Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadlıq
bazar ertəsi

18 yanvar 2016

10:58:44
730998

Araşdırma

Analoqu olmayan inkişaf nağılları tükənib

Hakimiyyət piramidasının aşmağına çox az qalıb…

Bu məmurlar ölkə iqtisadiyyyatını çökdürüblər. Manat artıq “can verir”, qiymətlər kəllə-çarxa çıxıb, sanksiyalar qapının ağzını kəsdirib… Amma hakimiyyətdən kimsə çıxıb deyə bilmir ki, dayanmaq vaxtıdır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- “Kor atı minib köndələn çapmaq” – bu atalar məsələni yəqin ki, hamı eşidib. Məsəlin tərs adamlar üçün deyildiyi də çoxlarına bəllidir. Mövcud hakimiyyət öz siyasətində məhz belə bir addım nümayiş etdirir. Adamın mindiyi at kordusa, onu minən də atı köndələn çapırsa, deməli, hansı məqamdasa bu gediş fəlakətlə nəticələnəcək.

Hakimiyyət nə etdiyini, milləti hara apardığını bilmir. Onlar, hətta özlərini hara apardığının da fərqində deyillər. Çingiz xan, Teymurləng, Qacar şah olmaq niyyətindədir bunlar?! Onlar fateh idilər və ölkələr zəbt edib xalqlarının, dövlətlərinin “başını” uca ediblər. Zaman da o vaxtkı deyil axı… Dünyanın bir düzəni var. Dünya birliyilə üz-üzə durmaq, ona meydan oxumaq, hirsin, hikkənin əsiri olmaq adamı, ancaq öz gözündə uca göstərə bilər. Hakimiyyətdəkilərin özlərindən razılıq hissi, hakimiyyət hərisliyi, var-dövlət hərisliyidir ki, həm xalqın, həm də özlərinin başında çatlamaqdadır.

Hakimiyyət piramidasını xalqın başında qurublar. Bir tərəfdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, o biri tərəfdə Nazirlər Kabinetinin üzünü görməyən Artur Rasizadə. Qalan nazirlər də piramidanın aşağı pillələrindədir. Onlar apardıqları siyasətlə, dünya birliyini, Qərbi saya salmamaqla, millətin dərd-sərinə qulaq asmamaqla, müxalifəti eşitməməklə fəaliyyət göstərirlər. Xalqın dəyərli, vətənə və dövlətə xeyir verə bilən oğul-qızlarını həbsxanalara doldurmaqla nə əldə etmək istəyirlər?!

Bu məmurlar ölkə iqtisadiyyyatını çökdürüblər. Manat artıq “can verir”, qiymətlər kəllə-çarxa çıxıb, analoqu olmayan inkişaf nağılları tükənib, sanksiyalar qapının ağzını kəsdirib… Amma hakimiyyətdən kimsə çıxıb deyə bilmir ki, dayanmaq vaxtıdır.

Bu, diktaturanın anatomiyasıdır. Bütün zamanlarda belə olub. Başında piramida qurulan xalq artıq onu saxlamaq iqtidarında deyil. Xalq taqətdən düşüb. Artıq piramida silkələnir. Onun aşmağına çox az qalıb. Güclü bir təkan, silkələnmə bu piramidanın dağılmasıyla nəticələnəcək.

O gün uzaqda deyil…



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır