Bu arada isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsi haqda danışıb. "Novosti-Armeniya" agentliyinin Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, o, ölkəsinin Qarabağ probleminin sülh yolu ilə həlli cəhdlərini davam etdirəcəyini söyləyib. Nalbandyan bu yolda Azərbaycanın "problemlər yaratdığını" da bildirib.
Erməni nazir xatırladıb ki, ötən ilin dekabrında ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş bəyanatda güc tətbiqindən və hədələmədən imtina problemin həllində əsas şərtlər kimi göstərilib: "Digər şərtlər kimi isə müqəddəratı təyinetmə və ərazi bütövlüyü prinsipləri qeyd olunub".
Nalbandyan bir daha iddia edib ki, Azərbaycan tərəfi "sənəddə göstərilən şərtlərin mahiyyətini dəyişməyə çalışır, hər imkanda güc tətbiqi ilə bağlı hədələr səsləndirir". "Türkiyəyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunda müşahidəçilik missiyası verilə bilər" - bu fikirləri isə türkoloq Artak Şakaryan səsləndirib. O, Ankaranın Qarabağ probleminin həlli prosesində vasitəçilik rolu almaq üçün fəal iş apardığını bildirib. "Son illər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair söhbətlərə nəzər salsaq, onların 80 faizində Türkiyənin adının çəkildiyini görə bilərik. Ankara bu prosesdə de-yure rol oynamasa da, de-fakto onun tədricən prosesə qoşulduğunu söyləmək olar", - deyə türkoloq bildirib. Bununla yanaşı, Şakaryan hesab edir ki, Türkiyənin Minsk Qrupunun həmsədri olmaq ehtimalı çox azdır: "Onun prosesdə başqa formada iştirakı mümkündür. Türkiyə Minsk Qrupunun tərkibində müşahidəçi statusu ala bilər. Bu, Ankaranın həmsədrlərin görüşlərində iştirakına, öz mövqeyini ortaya qoymasına imkan yaradacaq".