AZƏRBAYCANDA KONSTİTUSİON ÇEVRİLİŞ HAZIRLANIR
Parlamentin səlahiyyətləri azaldılırHakimiyyət Ana Yasaya yeni düzəliş edir; “Normativ hüquqi aktlar haqqında” Qanunun qəbulundan sonra deputatlara yalnız iclasda düyməyə basmaq qalacaq
Azərbaycan iqtidarı ölkədə avtoritarizmi daha da gücləndirən dəyişiklik həyata keçirməyə hazırlaşır. Söhbət parlamentin onsuz da məhdud olan funksiyalarını tamamilə məhdudlaşdırmağa, onu ayrıca hakimiyyət qolu olmaqdan çıxarıb, birbaşa prezidentə tabe olan məşvərətçi orqana çevirməyə hesablanmış qanunvericilik təşəbbüsündən gedir. Bu barədə redaksiyamıza millət vəkili Pənah Hüseyn xəbər verib.
***
Onun bildirdiyinə görə, bu günlərdə parlamentin müzakirəsinə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu çıxarılıb. Həmin qanun layihəsini təhlil edən millət vəkili və digər ekspertlər bu qənaətə gəliblər ki, onun təsdiqindən sonra parlamentin qanunvericilik funksiyaları ciddi şəkildə məhdudlaşacaq və prezidentin göstərişləri əsasında işləyən qurum olacaq. Pənah Hüseyn bu barədə fikrini daha kəskin şəkildə bu cür ifadə etdi: “Bu, bir konstitusion dövlət çevrilişi anlamına gələ biləcək addımdır. Azərbaycanın qanunverici orqanını bitirirlər...”
***
Millət vəkilinin fikrincə, bunun ciddi bir səbəbi var: “Hakimiyyət parlamentin tərkibinin onun nəzarətindən çıxa biləcəyi ehtimalına hazırlaşır”. Onun və fikrini soruşduğumuz bir neçə ciddi müxalifət təmsilçisinin rəylərinə görə, tamamilə mümkündür ki, bu il daxili və xarici təzyiqlərə, gedən qlobal siyasi proseslərə uyğun olaraq, iqtidarın parlament seçkilərini saxtalaşdırmaq imkanları olmasın. Belə olan halda, parlament onun nəzarətindən çıxacaq. Məhz bu variantı göz önünə alaraq, iqtidar müxalifətin əlinə keçə biləcək Milli Məclisi bəribaşdan tamamilə əhəmiyyətsiz, qanunverici gücü olmayan bir quruma çevirmək istəyir. Bunun nə dərəcədə gerçək olduğunu aydınlaşdırmaq üçün MM-ə təqdim olunan qanun layihəsini incələməyə cəhd etdik. Qanun layihəsinin 43.1-ci bəndində deyilir ki, Milli Məclis qanun layihələrinin hazırlanmasının illik planını prezidentlə razılaşdırmalıdır. Beləliklə, qanunun qüvvəyə minməsindən sonra parlament il ərzində hansı qanun layihələrinin hazırlanmasını prezidentlə razılaşdırmaq məcburiyyətində qalacaq; yəni onun razılıq vermədiyi qanun layihəsinin parlamentdə müzakirəsindən belə söhbət getməyəcək. Doğrudur, prezidentin onsuz da parlamentin qəbul etdiyi qanunlara veto qoymaq səlahiyyəti var, lakin yeni qanun imkan verəcək ki, qanunvericilik prosesi birbaşa dövlət başçısının nəzarəti altında olsun; yəni onun diqtəsindən kənar hansısa layihə müzakirəyə çıxarılmasın.Eyni zamanda qanun layihəsinin 49.1 və 49.8-ci bəndlərində parlament üzvlərinin qanunvericilik təşəbbüsü ilə çıxış etməsini çətinləşdirən mürəkkəb prosedurlar müəyyən edilib. Bu prosedurlar o dərəcədə mürəkkəbdir, müstəqil qanunvericilik təşəbbüsü ilə çıxış edən deputatdan o qədər absurd şeylər tələb olunur ki, faktiki olaraq hansısa deputatın belə bir təşəbbüslə çıxış edib, özünə əzab verməsi mümkünsüz görünür. Lakin bunun əksinə olaraq, prezident tərəfindən parlamentə təqdim edilən qanun layihəsinə yalnız dövlət başçısının müşayiət məktubunun əlavə edilməsi kifayətdir. 50-ci maddəyə görə, normativ hüququ aktların layihəsi məcburi hüquqi ekspertizadan keçirilməlidir. Bu zaman ekspertizanın layihənin irəli sürülməsinin məqsədəuyğun olmadığı haqda rəyi əsasında onun rədd edilməsi də nəzərdə tutulub.Aparılan təhlillər göstərir ki, qanun layihəsinin mahiyyəti bütövlükdə parlamentin və onun üzvlərinin funksiyalarını məhdudlaşdırıb, bu qurumu yuxarıdan təlimat əsasında qanunlar qəbul edən orqana çevirməyə yönəlib.
