14 sentyabr 2026 - 15:59
Ənsarullahın zəfərləri: Təkcə bir həftədə 6200 kvadrat kilometr ərazi azad edildi, 15 Səudiyyə qırıcısı və PUA-sı vuruldu \ VİDEO

Yəmən Silahlı Qüvvələri vurğulayıb ki, ölkənin Səudiyyə vəhhabi rejimin təcavüzlərinə qarşı başlatdığı əməliyyatları və tədbirləri Yəmən xalqına qarşı hücumlar dayandırılan və blokada aradan qaldırılanadək davam edəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmən Silahlı Qüvvələri Qərbi Yəmənin sahilyanı bölgələrinin Səudiyyə vəhhabi rejimi, İngiltərə, ABŞ və sionist işğalçı qüvvələrinin təcavüzlərindən azad edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı əməliyyatın nəticələri barədə bəyanat yayıb. Bəyanatda bildirilib ki, təkcə bir həftə ərzində Təiz və Hudeydə vilayətlərində 6 rayon Yəmən qüvvələrinin nəzarətinə keçib və ümumilikdə 6200 kvadrat kilometr Yəmən ərazisi azad edilib.

Bəyanata əsasən, “Vəllahu əşəddü bə’sən və əşəddü tənkilan” adlı əməliyyat sentyabrın 3-də (12 şəhrivər) bir neçə istiqamətdə başlayıb və bir həftə sonra, sentyabrın 10-da, Yəmən qüvvələrinin Bab əl-Məndəbdə yerləşən Miyun adasına daxil olması ilə başa çatıb.

Yəmən Silahlı Qüvvələri əməliyyatın məqsədini ölkənin qərb sahillərində yerləşən ərazilərin səudiyyə işğalından azad edilməsi kimi açıqlayıb və vurğulayıb ki, bu addım həmin bölgələrin sakinlərinin dəstək və zülmün aradan qaldırılması ilə bağlı müraciətinə cavab olaraq həyata keçirilib.

Bəyanatda qeyd olunub ki, Səudiyyə qüvvələri ötən illər ərzində Qərbi Sahil bölgəsində Yəmən xalqına və kəndlərinə qarşı hücumlarını artırıb, son aylarda isə bu hücumların intensivliyi daha da yüksəlib.

Təiz və Hudeydədə 6 rayon azad edilib

Yəmən Silahlı Qüvvələrinin bəyanatına görə, əməliyyat zamanı Səudiyyə vəhhabi rejiminə bağlı qüvvələr Təiz və Hudeydə vilayətlərində yerləşən 6 rayondan çıxarılıb.

Bəyanatda bildirilir ki, bu rayonların ümumi sahəsi 5400 kvadrat kilometrdir və Yəmən qüvvələri hazırda həmin ərazilərin “təhlükəsiz və sabit” olduğunu açıqlayıb.

Bəyanatın digər hissəsində deyilir ki, Yəmən qüvvələri ABŞ, İngiltərə və sionist rejimin dəstək verdiyi Səudiyyə qüvvələrinə bağlı 7 hərbi diviziyaya, o cümlədən 38 briqadaya hücum edib. Bu əməliyyatlar zamanı yüzlərlə işğalçının öldürüldüyü, yaralandığı və ya əsir götürüldüyü bildirilib.

Yəmən Silahlı Qüvvələri həmçinin ötən illərdə Qərbi Sahil bölgələrində Səudiyyə vəhhabi rejiminə bağlı terrorçu ünsürlərin əlində olan bir sıra yəmənli əsirlərin azad edildiyini açıqlayıb.

15 Səudiyyə qırıcısı və PUA-sı vurulub

Yəmən Silahlı Qüvvələri bildirib ki, əməliyyat bölgədə yerləşən qüvvələrə dəstək məqsədilə Səudiyyə qırıcılarının genişmiqyaslı hava örtüyünə baxmayaraq, öz məqsədlərinə çatıb.

Bəyanata əsasən, Yəmən qüvvələri əməliyyat zamanı Səudiyyə qırıcıları və PUA-larına qarşı 32 dəfə atəş açıb və nəticədə 15 hava vasitəsi vurulub.

Bəyanatda Yəmən hərbçilərinin fəaliyyətinə və xalqın, eləcə də qəbilələrin roluna yüksək qiymət verilib. Həmçinin vurğulanıb ki, Səudiyyə hücumlarına qarşı mübarizə davam etdiriləcək və “blokadaya qarşı blokada” düsturu Yəmən Silahlı Qüvvələrinin gündəmində qalacaq.

Yəməndən Qırmızı dənizdə gəmiçiliklə bağlı mesaj

Bəyanatın sonunda Yəmən Silahlı Qüvvələri bildirib ki, bütün şirkətlər üçün dəniz gəmiçiliyi təhlükəsizdir və yalnız daha əvvəl hərəkəti qadağan edilmiş Səudiyyə gəmilərinə bu məhdudiyyət şamil olunur.

Yəmən Silahlı Qüvvələri vurğulayıb ki, ölkənin əməliyyatları və tədbirləri Yəmən xalqına qarşı hücumlar dayandırılan və blokada aradan qaldırılanadək davam edəcək.

Bəyanatın yayılmasından sonra Yəmənin Müharibə Media Mərkəzi də ölkənin qərb sahillərindəki ərazilərin azad edilməsi əməliyyatından görüntü və videolar yayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha