Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 13n Rəcəb Bəşəriyyət Tarixində Həzrəti Muhəmməd Mustəfanın mübarək doğum tarixindən sonra ən ən vacib və əsaslı məsələlərdən biridir...
Biz ABNA Xəbər Agentliyi olaraq, redaksiyamız tərəfindən başda İmam Zaman həztərləri olmaqla, Onun Haqq Nayibi Ayətullah Xamenei həzrətlərini, Ali Təqlid Mərcələrini və bütün haqq sevər insanları səmimi qəlbdən təbrik edirik və O Dahi Şəxsiyyətin həyatının bir parçasını qısa olaraq sizlərə təqdim edirik.
İmam Əlinin (ə) doğum tarixi
İmam Əlinin (ə) doğum tarixi Amul-Fil təqvimi ilə 30-cu il, Rəcəb ayının 13-də (Miladi təqvimi ilə 17 mart 599-cu il, Məkkədə) baş verib. Şiə alimlərinin və əksər sünni alimlərinin fikrincə, onun doğum tarixi Allah Evində (Kəbədə) baş verib.
Bu hadisə yalnız O həzrətə xas olan bir məsələdir və bəşəriyyət tarixində misli görünməmiş bir hadisə olaraq o vaxtdan bəri təkrarlanmayıb.
İmam Əlinin (əleyhi səlam) Valideynləri
İmam Əlinin (əleyhi səlam) nəcib və təkAllahlı atası Həzrəti Əbu Talib ibn Əbdül Müttəlib (əleyhiməs-səlam), Həzrəti Peyğəmbərin (səlləllahu əleyhi və alih) atası Abdullah ibn Əbdül Müttəlibin (əleyhiməs səlam) doğma qardaşı və anaları Fatimə bint Əmr Məxzumidir.[1]
Həzrəti Əbu Talib (əleyhi səlam) atası Həzrəti Əbdül Müttəlibin (əleyhi səlam) vəfatından sonra Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəyyumluğunu öz üzərinə götürən və peyğəmbər olduqda ona dəstək olan şəxsdir.[2]
Həzrəti Əlinin (əleyhi səlam) nəcib və təkAllahlı Anası isə Həzrəti xanım Fatimə bint Əsəd ibn Haşim ibn Əbd Mənaf (əleyhimus səlam) idi və buna görə də İmam Əli (əleyhi səlam) və qardaşları və bacıları həm ata, həm də ana tərəfdən ilk Haşimilər idilər.[3]
Xanım Fatimə bint Əsəd (əleyha səlam) Peyğəmbərə (səlləllahu əleyhi və alih) iman gətirən və İslamı qəbul edən ilk qadınlardan biri idi. O, Məkkədə əri və ailəsi ilə birlikdə yaşadığı çətinliklərə dözdü. Peyğəmbər (səlləllahu əleyhi və alih) Mədinəyə hicrət etdikdə o da Mədinəyə hicrət etdi və bu müqəddəs şəhərdə vəfat etdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu köynəyi ilə kəfənlədi və oğlu Əli ibn Əbu Talibin (Ona Allahın salavatı və salamı olsun) Vilayətinə iqrar edib qəbul etməsini O dəyərli xanıma təlqin etdi.[4]
İmam Əlinin (əleyhi səlam) Kəbədə Doğulması
İmam Əlinin (əleyhi səlam) mübarək doğum tarixi Amul-Fil təqvimi ilə 30-cu il, Rəcəb ayının 13-də (Miladi təqvimi ilə 17 Mart 599-cu ildə) Məkkə şəhərində, Allah Evinin (Kəbənin) içərisində möcüzəvi bir şəkildə baş vermişdir. Kəbədə doğulmaq İmam Əli (əleyhi səlam) üçün xüsusi bir imtiyazdır ki hətta İslam Peyğəmbərində bu imtiyaz yoxdur və Uca Allah yalnız Onu belə bir imtiyazla şərəfləndirmişdir. Ondan əvvəl və sonra heç kimə belə bir imtiyaz nəsib olmayıb.[5]
İmam Əlinin (əleyhi səlam) dünyaya göz açması tarixi bəzi mənbələrdə belə nəql olunur:
“Bir gün Abbas bin Əbdül Müttəlib (əleyhi səlam) Kəbənin qarşısında Yezid bin Qənəb, bir qrup Bəni Haşim və bir qrup Bəni Üzza qəbiləsinin üzvləri ilə oturmuşdu. Birdən Fatimə bint Əsəd ki, doqquz ay idi ki, hamilə idi və Əlini (əleyhi səlam) bətnində həml edirdi, Kəbə Evinin həyətinə daxil oldu. Sonra Kəbənin qarşısında dayandı və səmaya baxaraq dedi:
“Ey Rəbbim! Sənə, göndərdiyin hər bir Peyğəmbərə və Rəsula, nazil etdiyin hər bir kitaba iman gətirdim və Kəbəni tikən babam Həzrət İbrahimin (əleyhissalam) sözlərini təsdiq etdim. Buna görə də Səndən bu Evin haqqına, bu Evi tikənin haqqına və bətnimdə olan - mənimlə danışan və öz danışığı ilə mənimlə yoldaş olan və əminəm ki, o, Sənin izzətinin və böyüklüyünün əlamətlərindən biridir - onun doğuşunu mənim üçün asanlaşdırmağını istəyirəm."
