Ermənilər Şuşanın işğalının növbəti ildönümünü bayram etməkdədir. Erməni mətbuatı Şuşaya hücumun necə planlaşdırıldığı haqda xatirələri, bu əməliyyatda xüsusi rol oynayan keçmiş səhra komandirlərinin müsahibələrini yayımlayır. Belələrindən biri, Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinin ilk komandanı olmuş Arkadi Karapetyan Ermənistanın “Aravot” qəzetinə müsahibəsində qudurğancasına bildirib ki, əgər müharibə yenidən başlasa, erməni qüvvələri Azərbaycanın içərilərinə doğru hücuma keçib yeni ərazilər işğal edəcək, hətta Bakını tutacaq.

Azərbaycan tərəfinin işğal edilmiş əraziləri geri qaytarmaq üçün hərbi əməliyyatlara əl ata biləcəyi haqda xəbərdarlıqları ilə bağlı danışan Karapetyan müharibənin mümkünlüyü barədə belə deyib: “Müharibə əvvəl-axır olacaq. Necə və hansı formada, bunu deyə bilmərəm. Ancaq bir şey aydındır ki, başlasa, biz bir həftəyə Bakıya daxil olub şəhəri tutacağıq”. Keçmiş səhra komandirinə görə, danışıqların necə inkişaf etməsindən asılı olmayaraq məsələnin yekun həlli müharibədən keçir.

Azərbaycandan isə erməni səhra komandirinin açıqlamasına münasibət bildirən Qarabağ müharibəsi veteranı, tanınmış jurnalist Rey Kərimoğlu öncə “ay, sən öləsən” deyərək bildirdi ki, məsələnin həlli doğrudan da ancaq müharibə yoluyla mümkündür: “Ancaq Karapetyan və onun kimi dişi qana batmış digər erməni quldurları bilməlidir ki, bu dəfə müharibə başlasa, Azərbaycan ordusu nəinki işğal olunmuş əraziləri qaytarmağa, həmçinin tarixi torpaqlarımızın bir hissəsi olan İrəvanı azad etməyə qadirdir”.

Erməni mətbuatı onu da yazır ki, mayın 9-da Şuşanın ələ keçirilməsini bayram etmək üçün Dağlıq Qarabağa Ermənistan parlamentinin spikeri Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan və daha bir neçə nazir də gəlib. Bayram etməyə gələnlərdən biri də keçmiş prezident, Şuşaya hücum əmrini verən Robert Köçəryan olub. Erməni mətbuatı maraqlı detal kimi onu qeyd edir ki, Abramyan çoxsaylı nümayəndə heyəti, o cümlədən Köçəryanla birlikdə Dağlıq Qarabağa avtomobillə getsə də, geri qayıdanda baş nazirin müavini və digərləri ilə birlikdə vertolyota minib.

Şuşanın işğalı günü Azərbaycanın əslən bu şəhərdən olan keçmiş mədəniyyət naziri, Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun verdiyi açıqlamalar isə erməniləri yenidən qıcıqlandırıb. Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılara müraciətlə demişdi ki, Qarabağı ancaq müharibə yolu ilə qaytarmaq mümkündür və hamı buna hazırlaşmalıdır. “Regnum” agentliyi Ermənistandakı siyasi çevrələrə istinadən xəbər verir ki, bu ölkənin Rusiyadakı keçmiş və indiki səfirlərinin P.Bülbüloğluna cavab verməməsi başadüşülən deyil. Ermənistanda hesab edirlər ki, səfirin Rusiyada yaşayan və bir çoxu bu ölkənin vətəndaşları olan azərbaycanlıları müharibəyə çağırmasına adekvat cavab verilməli idi. Çünki söhbət Ermənistanın hərbi müttəfiqi olan ölkənin vətəndaşlarından gedir. Erməni mənbələrinin bildirdiyinə görə, keçmiş səfir Armen Smbatyanın Polad Bülbüloğluna cavab verməməsini başa düşmək olar. Çünki o, MDB humanitar əməkdaşlıq fondunda Bülbüloğlunun tabeçiliyində işləyir. Azərbaycan səfiri bu fondun idarə heyətinin sədri, keçmiş erməni səfir isə icraçı direktorudur. “Lakin yeni səfir, Dağlıq Qarabağ parlamentinin keçmiş spikeri olan Oleq Yesayanın Bülbüloğluna cavab verməməsi anlaşılan deyil” deyə məlumatda bildirilir. Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfirinin Qarabağa dair açıqlamaları bundan əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyinin də narahatlıqlarına səbəb olmuşdu.