***
“İqtidar niyə belə hərəkət edir”, sualını müxalifətçi millət vəkillərindən və ekspertlərdən fərqli olan çevrələrə də verdik. Qəribə uyğunluq ortaya çıxır... Layihənin hazırlanmasında iştirak edən qrupa yaxın mənbənin bildirdiyinə görə, parlamentin funksiyalarını ciddi şəkildə məhdudlaşdırmaq istəyi məhz seçkilərlə bağlı ola bilər. Belə ki, hakimiyyət uzun illərdir Qərbdən və beynəlxalq ictimaiyyətdən seçkilərin azad və ədalətli keçirilməsi üçün tənqidlər eşidir. Gözlənilir ki, bu dəfə seçkilərin qismən də olsa demokratik keçirilməsinə yönələn təzyiqlər əhəmiyyətli şəkildə artacaq. Həmin mənbənin də fikrincə, hakimiyyət rəhbərliyində nəzərə alırlar ki, bu təzyiqlər nəticəsində parlament seçkilərinin nəzarət altından çıxaraq, Prezident Administrasiyasının müəyyən etdiyi şəxslərin deyil, xalqın seçdiyi adamların ora düşməsi ehtimalını tam istisna etmək olmaz: “Onlarda hakimiyyəti saxlamaq instinkti o dərəcədə güclüdür ki, hər hansı kiçik riski də bəri başdan aradan qaldırmaq istəyirlər. Görünür, sözügedən qanun layihəsini təqdim etməklə parlamenti de-yure icra hakimiyyətindən asılı quruma çevirərək, onun ayrıca hakimiyyət qolu olmaqdan çıxarırlar. Yəni hesablayırlar ki, bu qanunun qəbulundan sonra parlament seçkilərinin siyasi baxımdan cəlbediciliyi azalacaq, siyasi rəqiblər bu seçkilərə hakimiyyəti dəyişmək vasitələrindən biri kimi baxmaqdan əl çəkəcəklər. İndiyədək hesab olunurdu ki, parlament seçkiləri hakimiyyəti dinc yolla dəyişmək vasitələrindən biridir, nəzəri olaraq müxalifət parlamentdə çoxluğa nəzarət etsə, yaxud əhəmiyyətli saya malik olsa, qanunvericilik islahatları həyata keçirməklə ölkədə ciddi dəyişikliklərə nail olmaq mümkündür. Məlumatlara görə, Qərb dairələri də Azərbaycanda dəyişikliklərin məhz bu modelini məqbul sayır; hesab edilir ki, kəskin inqilabi dəyişikliklərdənsə, parlament vasitəsilə həyata keçirilən mərhələli islahatlar daha ağrısız olacaq”.Təsadüfi deyil ki, seçkilərlə bağlı hakim partiyada indiyədək qeyri-müəyyənlik hökm sürür. YAP rəhbərliyi hələ də bilmir ki, seçkilərdə kimlərin namizədliyi irəli sürüləcək. Eyni zamanda iri oliqarxlar da parlamentdə nə qədər paya sahib olacaqlarını hələ müəyyən edə bilməyiblər. Məlumatlar var ki, ABŞ Azərbaycanla diplomatik münasibətlərin əvvəlki səviyyədə bərpası üçün seçkilərlə bağlı bəzi şərtlər qoyub. Həmçinin bu seçkilər ərəfəsində hakimiyyətdən narazıların sayı yerlərdə kəskin şəkildə artıb, narahatlıqlar var ki, hətta dalbadal atılan populist addımlarla da vəziyyəti dəyişmək mümkün olmayacaq. Ona görə də mümkün bütün riskləri aradan qaldırmaq üçün parlamentin özünü konstitusion baxımdan ayrıca hakimiyyət qolu olmaqdan çıxarıb, prezidentin nəzarətində olan məşvərətçi quruma çevirmək qərara alınıb.