Abbas və Yezid ibn Qənəb dedilər ki, Fatimə bu duanı bitirəndə gördük ki, Kəbə Evinin arxa divarı çatladı. Və Fatimə (əleyha səlam) həmin boşluqdan içəri girib gözümüzün qabağından itdi, sonra divardakı yarıq Allahın izni ilə dübarə bağlandı. Biz hamımız Kəbə Evinin qapısını açmağa çalışanda nə qədər çalışsaq da, qapı açılmadı. Bu an anladıq ki, burada bir hikmət vardır. Və Bu, Allah tərəfindən baş verib. Həzrəti Fatimə (əleyha səlam) üç gün Kəbənin içində qaldı.
Məkkə əhalisi bu hadisəni küçələrdə və bazarlarda danışır, qadınlar isə bu hekayəni xatırlayar və heyrətlənərdilər.
Dördüncü gün gəldi və Kəbə Evinin divarının eyni iki yerə bölünmüş yeri yenidən iki yerə bölündü. Fatimə bint Əsəd (əleyha səlam) oğlu Əli ibn Əbu Talibi (əleyhiməs səlam) əlində tutaraq Kəbə Evindən çıxdı və buyurdu:
"Ey insanlar! Həqiqətən, Allah məni yaratdıqları arasından seçdi və məndən əvvəlki seçilmiş qadınlardan üstün qərar verdi. Çünki Uca Allah Müzahimin qızı Asiyanı seçdi və o, Allaha gizlicə elə bir yerdə ibadət etdi ki, Allaha ibadət zərurət halları istisna olmaqla, uyğun deyildi, yəni Fironun evində. Və Allah-taala İmranın qızı Məryəmi seçdi və İsanın (əleyhissalam) doğulmasını onun üçün asanlaşdırdı. Səhrada quru bir ağacı silkələdi və ağacdan onun üçün təzə rütəb-xurma tökdü. Uca Allah məni isə hər ikisindən və məndən əvvəl keçmiş bütün dünya qadınlarından fəzilətli və üstün qərar verdi. Çünki mən Onun seçilmiş Evinin ortasında bir uşaq dünyaya gətirdim və üç gün O Evdə şərəflə qaldım, cənnətin meyvələrindən və yeməklərindən yedim və çıxmaq istəyəndə, seçilmiş övladım qucağımda olanda qeybdən bir səs mənə səsləndi: Ey Fatimə! Bu nəcib uşağın adını "Əli" qoy, çünki Mən Uca Allaham və Onu Öz Qüdrətimdən, Şərəfimdən və İzzətimdən Yaratdım, Ədalətimdən ona tam pay verdim, Adını Müqəddəs Adımdan götürdüm, Onu mübarək ədəb-ərkanla tərbiyə etdim, işlərimi Ona həvalə etdim, Gizli Elmimdən Ona xəbər verdim və O, Mənim şərəfli Evimdə anadan olub, Evimdə ilk azan verən O olacaq, bütləri sındıracaq və Kəbənin zirvəsindən yerə atacaq, Məni Əzəmət, İzzət, Böyüklük və Yeganəliyim ilə xatırlayacaq və O, bütün yaratdıqlarımdan sevimli və seçilmiş olanım, elçim olan Məhəmməddən (ona və ailəsinə salavat və salam olsun) sonra imam və rəhbərdir və onun vəsisi və xəlifəsi olacaq.
