Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : islamazeri
şənbə

7 may 2016

04:11:30
752506

Müsahibə

Hakim Əlizadə, Əhməd Davutoğlunun vəzifəsindən kənarlaşdırılmasının əsas səbəbini açıqladı

Dr.H. Əlizadə: Bir yanda illərcə partiyada zəhmət çəkmiş və Ərdoğanla çiyin-çiyinə mübarizə aparmış, ona qeydsiz tabe olan funksiyonerlər; digər tərəfdə Amerika və Avropada yüksək ali təhsil görmüş akademik kimliyə sahib partiyaya inteqrasiya etmiş “Davudoğlunun yetirmələri” var...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bildiyimiz kimi 5 may tarixində Türkiyənin baş naziri Əhməd Davutoğlu sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) baş qərargahında mətbuat konfransı keçirərək baş nazir postundan istefa verəcəyini söylədi. Bundan başqa baş nazir May ayının 22-də partiyanın növbədənkənar qurultayının keçiriləcəyini və mövcud şəraitdə sədrliyə namizəd olmayacağını da bildirdi.

Görünən mənzərə odur ki, AK Partiya tarixində ən çox seçici səsini (49,5%) toplayaraq baş nazir postuna seçilən Davutoğlu prezident Ərdoğanla yola getməyərək cəmi 6 ay sonra vəzifədən getmək məcburiyyətində qalmışdır.

Bütün bu hadisələrlə bağlı İslamazeri.az İnternet Qəzeti Ankarada ictimai-elmi və siyasi fəaliyyət göstərən, eyni zamanda Davutoğlunun qurucusu olduğu Bilim və Sənət, eləcə də SETA Vəqfində çalışmış həmyerlimiz Dr.Hakim Əlizadənin məsələyə münasibətini öyrəndik. Onu da qeyd edək ki, Hakim Əlizadə bir müddət Əhməd Davutoğlunun xarici siyasət üzrə yaxın komandasıyla çalımış, Rusiya və Qafqaz regionu üzrə ekspertlərdən olmuşdur. Hal-hazırda da Qlobal Düşüncə və Araşdırmalar Mərkəzini idarə etməklə yanaşı, Türkiyə Böyük Millət Məclisində Rusiya və Qafqaz regionu üzrə qeyri-rəsmi müşaviridir.

Hakim Əlizadənin fikrincə, Əhməd Davutoğlunun seçkilərdə uğur qazanmasına baxmayaraq vəzifəsindən kənarlaşdırılmasının bir neçə əsas səbəbi vardır.

Bunlardan birincisi, Ərdoğan-Davutoğlu qarşıdurması və ya bu iki siyasətçi arasında anlaşılmamazlıqdan daha çox hər iki liderin komandaları arasında ciddi və sərt bir rəqabətin olması. Bir yanda illərcə partiyada zəhmət çəkmiş və Ərdoğanla çiyin-çiyinə mübarizə aparmış, ona qeydsiz-şərtsiz tabe olan, onun bir dediyini iki etməyən funksiyonerlər; digər tərəfdə Amerika və Avropada yüksək ali təhsil görmüş əsas etibariylə akademik kimliyə, yüksək intelektual və potensiala sahib, eləcə də daha sonralar partiyaya inteqrasiya etmiş “Hocanın yetirmələri”. Bu iki qrup arasında partiya və eləcə də siyasi arenada söz sahibi olmaq mövzusundakı sərt rəqabət hələlik birincilərin qələbəsiylə bitti.

İkinci səbəb, prezidentli üsul-idarə sistemi istəyən Ərdoğanla mövcud yəni, parlamentli respublika idarəçilik sisteminin hələ bir müddət davam etməsini istəyən Davutoğlu arasındakı kəskin fərq. Ərdoğan parlamentar sistemdən prezidentlik üsul-darəsinə keçidi reallaşdırmaq istərkən yaxınında sadəcə onun plan və əmrlərini yerinə yetirən “icraçı baş nazir”in olması arzusundadır. Bunun əksinə özünəməxsus siyasi məntiq nəzəriyyəsi və strategiyası olan, həmçinin illərcə bu istiqamətdə kadrlar hazırlamış Davutoğlu baş nazir ikən öz plan və nəzəriyyələrini reallaşdırmaq arzusundaydı. Nəticədə bu iki arzu arasındakı fərq baş naziri vəzifəsindən etdi. Bir məqamı da qeyd edək ki, Davutoğlunun güclü sosial dəstəyi olmasa da ictimai-siyasi prosesləri yönləndirən və təsir imkanlarına malik güclü kadrları var.

Üçüncüsü, beynəlxalq konjektura. Sirr deyil ki, Ak Partiya iqtidara gəldiyi gündən ABŞ-la sıx strateji əlaqələrə malikdir. Partiya Amerikanın bölgədəki geosiyasi, hərbi-iqtisadi planlarında yaxından yer alıb bugünə qədər siyasi iqtidarını qoruyub saxlaya bilib. Ancaq son zamanlar Davutoğlu ABŞ-ın da regionda geosiyasi və iqtisadi rəqibi olan Avropa İttifaqıyla sıx əlaqələr qurdu. Xüsusilə də Almaniya ilə...
Bu Ərdoğan və ərdoğançılarla yanaşı, Amerikayla dərin əlaqələri olan ordunu da narahat etməyə bilməzdi. Türkiyə siyasi elitası Amerikanı qəzəbləndirməmək üçün baş nazirini fəda etdi. Bu, bəlkə də beynəlxalq münasibətlər üzrə professor olan Davutoğlunun canalıcı xətasıydı.

Partiyanın yeni sədri və baş nazir kim olacaq sualımıza Dr.Hakim Əlizadə belə cavab verdi:
- Partiya daxilində və mediada bir neçə şəxsin adı çəkilsə də Ərdoğanın qərarı həlledici olacaq. 3 əsas namizəd var. Bunlara “üç B” deyirlər: Bərat Albayrak, Binali Yıldırım və Bekir Bozdağ. Prezident istər bu 3 nazir arasından, istərsə də başqa bir şəxsi partiyaya namizəd göstərsə də əsas olan xüsusiyyət bu şəxsin iddiasız, Ərdoğana sözsüz bağlı və onunla koordinatlı çalışan birinin olmasıdır.
22 maydan sonra Əhməd Davutoğlu nə edəcək? Aktiv siyasətə qoşulma ehtimalı varmı və ya müxalif düşərgəyə keçə bilərmi?

Hakim Əlizadə Davutoğlunun iddialı akademik siyasətçi olduğunu bildirərək "Akademik siyasətçidir amma iddialarına baxmayaraq öz siyasi nəzəriyyəsini tam həyata keçirə bilmədi. Aktiv siyasətdə qalacağını özü də vurğuladı. Belə bir ehtimal da var ki, onu yenidən xarici işlər nazirliyinə təyin etsinlər. Müxalif düşərgəyə keçməsə də partiya daxili müxaliflərdəndir. Xatırladaq ki, Abdullah Gül, Bülənt Arınç, Hüseyin Çelik kimi partiya daxili müxaliflər ordusu var.”, - deyə qeyd edib.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır