Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Deyerler
cümə axşamı

30 iyun 2016

19:17:40
763350

Araşdırma

Qərb parçalanır, Rusiya-Türkiyə yaxınlaşır, Yaxın Şərq böhranı bitmir...Dünya düzəni kimin xeyrinə dəyişir?- Politoloq rəyləri

Ümumi olaraq demək olar ki, dünyada baş verən proseslər dünyanı ağuşuna alan hiper informasiyanın gətirdiyi nəticələrdir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son bir neçə həftə ərzində dünyada çox ciddi proseslər baş verir. İngiltərənin Qərb İttifaqından çıxması və bunun dünya iqtisadiyyatına qoyduğu təsir kifayət qədər ciddi oldu. Eyni zamanda Türkiyə prezidentinin Rusiya prezidentindən üzr istəməsi və iki ölkə arasındakı proseslərin inkişaf mərhələsinə daxil olması da müzakirə olunan əsas mövzulardan oldu. Baş verən terror hadisələri də proseslərin gərginliyini kifayət qədər artıra bildi.

Politoloq Fikrət Sadıqov Deyerler.org-la fikirərini bölüşərkən deyib ki, dünyada baş verən proseslərin əsas səbəbi aparıcı dövlətlərinin öz maraqlarına uyğun siyasət aparmaları ilə bağlıdır: “Bu gün dünyada mərkəzdən qaçma prosesləri gedir. Bir sıra dövlətlər mərkəzdən uzaqlaşmaq fikrindədirlər. İngiltərə bariz nümunədir və bir sıra dövlətlərin də bu cür niyyətlərinin olmasını uzaq ehtimal deyil. Biz “ərəb baharı”ı dövrünü də yaşadıq və gördük ki, nələr baş verdi. Miqrant böhranının, terrorun baş qaldırması və s. Bu proseslər dünyanın geosiyasi durumuna təsir göstərməyə bilməzdi. Biz hətta Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsini müşahidə etdik. Bu da faktiki olaraq vurulan təyyarənin nəticəsi idi. Yaxın Şərqdə baş verən hadisələr bu iki dövlət arasında da gərginlik yaşanmasına səbəb olmuşdu. Burada ilk növbədə aparcı dövlətlərin maraqları və bəzən onların düzgün siyasət aparmamasının fəsadlarını görürük. Bu cür güc mərkəzlərinin Yaxın Şərqdə dağıdıcı bir siyasət apardıqlarını müşahidə etdik. Əslində Əl Qaidə, İŞİD, Nusra və s. kimi terror qruplaşmaları bu güc mərkəzlərinin əməllərinin nəticəsi idi. Nəhayət biz müşahidə edirik ki, proseslər çox ciddi xarakter daşımağa başlayıb. Türkiyə daxilində baş verən proseslər dә məhz bu kimi amillərin acı nəticəsidir. Düşünürəm ki, dünyada baş verən proseslərin əsas səbəbi aparıcı dövlətlərinin öz maraqlarına uyğun siyasət aparmaları ilə bağlıdır. Hətta son vaxtlar bu cür güc mərkəzləri atdıqları addımların səhv olduqlarını da etiraf edirlər. Bunlardan biri kimi, Liviya ilə bağlı edilən tarixi etirafı qeyd etmək olar. ABŞ rəhbərliyi Liviyada hərbi əməliyyatların keçirlməsinin düzgün olmadığını bu günlərdə etiraf etmişdi. Yəni ümumi olaraq bu cür düşünülməmiş addımlar bu gün dünyanı xaosa sürükləyir”.

Politoloq Hikmət Hacızadə Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, dünyada baş verən proseslər dünyanı ağuşuna alan hiper informasiyanın gətirdiyi nəticələrdir: “Dünyada baş verən bu xaotik proseslərin əsas qaynağını hələ heç kəs aça bilməyib. Amma bu gün dünyanın geosiyasi durumunda bir gərginləşmə var. Sirr deyil ki, dünyada çox ciddi gizli proseslər gedir. Bu gün kölə xalqların oyanması baş verir. Uzun zaman savadsız bir kütlə kimi idarə olunan xalqlar bu gün öz haqlarını tələb etmək üçün ayağa qalxmağa başlayıb. Təbii ki, bu kütlə bəzən sivil yolla deyil, öz gücləri çatan yolla haq tələb etməyə üstünlük verir. Bu da dünyada çox pis nəticələr verir. Dünyada savadlı kəsim hiper informasiyalar ağuşundadır. Onlar hiper informasiyaların gəlməsindən çıxan nəticələrlə bacara bilmirlər. Bu da digər tərəfdən dünyada gedən proseslərin düzənini pozur. Ümumi olaraq demək olar ki, dünyada baş verən proseslər dünyanı ağuşuna alan hiper informasiyanın gətirdiyi nəticələrdir”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır