Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Deyerler
çərşənbə

30 mart 2016

12:30:49
744056

Azərbaycan

Siyasi məhbuslarla bağlı DEVAMM-ın müraciətinə ictimai-siyasi fəallardan reaksiyalar gəldi

Ölkədə onlarla dindarların həbs olunmasına baxmayaraq ölkə ictimaiyyəti eyni diqqəti bu istiqamətdə göstərməkdə tərəddüd edir. DEVAMM bu mövzuya xüsusi olaraq diqqət çəkib və bunu bir növ ayrı-seçkilik adlandırıb. Ölkədə mövcud olan vətəndaş cəmiyyətinin fəallarını haqsız yerə həbs edilmiş dindarların da müdafiəsinə qalxmağa çağırıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Artıq Novruz bayramı öncəsindən başlanan məhbusların azad edilməsi prosesi aktiv şəkildə davam edir. Son olaraq İntiqam Əliyevin də azad edilməsi bu istiqamətdə ümidlər yaradıb. Bu mövzu ilə bağlı DEVAMM-ın müraciəti müəyyən qədər müzakirəyə səbəb olub. Belə ki, ölkədə onlarla dindarların həbs olunmasına baxmayaraq ölkə ictimaiyyəti eyni diqqəti bu istiqamətdə göstərməkdə tərəddüd edir. DEVAMM bu mövzuya xüsusi olaraq diqqət çəkib və bunu bir növ ayrı-seçkilik adlandırıb. Ölkədə mövcud olan vətəndaş cəmiyyətinin fəallarını haqsız yerə həbs edilmiş dindarların da müdafiəsinə qalxmağa çağırıb.

DEVAMM-ın bu çağırışına ölkənin siyasi-ictimai elitasından Deyerler.org-a münasibətlər bildirilib.

 

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər qeyd edib ki, hər kəsin bu məsələyə diqqət yetirməsi yerinə düşər: “Əliyev rejimi ölkədə bütün vətəndaşların hüququnu pozur. İnsan haqları pozularkən cəmiyyətin bütün təbəqələrinə aid olur. Siyasi partya üzvləri, QHT-lər, inanclı insanlar və digər kateqoriyaya aid olan insanlar bu durumdan əziyyət çəkirlər. Təbii ki, bu şəxslərin də hər birinin haqları müzakirə olunmalıdır. Müsavat Partiyası haqları pozulan vətəndaşların siyasi partiya mənsubiyyətindən asılı olmayaraq heç kəsə ayrı-seçkilik etmir.

O cümlədən inanclı insanların müdafiəsinə də hər zaman Müsavat Partiyası diqqət yetirir. Digər siyasi qüvvələr də düşünürəm ki, bu məsələyə diqqət yetirirlər. Sadəcə olaraq bir həqiqət var ki, siyasi partiyalar, jurnalistlər, QHT nümayəndələri bu məsələlərə müəyyən qədər diqqət yetirirlər, amma inanclı kəsimin özü bu məsələdə kifayət qədər fəal görünmür.

Hacı İlqar İbrahimoğlunun və bir neçə digər şəxsin bu sahədə fəaliyyətini bilirik və təqdir edirik. Amma inanclı şəxsləri əhatə edən siyasi təşkilatlar, QHT-lər, media qurumlarının inanclı şəxslərin müdafiəsində xüsusi olaraq fəallığını müşahidə etmirik. Düşünürəm ki, bu istiqamətdə olan problem həm də bundan qaynaqlanır. Həmin strukturlar bu sahədə daha çox fəallıq göstərsələr hesab edirəm ki, cəmiyyətə də daha çox təsir edər. Düşünürəm ki, hər kəsin bu məsələyə diqqət yetirməsi yerinə düşər”.

 

Milli Şuranın sədri Cəmil Həsənli fikirlərini bölüşərkən deyib ki, bu adamlar da siyasi mülahizələrlə tutulublar və cəmiyyət onları müdafiə etməlidir: “Əslində mart ayının 27-də mən bu mövzu ilə bağlı geniş fikirlərimi müsahibəmdə bildirmişəm. Mən də dindarlarla bağlı mövzunu ortaya çıxartmışam. Bu adamlar da siyasi mülahizələrlə tutulublar və cəmiyyət onları müdafiə etməlidir. Bu şəxslərlə qarşı ciddi haqsızlıq baş verib, dindarlar da siyasi məhbuslardır. Əslinə həbs prosedurası özü buna əsas verir. Həbs edilən dindarlar vəkillə təmin edilməyiblər. Adamlar işgəncələrə məruz qalırlar, ailə üzvləri ilə əlaqə imkanından məhrum ediliblər. Eyni zamanda, uzun müddət ictimaiyyətdən gizlədiliblər. Bu baxımdan etiqadlı insanların müdafiəsi, onların siyasi məhbus olması ilə bağlı öz fikirlərimi iki gün öncədən bildirmişəm. Əgər DEVAMM-da bu məsələni qaldırıbsa, onda bu təşəbbüsü alqışlayıram”.

 

Mövzu ilə bağlı fikirlərini bölüşərkən ReAl partiyasının təşkilati məsələlər üzrə katibi Natiq Cəfərli qeyd edib ki, DEVAMM-ın bir çox məsələlərə yanaşması çox düşündürücüdür: “Cəmiyyət, siyasi təşkilatlar, sivil toplum olaraq diqqətə alınacaq bir məsələlər qaldırılıb. Əgər biz gələcəkdə sivil bir toplumun inkişafını istəyiriksə, ayrı-seçkilik olmadan insan hüquqları mövzusunda hüquqları pozulmuş hər kəsə eyni məsafədə yanaşmalı və eyni cür münasibət göstərilməlidir. Əgər biz insan haqlarından danışırıqsa dinindən, irqindən, inancından asılı olmayaraq bütün şəxslərə eyni münasibətin göstərilməsi çox vacibdir. Bu nöqteyi nəzərdən DEVAMM-ın təşəbbüsünü dəstəkləyirəm. Gələcəkdə bu yöndə ciddi müzakirələrin olması çox vacibdir. Bu cür müzakirələr olsa cəmiyyətimizin sivil yolla inkişafı üçün də çox önəmli bir məsələ olacaq”.

 

Politoloq Ərəstun Orucu fikirlərini bölüşərkən deyib ki, dindarların da haqlarının bərpa olunması çox önəmlidir: “Bu məsələni son günlərdə ilk olaraq gündəmə gətirənlərdən biri də mən olmuşam. Siyasi məhbuslar azad olunanda mən qeyd etmişdim ki, belə olmamalıdır. Çünki, dindarların da bir çoxu ya siyasi baxışlarına, ya dini dəyərlərini qoruduqlarına, ya da ictimai fəaliyyətinə görə şərlənib tutulub. Bu ədalətsizlikdir və eyni zamanda qanunsuzluqudur. Bunlar mütləq aradan qaldırılmalıdır. Düşünürəm ki, bu məsələnin ictimailəşməsi çox önəmlidir. Digər tərəfdən, bu cür insanların humanizm baxımdan haqlarının bərpa olunması çox önəmlidir. Bu həm hakimiyyət və cəmiyyət üçün bir mesajdır ki, baxışlarından mövqeyindən asılı olmayaraq kimlər həbsə, təqibə məruz qalacaqsa vətəndaş cəmiyyəti, o cümlədən ölkənin fəalları həmin insanların tərəfində olacaq. Bu qanuna, ədalətə, haqqa hörmətdir. Bu digər tərəfdən cəmiyyətin bütövləşməsi üçün müxtəlif zümrələr arasında yaranmış qısqanclığın, bir-birlərinə şübhəli münasibətin aradan qalxması üçün son dərəcə önəmlidir”.

 

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, tərtib edilən siyahılarda bəzi dindarların da adları var: “Ölkədə vicdan məhbuslarının azadlığa çıxması ilə bağlı bəyanatlar səslənmişdi. Əlbəttə ki, dindarlarla bağlı xüsusi olaraq ayrıca bir mövqe mövcud deyil. Bu faktı inkar etmək mümkün deyil. Amma dindarları heç kəs ümumi siyasi məhbuslardan ayırmır. Azadlığa çıxması ilə bağlı tərtib edilən siyahılarda bəzi dindarların da adları var. Amma burada başqa bir reallıq var. Məsələn, İntiqam Əliyev, Anar Məmmədli, Leyla Yunus kimi şəxslər özləri insanların müdafiəsini təşkil edirdilər. Onların həbs səbəbi də məhz bu istiqamətdə fəaliyyətləri ilə bağlıdır. Bir də var ki, mən öz etiqad, fikir azadlığıma görə, həbs edilim. Bunlar arasında müəyyən qədər fərqlər var. Düşünürəm ki, ictimaiyyətin və beynəlxalq qurumların bu kimi şəxslərə diqqət etməsi də məhz bu səbəbdəndir. Amma bu gün həbs edilən dindarlar da diqqət mərkəzindədir”.

 

Mövzu ilə bağlı vəkil Aslan İsmayılov fikirlərini bölüşərkən deyib ki, qanunsuz həbs edilənləri bölmək lazım deyil: “Təbii ki, bu mövzu aktual bir mövzudur. Mən həmişə bir məsələnin tərəfdarı olmuşam: "qanunsuz yerə həbs edilən bütün məhbuslar azad edilməlidir".

Qanunsuz həbs edilənləri bölmək lazım deyil. Qanunsuz həbs edilən şəxslərin tanınmış olması və ya tanınmış olmaması, hüquq müdafiəçisi olması və ya dindar olması heç bir fərq etmir. Qanunsuz həbs edilən bütün şəxslər müdafiə edilməlidir. Mən burada istənilən diskriminasiyanın əleyhinəyəm”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır