Mayın 12-də insan haqları müdafiəçılərinin xüsusi toplantısı keçirilmişdir. Buna səbəb – “Fatiməyi-Zəhra (s.ə.)” məscidinin ətrafında yaranan sökülmə təhlükəsi və ölkədə, eləcə də dünyada bununla bağlı yaşanan narahatçılıqlar olmuşdur.
Toplantıda ölkənin tanınmış insan haqları müdafiəçilərindən Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Əvəz Həsənov, İlqar İbrahimoğlu iştirak etmişlər.
Toplantıda yaranmış vəziyyətin insan haqları baxımından təhlilini edərək, durumun böhranlı olması nəticəsinə gəlindi. Bunu nəzərə alaraq, eləcə də, milli-mənəvi dəyərlər üçün yarana biləcək geriyədönməz fəsadları və ən nəhayət, Azərbaycan dövlətçiliyinin imicinin ciddi surətdə zədələnməsi perspektivi kimi amilləri rəhbər tutaraq, yaxın zamanda ölkənin insan haqları müdafiəçiləri adından dövlət başçısına müraciət edilməsi qərara alındı.
Eyni zamanda, yaranmış problemin çözülməsi istiqamətində müvafiq qurumlarla sıx və davamlı müzakirələr aparmaq, öncəki təcrübələrə söykənərək, yaranmış vəziyyətdən çıxış yollarını aramaq istiqamətində fəaliyyəti davam etmək qərara alındı.