3 sentyabr 2016 - 10:58
İslam Kərimov da belə yola salındı

Özbəkistan Konstitusiyasına görə, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq, Senatın sədri Niqmətulla Yuldaşev icra edəcək. Üç aydan sonra Özbəkistanada prezident seçkiləri keçirilməlidir.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Sentyabrın 3-ü səhər saat 4-dən etibarən Daşkənd sakinləri Özbəkistan prezidenti mərhum İslam Kərimovla vidalaşmaq üçün hər gün onun işə gedib-gəldiyi “prezident yolu” boyunca toplaşıblar.

Səhər saat 7.00-da matəm korteji Daşkənd hava limanına yola düşüb. Hava limanında matəm kortejini min nəfərdən artıq adamın qarşıladığı xəbər verilir. İslam Kərimovun cənazəsi ağ məxmər örtüyə və ölkənin bayrağına bürünüb.

Mərasimi desant bölüyü, dini xadimləri və Kərimovun yaxınları müşayiət edib.

Hava limanı ərazisində cənazəni hərbçilər daşıyıb və səhər saat 09:00-da Səmərqəndə yola salıb. Onu da qeyd edək ki, hazırda Səmərqənddə hava məkanı mülki reyslər üçün bağlıdır.

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov və Tacikistanın dövlət başçısı İmoməli Rəhmon dəfn mərasimində iştirak etmək üçün Özbəkistana yola düşüblər. Rusiya, Qırğızıstan və Qazaxıstan vida mərasimində baş nazirlər, Azərbaycan isə spiker səviyyəsində təmsil olunur.

Özbəkistanda üç günlük matəm elan edilib. Baş nazir Şövkət Mirziyayevin başçılığı ilə 22 nəfərlik dövlət dəfn komissiyası yaradılıb. Özbəkistan Konstitusiyasına görə, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq, Senatın sədri Niqmətulla Yuldaşev icra edəcək.

Üç aydan sonra Özbəkistanada prezident seçkiləri keçirilməlidir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır