Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : "Eastnews"
şənbə

3 noyabr 2018

10:50:31
915181

Araşdırma

"Boko Haram" təhlükəsi və şiələrin repressiyalara məruz qaldığı ölkə: Nigeriya - Araşdırma

Afrikada bir çox ölkədə şiddətin və qanın dayanmadığı vəziyyətdə belə bu günə qədər heç bir qanlı hadisə törətməyən və dövlətə qarşı hansısa addım atmayan “İslam Hərəkatı” Nigeriyanın orta şimal bölgəsində olduqca fəaldır.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi: Afrikada ən çox insanın yaşadığı ölkə olan Nigeriya, həm də əhalisinin sayına görə dünyada 7-ci yerdədir.

Bu gün Nigeriyada “Boko Haram” terrorçu qruplaşmasının fəaliyyəti, son günlərdə ölkədə yaşayan şiə müsəlmanlarına qarşı hökumətin repressiya siyasəti aparması bu ölkə haqqında araşdırma yazısı təqdim etməyimizə səbəb oldu:

 

Tarixi

Nigeriyanın tarixi ərəb mənbələrinə əsasən 9 əsrdən hesablanır. Əvvəllər bu ərazilərdə Konem-Boru, Yeddi Hausa və Yarub adlı müxtəlif dövlətlər ard-arda hakimiyyət qurublar. Lakin 14-cü əsrdən etibarən bölgədə İslam dininin yayılmasından sonra sözügedən dövlətlər süquta uğrayıblar. Nigeriyanın əsasən şimalı tamamilə İslam dinini qəbul etmiş, cənubda yaşayanlar isə ərəblərin hegemonluğunu qəbul ediblər.

Nigeriyaya ilk olaraq 15-ci əsrdə Avropa müstəmləkəçiliyini portuqallar və ingilislər gətiriblər. Avropalılar Nigeriyadan əsas qul ticarəti mərkəzi olaraq istifadə edərək “Atlantik qul ticarəti”ni başladıblar. 350 il davam edən qul ticarəti nəticəsində 20 milyon nigeriyalının satıldığı təxmin edilir.

Böyük Britaniya 19-cu əsrin əvvəllərindən başlayaraq Nigeriyaya müdaxilə etməyə başladı və ilk olaraq 1861-ci ildə Laqos şəhərinə ingilis koloniyaları daxil oldu. 1885-ci ildə Ginə Körfəzi də ingilislərin nəzarətinə keçdi.

Böyük Britaniya bundan sonra Nigeriyanı iki hissəyə ayıraraq qubernator təyin etməklə ölkəyə nəzarət etməyə davam etdi.

Birinci dünya müharibəsindən sonra başlayan millətçilik hərəkatları nigeriyalılar arasında da xaricilərə qarşı üsyan etmək və müstəqil olmaq düşüncəsini formalaşdırdı.

1950-ci ildə Nigeriyada yeni Federal sistem quruldu. Belə ki, mərkəzi rəhbərlik idarəçiliyi arasında 3 ayrı bölgənin məclisi yaradıldı və bu məclislər mərkəzi hökumətə tabe edildilər.

1954-cü ildə qəbul olunan konstitusiya şimal, qərb və şərq bölgələrini mərkəzi hökumətə bağlanmasını qanuniləşdirdi. İngilislər rəhbərliyə gələn şəxsin onların maraqlarını qoruyan birisi olmağını istəyirdilər.

Ölkədə 3 böyük siyasi partiya quruldu və 1959-cu ildə seçkilər keçirildi. Seçkilərdə şimal bölgəsini təmsil edən “Nigeriya Xalqları Konqresi” partiyası qalib gəldi və partiya lideri Əbubəkr Tafava Baleva baş nazir oldu.

Müsəlmanların çoxluqda olduğu şimal bölgəsi hakimiyyətə gəldiyi üçün 1960-cı ildə müstəqilliklərini elan etdilər. 1963-cü ildə Respublika elan edilən Nigeriyada 2 il sonra yenidən seçkilər keçirildi. Lakin bundan sonra ölkədə qarışıqlıqlar başladı.

