28 avqust 2026 - 22:03
Source: IRNA
Pezeşkiyan Qətərin Baş naziri və XİN-nə: İran xalqının bütün qanuni hüquqları tanınmalıdır

Prezident İran xalqının bütün hüquqlarının beynəlxalq qanunlar çərçivəsində tanınmasının zəruriliyini vurğulayaraq bildirib: “İran İslam Respublikası öz qanuni hüquqlarından artıq heç nə tələb etmir və təzyiq və zorakılıq qarşısında təslim olmayacaq.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məsud Pezeşkian avqustun 27-də Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Sani ilə görüşündə son dövrlərdə baş vermiş acı hadisələrə toxunaraq deyib: “Qəbulolunmaz hadisələr baş verdi, lakin biz hələ də İran və Qətərin iki dost və qardaş ölkə olduğuna inanırıq və yaranmış məsələləri qarşılıqlı anlaşma yolu ilə həll etmək mümkündür.”

O, ABŞ və sionist rejimin regionda sabitlik istəmədiyini bildirərək vurğulayıb: “İran və Qətərin birgə həyata keçirməli olduğu çoxsaylı tədbirlər nəzərdə tutulmuşdu, lakin müharibə iki ölkə arasında əldə olunmuş razılaşmaların icrasını və qarşılıqlı əlaqələrin inkişafını gecikdirdi. Sionist rejimin planı müsəlmanlar arasında səmimi münasibətlərin qurulmasının qarşısını almaqdır. Qətər hökumətinin və bu ölkənin əmirinin vasitəçilik, sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə görə təşəkkür edirik. Bu səylər İran İslam Respublikası üçün dəyərlidir.”

Prezident İranın müharibə və qarşıdurmanın genişlənməsinin tərəfdarı olmadığını vurğulayaraq əlavə edib: “Müharibə İrana qarşı tətbiq edildi və onun davam etməsi ölkə, region və dünya üçün zərərlidir. Məntiq tələb edir ki, Anlaşma Memorandumunun icrası əvvəlki qaydada bərpa olunsun və məsələlər dialoq yolu ilə həll edilsin; ölkələr problemləri həll etmək üçün müharibəyə və güc nümayişinə əl atmamalıdırlar. Region ölkələri arasında mövcud fikir ayrılıqları müsəlman xalqlarına yaraşmır.”

Pezeşkian ABŞ-də, sionist rejimdə və hətta İran daxilində bəzi qüvvələrin razılaşmaların əldə olunmasının qarşısını almağa çalışmasına toxunaraq qeyd edib: “Amerikalı rəsmilər regionda sabitliyin bərpasına mane olmağa çalışan səslərə məhəl qoymamalıdırlar. Bəzi şəxslərin marağı müharibənin davam etməsindədir, lakin İran İslam Respublikası hesab edir ki, sülh və təhlükəsizlik İranın, regionun və dünyanın maraqlarına xidmət edəcək.”

O, ABŞ-nin İrana qarşı hücumlarını bütün beynəlxalq hüquq normalarına zidd addım hesab edərək deyib: “Amerikalılar xaincəsinə Lideri, komandirləri, şagirdləri və İran xalqını hədəfə aldılar. Bu, heç bir beynəlxalq hüquqi çərçivədə qəbul edilə bilməz. İran müharibə tərəfdarı deyil, olmayıb və olmayacaq, lakin zorakılığa da boyun əyməyəcək. Qarşı tərəflər İran xalqının bütün sahələrdəki hüquqlarını beynəlxalq qanunlar çərçivəsində tanımalıdırlar. İran İslam Respublikası öz qanuni hüquqlarından artıq heç nə istəmir.”

Prezident sülh və təhlükəsizliyin təmin olunması istiqamətində göstərdikləri səylərə görə Qətər, Pakistan, Oman və digər fəal ölkələrə təşəkkür edərək bildirib: “Vəhdət həftəsində və mərhəmət və mehribanlıq Peyğəmbərinin (s) mövludu münasibətilə müsəlmanlar yenidən vahid qüvvəyə çevrilməlidirlər. Çünki İslam dünyasının inkişafı, təhlükəsizliyi və izzəti müsəlmanların birliyindən asılıdır.”

Pezeşkian Qətər əmiri Şeyx Təmimi İrana səfərə dəvət edərək deyib: “Hesab edirəm ki, bu səfər bir çox qeyri-müəyyənlik və anlaşılmazlığı aradan qaldıra bilər. İran həmçinin pilotlarla bağlı göstərdiyi yardıma görə Qətərə təşəkkür edəcək.”

Sizin rəyiniz

You are replying to: .
captcha