Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Strateq
cümə axşamı

5 may 2016

07:32:02
752158

Azərbaycan

"Türkiyəyə bağladığımız ümidlər çox vaxt özünü doğrultmayıb"

“Rusiyayla razılaşıb KTMT-yə, Avrasiya İttifaqına, Gömrük Birliyinə qoşulmalıyıq”

Rusiya bizim Baş Qərargah rəisini Moskvaya dəvət edirsə, deməli, çox yüksək səviyyədə təzyiqdən söhbət gedir. Əlbəttə, Baş Qərargah rəisi Moskvaya Ali Baş Komandanın razılığı ilə gedib və atəşi dayandırmaq barədə sənədə imza atıb. Uzaqdan insana döyüş, müharibə asan görünür. Kifayət qədər informasiyaya sahib olmayan insanlar üçün bu hal normaldır. Amma onlar da qəbul etməlidirlər ki, müharibə aparmağa qərar verən şəxslər daha artıq məlumata sahibdirlər. Müharibələr sırf müharibə etmək, populizm xətrinə aparılmır. Müharibə aparan tərəfin yeganə hədəfi qələbə qazanmaq olmalıdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son zamanlar cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsi hər bir vətəndaşı narahat edir. Azərbaycan 22 ildən sonra yenidən başlayan bu döyüşlərdə revanşını ala biləcəkmi? Müharibədə rus izi varmi və bu, tərəflərə nə qazandıracaq? Beynəlxalq qurumlar tərəfdən təqdim olunan sülh sazişləri milli maraqlarımıza nə qədər cavab verir?

BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə söhbətimiz də bu suallar ətrafında oldu. Deputatın müsahibəsinin sonuncu bölümünü təqdim edirik:


– Qüdrət bəy, situasiya bu qədər bizim xeyrimizə ikən, o zaman niyə 3 günlük müharibəni qələbəyə qədər davam etdirmədik?

– Rusiya faktoruna görə…

– Yəni deyirsiniz ki, davam etdirə bilməzdik?

– Etdirə bilərdik. Amma bu, çox riskli olardı. Rusiya bizim Baş Qərargah rəisini Moskvaya dəvət edirsə, deməli, çox yüksək səviyyədə təzyiqdən söhbət gedir. Əlbəttə, Baş Qərargah rəisi Moskvaya Ali Baş Komandanın razılığı ilə gedib və atəşi dayandırmaq barədə sənədə imza atıb. Uzaqdan insana döyüş, müharibə asan görünür. Kifayət qədər informasiyaya sahib olmayan insanlar üçün bu hal normaldır. Amma onlar da qəbul etməlidirlər ki, müharibə aparmağa qərar verən şəxslər daha artıq məlumata sahibdirlər. Müharibələr sırf müharibə etmək, populizm xətrinə aparılmır. Müharibə aparan tərəfin yeganə hədəfi qələbə qazanmaq olmalıdır. Özü də bu qələbə daha az itkiylə nəticələnərsə, məqsədə çatmış sayılır. Tarixdə “Pirr qələbələri” deyilən bir anlayış var. Daha çox itkiylə əldə edilən qələbə məğlubiyyətdən başqa bir şey deyil. Azərbaycan Rusiyanın iradəsilə razılaşmasa, qələbə qazanacağı təqdirdə belə, hansı itkilərlə üzləşəcəyini də hesaba qatmalıdır. Mən həmişə çıxışlarımda Rusiya ilə bu məsələdə dil tapmağı məsləhət bilmişəm. Bu gün istəsək də, istəməsək də, regiona Rusiya nəzarət edir. Onun razılığı olmadan qazanılacaq qələbənin nəylə nəticələnəcəyini təxmin etmək çətindir. İrəli sürdüyüm bu fikirlər bəzən müəyyən çevrələrdə narazılıqla qarşılanır. Ünvanıma ağır ittihamlar irəli sürənlər də tapılır. Olsun. Mən bu ittihamları normal qəbul edirəm. Biz plüralist bir cəmiyyətdə yaşayırıq. Hər kəs öz fikrini ifadə etmək azadlığına malikdir. Amma heç kim fikirlərini populist ruhlu insanlara xoş gəlsin deyə söyləməməli, taleyüklü məsələlərdə dövlətimizin mübahisəli addım atmasını arzulamamalıdır. Ümumiyyətlə, elə məsələlər var ki, orda müxalifət, iqtidar ayrımı yoxdur. Heç kim bu kimi məsələləri öz siyasi mübarizə predmetinə çevirməməlidir. Torpaq bütünlüyümüz uğrunda verilən mübarizə də belə məsələlərdəndir. Etiraf etməliyik ki, bəzi məsələlərin həlli təkcə bizim iradəmizdən asılı deyil. Biz bu cür qloballaşmış məsələlərin həllində regionda təsir gücü böyük olan qüvvələrin də mövqeyini nəzərə almalı və onu öz xeyrimizə dəyişdirdikdən sonra əməliyyatlara başlamalı, ya da onu davam etdirməliyik. Mən hər zaman düşünmüşəm ki, bu münaqişədə əsas tərəf Rusiyadır və biz Ermənistanı deyil, Rusiyanı tərəf-müqabili kimi qəbul etməliyik. Ən azı ona görə ki, Ermənistana güzəştə getsək, gərək torpağımızdan, Rusiyaya güzəştə getsək isə gərək onun ölkəmizdəki maraqlarından geri çəkilək. Söhbət burada Rusiyanın Azərbaycan üzərində maraqlarının təmin olunmasından gedir. Məsələn, əvvəl Rusiyanın Qəbələdə hərbi bazası var idi. Bu bizim suverenliyimizə nə dərəcədə təhlükə yaradırdı? Yaxud Azərbaycan 1994-99-cu illərdə Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü oldu. Bu üzvlük suverenliyimizi nə dərəcədə məhdudlaşdırmışdı? Ona görə də deyirəm ki, biz ruslarla Qarabağ məsələsində razılaşıb yenidən KTM-nə də, Avrasiya İqtisadi İttifaqına da, Gömrük İttifaqına da qoşula bilərik. Əgər suverenliyimizə zərər vurmayan rus hərbi bazalarının Azərbaycanda yerləşməsiylə də razılaşmaq olar və s. Yeganə razılaşa bilməyəcəyimiz məqam dövlət sərhədlərinin birgə qorunmasıdır ki, bu, artıq suverenliyin itirilməsi deməkdir. Yalnız bu istisna olmaq şərtiylə, Rusiyayla müxtəlif ittifaqlara girməkdən çəkinməmək lazımdır. Mən burda qorxulu heç nə görmürəm. Əksinə, bu cür ittifaqlar Azərbaycanı xarici təhlükələrdən sığortalaya, bəzi hədəflərinin reallaşmasını asanlaşıdıra bilər. Məsələn, Qazaxıstanı götürək. Bu ölkə KTM-nin üzvüdür. O, bu üzvlüklə hansı suverenliyini itirib ki, biz də Qazaxıstanın gününə düşməkdən çəkinirik? Yaxud biz KTM-nin üzvü olmayıb, hansı üstünlüklər qazanmışıq? Biz 1994-99-cu illərdəki kimi, KTM-ə üzvlüyümüzü davam etdirsəydik, Ermənistanla münaqişədə Rusiyadan çəkinməyimiz və asılılığımız indiki səviyyədə olmayacaqdı. Rəsmilərimiz hazırda ondan çəkinir ki, Qarabağda ağır məğlubiyyətə məruz qalan düşmənlərimiz Ermənistan-Azərbaycan sərhədlərində stabilliyi poza və münaqişəni dövlətlərarası müstəviyə çəkə bilər. Bununla da, Ermənistanla bərabər KTM-nin üzvü olan Rusiyanın münaqişəyə müdaxilə etmək haqqı doğar…

-Həqiqətən də son zamanlar ermənilərin buna cəhd etdiyi müşahidə edilir…

-Bəli. Ona görə də deyirəm ki, biz Rusiyayla açıq danışıqlara getməliyik. Deməliyik ki, sənin Cənubi Qafqazda marağın nədir və biz bunun hansılarını təmin edə bilərik. Rusiya da bu sövdələşmələrdə bizimlə razılaşar. Çünki Ermənistan, onsuz da, Rusiyanın orbitindən kənarlaşmaq imkanına malik deyil. Daha çox siyasi manevr imkanına malik olan Azərbaycan isə apardığı danışıqlarla Rusiyanın mövqeyini öz xeyrinə dəyişmək potensialına sahibdir. Rusiya hər iki tərəfi tərəzinin gözünə qoyub kimin yanında yer tutacağı ilə bağlı qərarını verməlidir. Əgər Rusiya bizim torpaq bütövlüyümüzü bərpa etmək haqqımızla razılaşmasa, Azərbaycan hökuməti xalqa açıq müraciət edib müharibə variantını seçməlidir.

-Hər halda siz daha məlumatlı şəxssiniz. Bəlkə Azərbaycan hakimiyyəti də, dediyiniz kimi, Rusiyayla Qarabağ müqavilində Avrasiya İttifaqına və ya KTM-ə üzvlük barədə danışıqlar aparıb? Son zamanlar Qarabağ ətrafında baş verən hadisələr də elə bununla bağlıdır?

-Mən bu barədə hər hansı məlumata malik deyiləm. Sadəcə, partiya olaraq, bu kimi təklifləri dəfələrlə gündəmə gətirmişik. Hətta bir dəfə Elmar Məmmədyarov məsələyə münasibət bidirərək demişdi ki, Azərbaycan hakimiyyəti bu məsələyə baxa bilər. Mən indi bilmirəm, bağlı qapılar arxasında hansı danışıqlar gedir. Hakimiyyətin təklifimizə necə baxıb-baxmadıqlarından da xəbərsizəm. Hesab edirəm ki, hökumət Azərbaycan xalqını bu məsələdə məlumatlandırmalıdır.

-Məsələ burasındadır ki, bizim enerji məsələsində maraqlarımız Rusiyayla toqquşur. Əslində beynəlxalq enerji şirkətləri bizi qəsdən üz-üzə qoyublar. Faktiki olaraq, Avropaya qazımızı nəql etməyi düşündüyümüz TANAP Rusiyanın qaz strategiyasının alternatividir. Məqsəd Qərbi rus qazı asılılığından azad etməkdir. Bunun üçün isə TANAP kimi layihələrlə yarana biləcək boşluğu doldurmaq istəyirlər. Sözsüz ki, bu durumda Rusiyanın bizimlə razılığa gəlməsi xeyli çətindir.

