərlərə görə, hadisə mayın 12-də baş verib. Şimon Peres İkinci Dünya müharibəsində qələbənin əldə edilməsinin 65 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün Moskvaya mayın 8-də səfər etmişdi.
Lakin bu səfər ona qarşı açıq-aşkar hörmətsizlik edilməsi ilə başa çatıb. Bildirilir ki, Peres Moskvadan vətəninə yola düşərkən “Vnukovo” aeroportunda onu adi sərnişinlər kimi pasport nəzarətindən keçməyə məcbur ediblər. Bu isə dövlət başçıları üçün mövcud olan protokol qaydalarına açıq-aşkar zidd olub. Rusiya sərhədçilərinin israrından sonra Peres pasport nəzarətindən keçib. Ancaq hörmətsizlik bununla da bitməyib. Aeroportun işçiləri tələb ediblər ki, İsrail nümayəndə heyəti Peresi və onu müşayiət edən nümayəndə heyətinə VİP xidmətləri göstərilməsinin haqqını ödəsinlər. Diplomatik protokola görə bu cür hallarda xidmət haqqını nümayəndə heyətini qəbul edən tərəf ödəyir. Lakin Rusiya tərəfi 73 yaşlı Peresi alçaltmaqda davam edərək ona terminaldan təyyarəyə qədər avtomobildə getməyə də icazə verməyiblər. Nəticədə o, həmin məsafəni aeroporta aid avtobusla getməli olub.
F.MƏMMƏDOV