Onu sevən və ona kömək edən nə bəxtiyardır, ona itaət etməyən, ona kömək etməyən və haqqını inkar edənin isə vay halına.”[6]
Sünni Mənbələrində İmam Əlinin (əleyhi səlam) Doğulması
İmam Əlinin (əleyhi səlam) Kəbədə doğulması bir çox sünni mənbələrində də açıq-aşkar səhih və doğru hədislər və tarixlərlə qeyd olunur. Şeyx Aqa Buzurq Tehrani özünün "Əz-Zəriə" kitabında Mehdi ibn Məhəmməd Təqi ibn İbrahim Nəqəvinin yazdığı "Əli və Kəbə" adlı bir kitabdan bəhs edir və sünni alimlərinin 22 kitabından istifadə edərək İmam Əlinin Kəbədə doğulduğunu sübut edir.[7]
Əllamə Əmini, İmam Əlinin (əleyhi səlam) Kəbədə doğulmasını ətraflı müzakirə etmiş və digər məsələlərlə yanaşı, tanınmış sünni alimi Hakim Nişapurinin "Müstədrək Əli Səhiheyn" kitabında dediyi kimi, belə deyir:
«وقد تواتر الاخبار أن فاطمة بنت اسد وَلدت امیرالمؤمنین علی بن ابیطالب کرّم الله وجهه فی جوف الکعبه»
"Mütəvatir Rəvayətlərdə nəql olunur ki, Fatimə bint Əsəd (əleyha səlam) Əmir əl-Möminin Əli ibn Əbi Talibi (Kərrəməllahu vəchəhu), Kəbənin daxilində dünyaya gətirib".8]
Və Gənci əş-Şafii "Kifaya" kitabında İbn Nəccarın təriqi ilə əl-Hakim ən-Nişaburidən belə nəql etdiyi rəvayətdə qeyd edir:
"Əmirəl-möminin Əli ibn Əbi Talib, Amul-Fil ilindən otuz il sonra, Rəcəb ayının on üçü, cümə gecəsi Məkkədə, Allah Evində anadan olub. Nə ondan əvvəl, nə də sonra Allahın evində ondan başqa heç kim anadan olmayıb və bu, həmin imamın böyük məqamına görə Onun üçün böyük bir kəramət və şərəf idi."
Gənci əş-Şafiinin ardınca "Tuhəfu İsna Əşariyyə" kitabının müəllifi Əbdül Əziz Dehləvinin atası, "Şah Vəliullah" kimi tanınan Əhməd bin Əbdül Rəhim Dehləvi "İzalatu əl-Xəfa" kitabında yazıb:
"Mütəvatir Rəvayətlər bildirir ki, Əsədin qızı Fatimənin Əmir əl-Möminin Əlini Kəbənin içində dünyaya gətirməsi danılmaz bir həqiqətdir. O həzrət, Amul Fil ilindən otuz il sonra, Rəcəb ayının 13-ü, cümə günü Kəbədə anadan olub və ondan əvvəl və sonra başqa heç kim Kəbədə anadan olmayıb.”
“Ruh əl-Məani” adlı təfsir kitabının müəllifi Mahmud Alusi, Əbdül Baqi Əfəndi Ömərinin "Qasidətun Ainiyya" kitabına yazdığı izahında, təqva sahiblərinin Mövlasını tərifləyən qəsidəsinin bu beytinin altında bunları yazır:
«انت العلی الذی فوق العلی رفعا، ببطن مکة عندالبیت اذ وضعا»
"Əmirin (Kərrəməllahu vəchəh) Allah Evində anadan olması dünyada məşhur bir həqiqətdir və sünni və şiə məzhəblərinin kitablarında qeyd olunur."
Hətta Alusi belə deyir: "Allah Evində Ondan-Əlidən (Kərrəməllahu vəchəh) başqa heç kim anadan olmayıb və imamlar imamının müsəlmanların qibləsi olan bir yerdə anadan olması nə qədər münasib və uyğundur." Hər bir əşyanı öz yerlərinə qoyan Allah Pak və Münəzzəhdir və O, hökm edənlərin ən gözəl və ədalətli hökmverənidir.[9]
Qeyd etmək lazımdır ki, şiələr adətən İmam Əlini "ona salam olsun" deyə çağırırlar, sünnilər isə adətən onu "Allah Onun üzünü kəramətli və şərəfli etdi" kimi çağırırlar. Hicri təqvimi ilə 908-ci ildə vəfat edən və əhli-sünnətin ən hörmətli alimlərindən biri olan və ömrünün sonuna yaxın şiə əqidəsini qəbul etmiş, məşhur filosof Cəlaləddin Məhəmməd Dəvani əksər sünni alimlərinin fikrincə bu fərqin səbəbi haqqında farsca təlif etdiyi "Nur əl-Hidayə fi İstəbat əl-Vilayət" kitabında belə yazır:
“O, anası Fatimə bint Əsədin bətnində ikən, Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fatimə bint Əsədi görəndə qeyri-ixtiyari ayağa qalxardı. Bunun səbəbi barədə ondan soruşulduqda, o belə cavab verdi: Mən onu görəndə bətnimdəki dölün hərəkət etdiyini bilirəm ki, bu hərəkətlə onun ayaq üstə durduğunu anlayıram. O (Peyğəmbər), mənim qarşımda bir tərəfdən digər tərəfə keçəndə dölün də hərəkət etdiyini bilirəm, çünki bilirəm ki, onun, hərəkət etdiyi istiqamətə dönüb.”[10]
İmam Əlinin (əleyhi səlam) Kəbə Evində doğulması ilə bağlı nasibi düşmənlərin şübhələri
Bəzi düşmənlər İmam Əlinin (əleyhi səlam) Kəbə Evində doğulmasının fəzilətini inkar etməyə çalışaraq, onun doğulduğu zaman müşriklərin Kəbə Evini bütxanaya çevirdiklərini qeyd ediblər. Və Həzrəti Əlinin bütxanada doğulduğunu deyirlər.
Lakin, Qurani Kərimdə Kəbə Evinin Allahın Evi kimi qeyd olunması nəzərə alınmaqla, düşmənlərin bu şübhəsi də doğru deyil. Belə ki, Allah Sübhanəhu Təala Həcc surəsi, Ayə 26da belə buyurur:
«وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لَا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ»
“(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün (bütlərdən) təmizlə!”.
Həmçinin, qiblənin dəyişdirilməsi ilə bağlı ayənin nazil olmasından əvvəl, Kəbənin, orada bütlərin olmasına baxmayaraq, müsəlmanların qibləsi olduğunu nəzərə alsaq, düşmənlərin bu şübhəsi etibarlı deyildir.
Mənbə:
1-Muntəhi əl-Əmal (Şeyx Abbas Qumi), cild. 1, səh. 11.
2-Qurani-Kərim ensiklopediyası, "Əbu Talib" girişi.
3-Xəsaisul-Əimmə (əleyhissalam), səh. 39.
4-Əl-İrşad, səh. 8; Biharul-Ənvar (Əllamə Məclisi), cild. 35, səh. 179; Əhli-beyt (Nuvəffiq Əbu Elm), səh. 191.
5-Əl-İrşad Mufid, səh. 8; Xəsaisul-Əimmə (əleyhissalam), səh. 39; Muntəhi əl-Əmal, cild. 1, səh. 143.
6-Muntəhi əl-Əmal, Şeyx Abbas Qumi, cild. 1, səh. 348
7-Əl-Zəriyə ilə təsanifi əl-Şiə, cild. 15, səh. 330.
8-Müstədrək, cild. 3, səh. 483.
9-Əl-Qədir, cild. 6, səh. 22.
10-Nurul-hidayə fi isbatül-vilayət, səh.52-53.
Sizin rəyiniz