Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ və Kanada arasında ticarət danışıqları nəticəsiz başa çatıb. Vaşinqton gecə yarısından etibarən Kanadadan idxal olunan təxminən 28 milyard dollar dəyərində məhsula 50 faizlik gömrük tarifi tətbiq edəcəyini açıqlayıb.
Məlumata görə, Kanada Baş naziri Mark Karni ABŞ-ın bu qərarının qarşısını almaq məqsədilə günlərdir davam edən intensiv danışıqların nəticə verməməsindən sonra kanadalı müzakirəçilərə danışıqlar masasını tərk edərək ölkəyə qayıtmaq barədə göstəriş verib. Bununla da yeni danışıqlar raundu dayandırılıb.
Mark Karni ABŞ-ın yeni tariflərinə münasibət bildirərkən Kanadanın cavab tədbiri görəcəyini vurğulayıb. O, ölkəsinin Vaşinqtonun tətbiq etdiyi tariflərə “dollar qarşılığında dollar” prinsipi əsasında adekvat cavab verəcəyini bildirib.
ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrier isə danışıqların bu nəticə ilə başa çatmasından təəssüfünü ifadə edib. Onun sözlərinə görə, Kanada yekun razılaşmanın əldə olunmasına çox yaxın idi və ABŞ tərəfi Ottavaya bir sıra güzəştlər və üstünlüklü şərtlər təklif etmişdi.
Qrier bildirib ki, Vaşinqton son anda razılaşmanın əldə olunması üçün əhəmiyyətli güzəştlərə getməyə hazır olub, lakin Kanada nümayəndə heyəti təklifləri qəbul etməyib və danışıqları davam etdirməkdən imtina edib.
Qeyd edək ki, ABŞ və Kanada ötən ildən etibarən genişmiqyaslı ticarət mübahisəsi yaşayırlar. ABŞ Prezidenti Donald Tramp danışıqların nəticəsindən bir neçə saat əvvəl nikbin açıqlama verərək “yaxşı razılaşmanın” əldə olunmasının çox yaxın olduğunu bildirmişdi.
Lakin Mark Karninin danışıqların dayandırılması barədə qərarı bu perspektivi aradan qaldırıb və Şimali Amerikanın iki əsas iqtisadiyyatı arasında ticarət gərginliyini daha da artırıb.
Sizin rəyiniz