-Mən “Rusiyayla ittifaqa getməliyik” deyəndə təkcə siyasi və iqtisadi əməkdaşlıqları nəzərdə tutmuram. Həmçinin, enerji siyasətimizi də Rusiyayla razılaşdırmaqdan söhbət gedir. Bunu müsahibələrimdə dəfələrlə qeyd etmişəm. Bir halda ki, Rusiya onsuz da Azərbaycan qazını qlobal bazar qiymətinə bizdən almağa hazırdır, bizim üçün nə fərqi var, eyni pulu rus, yoxsa ingilis verir? Üstəlik, Rusiyayla anlaşmağımız bizə öz torpaqlarımızı qaytaracaqsa, niyə bundan imtina etməliyik? Bunun alternativi Qərbə birbaşa qaz satmaqdırsa, onun da xeyrini-ziyanını hesablamalıyıq. Hansı variant sərfəlidirsə, Azərbaycan ona qərar verməlidir. Siz bilirsiniz ki, bizim Qərbə inteqrasiyamız illər boyu həm İranı, həm də Rusiyanı qıcıqlandırıb. İndi-indi İran nüvə sazişindən sonra Qərblə yaxınlaşmaq yoluna qədəm qoyub və aramızdakı soyuq münasibətlər ortadan qalxıb. Amma Qərbin Rusiyaya qarşı mövqeyi hələ də davam edir. Biz də xarici siyasətimizi müəyyənləşdirəndə bunu nəzərə almalıyıq. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, yerləşdikləri geosiyasi məkanlar bütün ölkələrin ortaq maraqlarını formalaşdırır. Heç bir ölkə öz geopolitik mövqeyindən kənarda siyasət yürüdə bilməz. Yerləşdiyin məkanın ümumi hədəfləri və ortaq xarici siyasəti var və olmalıdır. Əks halda geopolitik mübarizələrin poliqonuna çevrilmək taleyi qaçılmaz olar. Necə ki, Azərbaycanın Rusiya və İranın mənafeyinə zidd olaraq, Qərblə yaxınlaşması da hər iki ölkənin təzyiqləriylə üzləşməyimizə səbəb olurdu. Qərb bunun müqabilində Azərbaycana hansı dəstəyi verirdi? Və ya bu dəstək yetərli idimi? Yalnız Bakı-Tiflis-Ceyhan kəmərinin çəkilməsinə dəstək verdilər, bu da onların öz maraqlarıyla bağlıydı. Yaxud yenə öz maraqlarına uyğun şəkildə TANAP-ın çəkilməsinə pul ayırmaqla vəzifələrini tamamlanmış hesab edirlər. Amma bizim maraqlarımızın təmin olunması məsələsində konkret heç bir addım atmırlar. Bizim bir dövlət olaraq, ən böyük problemimiz Qarabağ məsələsidir. Artıq 22 ildir ki, bu problem dondurulmuş vəziyyətdə öz həllini gözləyir. Azərbaycan hər dəfə torpaq bütünülüyünü bərpa etmək istəyəndə ən kəskin reaksiya Qərbdən gəlir. Halbuki, Dağlıq Qarabağla bağlı BMT TŞ-nın bir neçə qətnaməsi var. Həmin qətnamələrdə Dağlıq Qarabağ Azərbaycanın ərazisi hesab olunur. Bununla belə, ölkəmizin torpaq bütünlüyünü təmin etmək istəyi yenə enerji müttəfiqlərimiz tərəfindən sərt qarşılanıb. Qərb ölkələri bu haqlı davamıza lazımi dəstək verməmələri azmış kimi, üstəlik, bizə mane olurlar.

Bəzi insanlarımızda belə fikir formalaşıb ki, guya biz Rusiyasız da Qarabağ problemini həll edə bilərik. Onlar bu fikirlərini digər regional dövlətlərdən-Türkiyədən, İrandan aldığımız dəstəklə əsaslandırırlar. Amma bu dəstəklər sözdən o tərəfə keçmir. Məsələn, İranın bir mollası çıxıb deyir ki, biz Qarabağda vuruşmağa hazırıq. Mollaya deyən lazımdır ki, “hörmətli din xadimi, sizin gəlib bizim torpaqlarda həyatınızı riskə atmağa ehtiyac yoxdur. Bizim üçün görə biləcəyiniz ən yaxşı iş öz ölkənizin tərəfsizliyini təmin etməniz olar. Buyurun, öz liderinizə müraciət edin, deyin ki, “ey hörmətli dini rəhbər Xamaneyi, hörmətli prezident Ruhani, axı ermənilərin işğal etdiyi ərazilər müsəlmanlara aiddir. Əslində siz bu şəraitdə müsəlmanları cihada çağırmalısınız. Siz isə Ermənistanla hər cür iqtisadi, siyasi, hərbi əməkdaşlıqlar qurursunuz. Onlara xristianlardan da artıq dəstək verirsiniz. Müharibəni daha yaxşı davam etdirə bilmələri üçün kommunikasiya xətləri tikirsiniz, yollar çəkirsiniz”.