30 may 1967-ci ildə şərq bölgəsi “Biafra Respublikası” adı ilə istefa versə də Nigeriya hökuməti xarici müttəfiqləri hesabına üsyanı yatırda bildi. Lakin vətəndaş müharibəsi 30 aydan çox davam etdi və 20-ci əsrin ən qanlı qarşıdurmalarından biri oldu. Biafra bölgəsində qarşıdurmalardan geriyə qalan sadəcə minlərlə ölü və bir çox xaraba qalmış bina idi.

1970-ci ildən sonra hadisələr səngidi və kəşf olunan neft yataqları Nigeriyanın həyatını dəyişdirdi. 1975-ci ildə general Məhəmməd hərbi çevriliş ilə hakimiyyətə gəldi.

Çox keçmədən 1976-cı ildə yenidən hərbi çevrilişə cəhd olunsa da öz nəticəsini ala bilmədi. Lakin hadisələr zamanı general Məhəmməd də öldürüldü. General Məhəmməd öldürüldükdən sonra onun yerinə köməkçisi general Olesequn Obasanjo keçdi.

Bir müddət sonra isə general İbrahim Babangidə dövlət başçısı təyin olundu və ölkədə hərbi rejim quruldu.

4 iyul 1992-ci ildə yenidən seçkilər keçirilməsi qərarlaşdırıldı. Bir neçə il ard-arda demokratik idarəçiliyə keçirilməsinə cəhd olunsa da bu sadəcə 1999-cu ildə baş verdi.

Bu dövrdə ölkədəki fərqli dini və etnik qruplar arasında qarşıdurmalar başladı və ölkədə gərginliklər daha da artdı. Bu qrupların mübarizəsi səbəbi ilə Nigeriyada son illərdə minlərlə insan dünyasını dəyişdi. Bəzi bölgələrdə radikallıqlar səbəbi ilə ölümlər daha da artdı.

Ölkənin şimalında hazırda müsəlmanlar, cənubunda isə xristianlar yaşayır.

2002-ci ildə bu günə qədər şimal bölgələrində hökumət qüvvələri “Boko Haram” terrorçu qruplaşması ilə mübarizə aparır.

 

Coğrafiyası

Nigeriya şərqdən Kamerun, şimal-qərbindən Çad, şimalında Niger və qərbdən Benin dövlətləri ilə sərhədlənir. Cənubundan Qana körfəzi vasitəsi ilə Atlantik okeanına çıxışı var.

Nigeriya əsas dörd coğrafi bölgəyə ayrılır: Sahildəki mangrovlı bataqlıq bölgəsi, tropik meşə bölgəsi, savanna bölgəsi və şimalındakı yarımçöl bölgə.

Təxminən 100 km-ə qədər daxili bölgəyə girən sahil bölgəsi, demək olar ki, 36.000 km² lik geniş ərazidə manqrov ağacları ilə dolu bataqlıqlara sahibdir. Bundan əlavə bölgədə yüzlərlə çay və çay qolları mövcuddur.

Nigeriya torpaqları sahillərdən tədricən kəsilmiş və dağlıq ərazilərdə qırılmış, ekvatorial meşəlik əraziylə örtülüb. Ölkənin ikinci meşəlik hissəsi savanna bölgəsidir.

Ölkəni başdan-başa qət edən qərb bölgəsi dağlıq ərazidədir. Bu yüksək dağlar arasında Adamava dağları təxminən 80 km uzunluğundadır. Ölkənin ən yüksək yeri, yenə bu dağlar üzərindəki Dimlanq Təpəsi olmaqdadır, təqribən 2042 metrdir.

Ölkənin cənub-şərqini isə Kamerun dağlarının qərb yamacları örtür və bütün cənub-şərq sərhədi boyunca uzanır. Bu dağlar, ortalama 1.5 km yüksəkliyində olub, bəzi yerləri 2 km-ə qədər yüksəlir. Şimali Nigeriya isə nisbətən yarımçöl olub Büyük Səhra Çölünün cənuba doğru bir davamı şəklindədir.

 

Demorafik quruluş, dil və din

2017-ci ilin statistik məlumatlarına əsasən, Nigeriyada 190,886,311 nəfər insan yaşayır. Bu rəqəmin Afrika qitəsində ən böyük göstərici olduğu vurğulanır.

Ölkədə 421 dil var və bu dillərdən sadəcə 410-dan istifadə olunur. Ölkədə yaşayan insanların 20 faizi yorubalar, 15.8 faizi ibolar, 14.8 faizi pöllər və 38 faizi isə digər Afrika qəbilələrinin nümayəndələridir.

