26 sentyabr 2026 - 22:53
Almaniyada yaşayan ruhanilərdən Azərbaycandakı Hicab qadağasına qarşı etiraz bəyənatı

İnanırıq ki, dövlət qurumlarımız və ictimaiyyətimiz məsələyə həssaslıqla, təmkinlə, sahib olduqları islami ideologiya və özlərinin qəbul etdikləri demokratik dəyərlərə uyğun olaraq yanaşacaq, təhsil prosesinin normallığını qorumaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarını da diqqətdə saxlayacaqlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Almaniyada yaşayan azərbaycanlı Şiə ruhanilərinin son günlərdə əliyevlər sülalə rejiminin məktəblərdə Hicab qadağasının qanuniləşdirməsi qərarına etiraz olaraq bəyənat yayımlayıbar.

Bəyanatı saytımızın ziyarətçilərinin diqqətinə çatdırırıq:

Bismillahir Rəhmanir Rəhim

"De: 'Heç bilənlərlə bilməyənlər bir olar mı?' Şübhəsiz ki, yalnız ağıllı sahibləri bunu dərk edərlər." (Zumər surəsi, 9)

"Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl olanı ilə mübahisə et..." (Nəhl surəsi, 125)

Biz, Almaniyada yaşayan Azərbaycanın din xadimləri və ruhaniləri olaraq, ölkəmizin gələcəyi olan gənc nəslin təhsilinə, mənəvi inkişafına və cəmiyyətimizin tərəqqisinə hər zaman xüsusi həssaslıqla yanaşırıq. Təhsil hər bir vətəndaşın fundamental hüququ olmaqla yanaşı, dövlətimizin güclənməsinin və tolerant dəyərlərimizin qorunmasının əsas təməlidir.

Son günlər orta məktəblərdə şagirdlərin geyim forması, xüsusilə də baş örtüyü (hicab) ilə bağlı yaranmış vəziyyət cəmiyyətimizdə müzakirələrə səbəb olmuşdur. Din xadimləri olaraq hesab edirik ki, hər hansı həssas məsələ sivil hüquqi çərçivədə, qarşılıqlı hörmət və dialoq yolu ilə həll olunmalıdır.

Bu baxımdan aşağıdakı prinsipləri və təklifləri diqqətə çatdırırıq:

İslam dini elmin öyrənilməsinə, savadlılığa və mənəvi kamilliyə müstəsna əhəmiyyət verir. Gənclərimizin keyfiyyətli təhsil alması bizim ən başlıca ortaq məqsədimizdir və heç bir səbəb uşaqların təhsildən kənarda qalmasına əsas verməməlidir.

Azərbaycan Respublikası Konstitusiyasına və qanunvericiliyinə əsasən, ölkəmiz dünyəvi dövlətdir. Dünyəvilik prinsipi təhsil ocaqlarında hər kəsin hüquqlarının qorunmasını və ümumi qaydalara riayət olunmasını tələb edir. Lakin bu qaydalar tətbiq edilərkən vətəndaşların dini etiqad azadlığına və mənəvi dəyərlərinə həssaslıqla yanaşılması vacibdir.

Bu kimi məsələlərin həlli üçün zorlama və ya sərt qadağalardan deyil, maarifləndirmə, qarşılıqlı müzakirə və kompromis yollarından istifadə olunmalıdır. Təhsil Nazirliyi, məktəb rəhbərlikləri, valideynlər və dini icma nümayəndələri arasında konstruktiv dialoqun qurulması ən düzgün yoldur.

Biz çağırış edirik ki, məktəblərdə heç bir şagird dini və ya fərdi seçimlərinə görə təhsil hüququndan məhrum edilməsin, ictimai gərginliyə yol açacaq addımlardan çəkinilsin. Cəmiyyətimizin birliyi və dözümlülük ənənələri hər şeydən uca tutulmalıdır.

İnanırıq ki, dövlət qurumlarımız və ictimaiyyətimiz məsələyə həssaslıqla, təmkinlə, sahib olduqları islami ideologiya və özlərinin qəbul etdikləri demokratik dəyərlərə uyğun olaraq yanaşacaq, təhsil prosesinin normallığını qorumaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarını da diqqətdə saxlayacaqlar.

Bəyənatı imzaladı:

Ələmdar Qiyasov

Mirəli Abbasov

Hüseyn Güliyev

Şahin Əliyev

Əbdürrəhman Hacıyev

Emin Hüseynov

Araz Əhədov

Ruhullah Novruzzadə

Sizin rəyiniz

You are replying to: .
captcha