Eyni sözləri qardaşımız Türkiyə üçün də demək olar. Azərbaycanın iqtisadi sanksiyalar tətbiq etdiyi Ermənistanla iqtisadi əlaqələr quraraq, Türkiyə bu siyasətimizi faktiki olaraq təsirsiz hala gətirir. Görün, iş nə yerə çatıb ki, son qarşıdurmalar yaşananda Ermənistan Türkiyəni hədələyərək, hətta siyasi bəyanatlarla bizim müdafiəmizi davam etdirəcəyi təqdirdə, onunla bütün iqtisadi əməkdaşlığı dayandıracağını, türk mallarının ölkəyə idxalını qadağan edəcəyini bildirir. Halbuki, Türkiyə Ermənistana bu cür sanksiyaları tətbiq etməliydi. Dünyanın işinə bax ki, tərsinə olub, Ermənistan Türkiyəni hədələyir. Ona görə də deyirəm ki, bəyanatlar çox gözəldir, siyasi dəstək kimi təqdirə layiqdir. Amma bu, real müdafiə deyil. Heç kim təminat da verə bilməz ki, Ermənistanla bərabər Rusiyanı da qarşımıza alsaq, kimsə gəlib bizimlə onlara qarşı döyüşəcək. Bunu deyərkən, heç də millətlərin bizə münasibətini nəzərdə tutmuram. Əlbəttə, əminəm ki, Cənubi Azərbaycanda milli şüur çox inkişaf edib və hər bir cənublu qardaşımız bizimlə bərabər eyni səngərdə düşmənə qarşı döyüşməyə hazırdı. Eynilə Türkiyə türkləri də Azərbaycan üçün hər cür fədakarlığa gedərlər. Bununla belə, xalqların iradəsi Qarabağ kimi problemlərin həllində kifayət etmir. Dövlətlər də gərək mümkün olan dəstəyi verə. Hakimiyyətlərin tamamilə başqa mövqe tutduğu indiki şəraitdə bizim onlara arxayın olub başqa addımlar atmağımız yersizdir…

-Haqlı bir məqama toxundunuz. Vaxtilə, rəhmətlik Elçibəy də Türkiyədən xeyli gileylənirdi. Türk televiziyalarına verdiyi müsahibəsində deyirdi ki, biz hətta yaralı insanlarımızı xilas etmək üçün Türkiyədən vertolyot istəmişdik, Ankara bunu belə bizə çox görmüşdü…

-Elədir. Bizim Türkiyəyə bağladığımız ümidlər çox vaxt özünü doğrultmayıb. Əslində Türkiyə özü də təqdim edildiyi qədər ciddi hərbi qüdrətə malik deyil. Təsəvvür edin, bu gün Türkiyə televiziyaları, mətbuatı sevinclə vurğulayır ki, ABŞ onlara Suriya sərhədlərini qorumaq üçün reaktiv artreliya qurğuları verir. Halbuki, o qurğular belə indi ABŞ və Rusiyanın köhnəlmiş silahlarıdır. ABŞ-ın köhnə silahlarını almağa böyük qənimət kimi baxan Türkiyənin Rusiyanın iradəsinə qarşı çıxıb bizi aktiv şəkildə müdafiə edəcəyi inandırıcı görünmür. Bununla belə, Türkiyənin öz müdafiə sənayesi var. Azərbaycan Türkiyədən uzunmüddətli kreditlə müəyyən silahlar alıb öz müdafiə gücünü artıra bilər. Türkiyənin yalnız bu cür dəstəyinə bel bağlaya bilərik. Eyni şəkildə İran və Pakistandan raketlər alıb silah arsenalımızı artırmalıyıq. Amma bütün hallarda onların siyasi bəyanatlarına arxayın olub Rusiyanı qarşımıza almaq rasional hərəkət deyil. Təəssüf ki, bu gün bəzi oturuşmuş siyasilərimiz də xalqda yaranmış emossinal havanın təsiri altında qalır, populist çıxışlar edirlər.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır