17 iyul 2010 - 19:30

Hakimiyyət həmrəylik yürüş-mitinqini dağıtdı; yüzlərlə adam saxlanıldı: həbsə göndərilənlər də var XATIRLADAQ Kİ,2 ay bundan öncə Xocalı soyqırımı günü şəhidlər Xiyabanına gül çələngi ilə getmək istəyən inanclı insanlar eyni şəkildə polis zorakılığına məruz qalmışdılar. Hətta onlardan 5 nəfərinə cinayət işi də açılıb.

GƏNCLƏR BAKINI SİLKƏLƏDİ

Terrorun ildönümündə polislə tələbələr toqquşdu
Hakimiyyət həmrəylik yürüş-mitinqini dağıtdı; yüzlərlə adam saxlanıldı: həbsə göndərilənlər də var

 

Dünən minlərlə tələbə və gənc Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən qanlı terrorun ildönümü ilə əlaqədar Cəfər Cabbarlı meydanında aksiya keçirdilər. Xeyli sayda tələbə-müxalifətçi qətlə yetirilən dostlarının xatirəsini anmaq məqsədilə 28 May metrostansiyasının qarşısından ADNA-ya doğru yürüş edərkən polislə toqquşdular.

“30 aprel təqvimə matəm günü kimi düşsün”

“Necə olursa-olsun biz bu aksiyada iştirak edəcəyik. Bizim tələbə yoldaşlarımız bu terrorun qurbanı olublar. Bu günü qeyd etməmək onların ruhuna ən böyük hörmətsizlikdir. Biz çalışacağıq ki, 30 aprel təqvimə matəm günü kimi düşsün”. Bu sözləri “Yeni Müsavat”ın əməkdaşlarına bir qrup tələbə söyləyib. Onlar bildiriblər ki, anım mərasiminə xüsusi hazırlaşıblar.
Qeyd edək ki, ADNA-nın ətrafında iki gün öncədən polis nəzarəti yaradılıb. Belə ki, polis terror qurbanlarının xatirəsinə şamlar yandıran tələbələri universitetin qarşısından uzaqlaşdırıb.

Dünən saat 9:00-da 28 May metrostansiyası, Cəfər Cabbarlı heykəlinin ətrafı, Azadlıq prospekti, Rəşid Behbudov, Dilarə Əliyeva, Səməd Vurğun küçələrinin kəsişmələri, ADNA-nın hər iki korpusu polislər və mülki geyimli şəxslər tərəfindən mühasirəyə alındı. Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının yüzlərlə əməkdaşı əraziyə cəlb olundu. Ərazidəki polis qüvvələrinə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Yaşar Əliyev şəxsən rəhbərlik edirdi.
ADNA ətrafında Rəşid Behbudov, Dilarə Əliyeva, Səməd Vurğun küçələri ilə Azadlıq prospektinin kəsişdiyi yerlər mühasirəyə alınmışdı.

Saat 8:00-da isə “30 apreli unutmayaq” bukletləri paylayan iki gənc mülki geyimli polislər tərəfindən saxlanılmışdı. Polislər tələbələri bir yerə toplaşmağa qoymurdu. Xüsusilə əllərində gül olan tələbələri akademiyanın yaxınlığına buraxmırdılar.XATIRLADAQ Kİ,2 ay bundan öncə Xocalı soyqırımı günü şəhidlər Xiyabanına gül çələngi ilə getmək istəyən inanclı insanlar eyni şəkildə polis zorakılığına məruz qalmışdılar. Hətta onlardan 5 nəfərinə cinayət işi də açılıb.