ABNA24 Xəbər Verir, görüşdən sonra Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Sənəddə müdafiə, müdafiə sənayesi də daxil ayrı-ayrı sahələrdə əməkdaşlıq, işbirliyi və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan imzalayıb.
Dövlət başçıları sonra mətbuat nümayəndələrinin qarşısında çıxış ediblər. Prezident Əliyev öz çıxışında deyib: “İmzalanmış birgə bəyannamə, müttəfiqlik haqqında bəyannamə, əlaqələrimizi münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır”.
Əliyev həmçinin öz çıxışında bildirib ki, bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb.
Türkiyə prezidenti isə öz çıxışında bildirib ki, Qarabağ təkrar keçmiş şöhrətinə qovuşacaq.
Cənab Ərdoğan sonra bölgədə dayanıqlı inkişaf üçün İran, Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və Gürcüstanın iştirakı ilə əməkdaşlıq formatının yaranmasını vacib hesab edibdir.
O, söhbətinin sonunda ölkəsinin Ermənistanla əlaqələri normallaşdırmağa da hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
342/