Bu gün saat 11:00-da Ali Məhkəmədə "Pir Həsən" ziyarətgahının məhkəmə prosesi olub. Prosesdə Apellyasiya Məhkəməsinin qərarından ziyarətgahın kassasiya şikayətinə baxılırdı.

Deyerler.org-a daxil məlumata əsasən Ali Məhkəmə Mərdəkan qəsəbəsinin bələdiyyəsinin keçmiş sədrinin pirin sökülməsi iddiasını rədd edərək, ziyarətgahın şikayətini təmin edib.

Hakim Zakir Quliyevin sədrliyi ilə keçən məhkəmə prosesi artıq başa çatıb. "Pir Həsən" ziyarətgahın vəkili Muxtar Mustafayev bizimlə söhbətində qərarla bağlı bildirmişdir: “Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi. İşi yeni məhkəmə baxışı üçün Apellyasiya Məhkəməsinə göndərdi. Bununla da məhkəmə bizim şikayətimizi təmin etdi. Əvvəlki qərar ləğv edildi ki, işimizə yenidən baxılsın”.

Xatırladaq ki, "Pir Həsən" ziyərgahının məhkəmə işi artıq 2 ilə yaxındır ki, davam edir. Mərdəkan Qəsəbə Bələdiyyəsinin keçmiş sədri, hazırda bələdiyyə üzvü olan Zakir Cəfərovun iddiası əsasında məhkəməyə verilən "Pir Həsən" ziyarətgahı güya qədim qəbir və abidlərin dağıdılmasında ittiham edilir. 2 Saylı Bakı İqtisad Məhkəməsi bələdiyyənin iddiasını təmin etmiş, Bakı Apellyasiya Məhkəməsi isə ziyarətgahın qərardan şikayətini təmin etməyərək əvvəlki məhkəmə instansiyasının hökmünü qüvvədə saxlamışdır.

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu "Pir Həsən" ziyarətgahının Ali Məhkəmədə müsbət həllini çox yüksək dəyərləndirərək Günəşli qəsəbəsində yerləşən "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin ətrafında yaranan müşküllərin də tezliklə müsbət həll edilməsində ümidli olduğunu bildirmişdir