22 sentyabr 2025 - 15:31
Onkoloji xəstənin vəziyyəti ağırlaşıb, məhbuslar etiraz edərək ayağa qalxdı

Başında xərçəng şişi olan ruhani iki dəfə huşunu itirdikdən sonra 17 saylı cəzaçəkmə müəssisəsinin məhbusları məsələyə müdaxilə etməli olublar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: MBH Elm və Tədris şöbəsinin Teleqram kanalının məlumatına görə, aylardır onkoloji xəstəlikdən əziyyət çəkən ruhani Ələddin İbişovun vəziyyəti kəskin ağırlaşıb. Məhbusların yardımı ilə zəruri ehtiyaclarını ödəməyə çalışan Ələddin sentyabrın 20-də şiddətli ağrılar hiss edib. Başında xərçəng şişi olan ruhani iki dəfə huşunu itirdikdən sonra 17 saylı cəzaçəkmə müəssisəsinin məhbusları məsələyə müdaxilə etməli olublar.

Həbsxana rəhbərliyi ilə görüşən inanclılar Ələddin İbişova təcili yardım göstərilməsini tələb ediblər. Müəssisə rəhbərliyi məsələni nəzarətdə saxladıqlarını bildirib və ədliyyə rəsmilərinə məlumat verəcəklərini söyləyib.

Təəssüf ki, 24 saat keçməsinə baxmayaraq Ələddinə heç bir tibbi yardım göstərilməyib. Nəticədə sentyabrın 21-də o, yenidən huşunu itirib. Bundan sonra əksər məhbuslar ayağa qalxaraq, ölüm təhlükəsi ilə üz-üzə qalan onkoloji xəstənin vəziyyətinə kəskin etirazlarını bildiriblər.

Müəssisə rəhbərliyi məsələni əlaqədar təşkilatlara çatdırdığını və Ələddinin tezliklə Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürüləcəyini açıqlayıb. Lakin məhbuslar onun artıq köçürülməyə qədər yaşaya bilməyəcəyini, başındakı şişin həyatını təhlükəyə atdığını bildirərək, tibbi mərkəzin dərhal müdaxiləsini tələb edirlər ki, Ələddin həyatının son günlərini ailəsi ilə birlikdə keçirə bilsin.

Əslən Yardımlı rayonundan olan Ələddin İbişov ruhanidir və Bakının Binə qəsəbəsində yaşayır. O, 2023-cü ilin aprelin 8-də Binə qəsəbəsində həbs edilib. Narkotik ittihamı ilə şərlənən ilahiyyatçı saxlanıldığı zaman məcburi narkotik qəbul etməyə məcbur edilib və bunu rədd etdiyinə görə amansız fiziki işgəncələrə məruz qalıb.

Şüvəlan təcridxanasında olarkən onun səhhətində problemlər əmələ gəlməyə başlayıb. Adi ağrıkəsicilərlə başlayan “müalicə” getdikcə daha da ciddi ağrılara çevrilib.

3 il azadlıqdan məhrum edilən ruhani 2024-cü ilin aprelində 17 saylı müəssisəyə köçürülüb və vəziyyəti daha da ağırlaşıb. 2024-cü ilin mayında Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən Ələddin burada müalicələr alsa da, başındakı şiş onun səhhətini sürətlə pisləşdirib. Hətta o, xəstəxanada dörd ayaqlı çəlikdən istifadə etməklə güclə yeriyə bilir.

Səhhəti ilə bağlı həbsdən vaxtından əvvəl azad olunması üçün müraciətlər isə xəstəxana onun onkoloji xəstə olduğunu təsdiqləyən epikriz vermədiyi üçün nəticəsiz qalır. Bütün problemlərin kökündə isə onun şiə ruhanisi olması səbəbindən sərt cəzaya məruz qalması dayanır.

1 il 2 ay Müalicə Mərkəzində qalan Ələddin 2025-ci ilin iyununda yenidən 17 saylı müəssisəyə qaytarılıb. Müəssisə onu 14 gün karantində saxlayaraq, sanki heç nə olmamış kimi davranmağa çalışıb. Karantində məhbusların artıq hərəkət imkanlarını itirdiyini bildirən Ələddinlə bağlı narahatlıq, müəssisə rəhbərliyinin onu 2 gündən sonra karantindən çıxarıb həbsxanaya qaytarması ilə nəticələnib.

Dəhşətli faktdır ki, döyülərək onkoloji xəstəyə çevrilən İbişov müəssisədə xüsusi diqqət görmür. Yalnız rəhbərlik onu komissiyaya salaraq həbsdən vaxtından əvvəl azad olunması ilə bağlı müsbət rəy verməklə kifayətlənib.

İki aydır ki, Ələddin İbişov məhbusların yardımı ilə gündəlik ehtiyaclarını ödəyə bilir. Müəssisə rəhbərliyinə dəfələrlə vaxtından əvvəl azad olunması ilə bağlı müraciət etsə də, cavab ala bilməyib. Son iki gündə isə ağrılar səbəbindən bir neçə dəfə huşunu itirən Ələddin hazırda ölümlə üz-üzədir. Qanunvericilik baxımından belə bir xəstənin həbsdə saxlanması mümkün deyil, lakin o, hələ də həbsxana divarları arasında ağır vəziyyətdə qalıb.

Sizin rəyiniz

You are replying to: .
captcha