Bundan əlavə İslam dininə 43.6 faiz, Xristian dininə 50.1 nəfər inanır. Yerdə qalan insanlar isə müxtəlif inanclara sahibdirlər.

 

İqtisadiyyatı

Neft zəngini olan Nigeriya sabitsizlik, korrupsiya və rüşvətxorluq səbəbi ilə daima problemlər yaşayıb. Lakin 2008-ci ildən etibarən ölkədə iqtisadi islahatlar tətbiq olunur. Hərbi rejimlər ölkənin neft bağlılğını azalda bilməsə də daha sonra nisbətən müsbət addımlar atıldı. Buna baxmayaraq ölkənin xarici ticarət qazancının 95 faizini və gəlirlərinin 80 faizini yenə neft təşkil edir.

2000-ci ilin avqust ayında Beynəlxalq Valyuta Fondu ilə imzalanan razılaşmaya görə, Nigeriya BVF-dən 1 milyard dollarlıq kredit aldı. Bu tarixdə borcları yenidən qaytarmaq üçün Paris İqtisadi Klubu ilə də razılaşan Nigeriya çətinliklər çəkdi. Üzərinə düşən öhdəlikləri ödəyə bilmədiyi üçün Nigeriya 2002-ci ildə BVF-dən çəkildi.

Bundan əlavə Paris İqtisadi Klubu borcların 18 milyard dollardan 12 milyardını ödəmək barədə razılığa gəldi. 2008-ci ildən etibarən BVF tərəfindən hazırlanan iqtisadi islahatlara start verildi. Neft sahəsindən kənardakı sektorlardakı böyümə və neft qiymətlərinin artması dövlət büdcəsinin sürətlə yüksəlməsinə səbəb oldu.

Prezident Conatan təcrübəli şəxslərdən ibarət iqtisadi komanda qurdu və şəffaflıq, iqtisadi böyümədə çeşitlilik, vergi düzəlişlərinin başdan ayağa ələ alınması kimi mövzularda addımlar atdı.

Ölkədə iqtisadi böyümənin qarşısındakı əngəllər isə kadrların az olması və islahatların yavaş tətbiq edilməsi idi. Bundan əlavə Nigeriya iqtisadiyyatı həm də əkinçiliyə əsaslanır. Yer fındığı, pambıq, palma ağacları, tərəvəz və meyvə növləri, kakao, kauçuk, taxıl məhsulları, xurma və fındıq yağı, taxta-şalban bol miqdarda istehsal edilir. Kakao və kauçuk istehsalında dünyanın altıncı ölkəsidir. Ölkə torpaqlarının 25% -i əkinə yararlıdır.

İxracatını daha çox İngiltərə, Almaniya və Yaponiyaya edir. ABŞ, Almaniya ve Hollandiyadan isə müxtəlif avadanlıq, dərman və elektron məhsullar idxal etməkdədir. Adam başına düşən milli gəlir 370 dollardır. Mövcud çay sularından su stansiyaları qurmaqla elektrik energisi istehsal edilməkdədir. Bunlardan ən böyüyü Kainiji su anbarıdır.

 

“Boko Haram” terrorçularının ölkədəki fəaliyyəti

Ölkənin şimalında daha çox fəaliyyət göstərən “Boko Haram” terrorçu qruplaşması xüsusilə son illərdə hücumları daha da artırıb.

Adı dilimizə tərcümədə “təhsil haramdır” mənasına gələn terrorçu qruplaşma özünü 2003-cü ildə tanıtmağa başladı. İlk hücumunu 2004-cü ildə reallaşdıran terrorçu qruplaşmanın mərkəzi Nigeriyanın şimal-şərqindəki Maiduquri bölgəsidir.

Xanım üzvlərinin əksəriyyəti qara və ya qırmızı niqab taxan terrorçu qruplaşma özünə Əfqanıstandakı “Taliban” terrorçu təşkilatını nümunə götürür. Şəriətin idarəçilik olaraq tətbiq olunmasını istəyən “Boko Haram” müsəlman və xristian fərq qoymadan ideologiyasını rədd edən bütün insanları “xəyanətkar” elan edir və vəhşicəsinə öldürür.

“Boko Haram” ən böyük terror aktını 2012-ci ildə törədib. Terror aktı nəticəsində Kano şəhərində 186 nəfər öldü. 2013-cü ilin aprel ayında “Youtube” video paylaşım portalında qruplaşmanın lideri olduğunu söyləyən Əbubəkr Şaqau hökuməti 3 ay ərzində devirməyi və Prezident Qudlak Conatanı məhv edəcəyini iddia edirdi.

Əbubəkr Şaqaunun hazırda yaşadığı və terrorçu qruplaşmaya liderlik etdiyi vurğulanır.

 

Hökumətin şiələr əleyhinə apardığı repressiya siyasəti və qətliamlar

Nigeriyada şiəlik 1980-cı illərdə fəaliyyətə başlayan və lideri Şeyx İbrahim Zəkzəki liderliyindəki “İslam Hərəkatı” ilə daha da güclənib. Şeyx İbrahim Zəkzəki bu ölkədə şiəliyin yayılmasında və Əhlibeyt (ə) məktəbinin təbliğində böyük işlər görüb. Təxminən 30 ildir fəaliyyətini davam etdirən “İslam Hərəkatı” 15 milyona yaxın insanın Əhlibeyt (ə) məktəbi ilə tanış olmasına səbəb oldu.

Afrikada bir çox ölkədə şiddətin və qanın dayanmadığı vəziyyətdə belə bu günə qədər heç bir qanlı hadisə törətməyən və dövlətə qarşı hansısa addım atmayan “İslam Hərəkatı” Nigeriyanın orta şimal bölgəsində olduqca fəaldır.

İllərdir milyonlarla müsəlmanın Əhlibeyt (ə) məktəbinə qazandırılmasında xüsusi əməyi olan bu təşkilat təəssüf ki sələfi və vəhhabi təkfirçi düşüncəli ərəb dövlətlərinin və ən əsas da Səudiyyə Ərəbistanının da diqqətini çəkə bilib.

Səudiyyə Ərəbistanının mövcud Nigeriya hökumətinə təzyiqlər etdiyi də bir neçə dəfə mətbuatda işıqlandırılıb.

Bu günə qədər ölkədə minlərlə insanı öldürən “Boko Haram” terrorçu qruplaşmasına qarşı ciddi addım atmayan Nigeriya ordusu şiələrə qarşı bir neçə dəfə qətliam reallaşdırıb.

2015-ci ilin 13 dekabr tarixində ordu Kaduna vilayətində yerləşən Zariya şəhərində Məhərrəm ayında əzadarlıq mərasimi keçirən şiə müsəlmanlarına hücum etdi.

“Human Rights Watch” təşkilatı bəyanat yayaraq bildirirdi ki, ordunun hücumları zamanı azı 300 nəfər həlak olub.

Lakin bəzi təşkilatlar bu rəqəmin 500 olduğunu iddia edirdilər. Hadisələr zamanı 3 oğlu öldürülən “İslam Hərəkatı” lideri Şeyx İbrahim Zəkzəki də yaralı şəkildə xanımı ilə birgə saxlanıldı.

Hadisə baş verdikdən sonra İran İslam Respublikası hökumətin repressiyaları və hücumları dayandırmasını istədi. Nigeriya ordusunun rəsmisi, general-leytenant Rabe Əbubəkr BBC-yə açıqlamasında ordunun heç kimi öldürmədiyini iddia etdi. Lakin “Human Rights Watch” daha bir bəyanat yayaraq baş verən hadisələri qətliam olaraq xarakterizə etdi.

“Təcili olaraq qətliamlarda iştirak edən ordu mənsubları mühakimə olunmalıdırlar. Şeyx Zəkzəkiyə qarşı da ədalətli davranılmalı və hüquqları pozulmamalıdır”, deyə bəyanatda qeyd olunurdu.

Hadisələrdən 3 il sonra, yəni bu ilin Ərbəin günü Nigeriya ordusu paytaxt Abucada Ərbəin mərasimi keçirən şiələrə hücum edib. Hücum zamanı 37 nəfər öldürülüb, 300 nəfər həbs olunub.

Nigeriyalı şiələr artıq 3 ildir ki, dəfələrlə etiraz aksiyaları keçirərək həbs olunanların azadlıqlarını tələb edirlər. lakin nə ölkə rəhbərliyi, nə də dünya mediası onların səsini eşitmək istəmir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır