Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Vilayet.nur-az.com
cümə axşamı

8 oktyabr 2015

06:27:38
714156

Tarixin Əbədi Möcüzəsi

24 zilhiccə - Mübahilə günü

Hicri 10-cu il zilhiccə ayının 24-də İslam peyğəmbəri (s) ilə Nəcran məsihiləri arasında Mübahilə hadisəsi baş verdi.

Biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 24 Zil Həccə Mübahilə hadisəsi ilə tarixə əbədi həkk oldu. Mübahilə sözü azad buraxmaq, şərti aradan qaldırmaq mənasını bildirən, “bəhl” sözündəndir. Amma danışıqda bu söz bir-birini lənətləmək, bir-birinə nifrin etmək mənasını bildirir. Mübahilə zamanı dini mövzuda ortaya çıxmış mübahisənin həlli üçün Allah dərgahına birlikdə üz tutulur, yalan danışan tərəfin rüsvay edilməsi, cəzalandırılması tələb edilir.

Hicri 10-cu il zilhiccə ayının 24-də İslam peyğəmbəri (s) ilə Nəcran məsihiləri arasında Mübahilə hadisəsi baş verdi. Həzrət Peyğəmbər (s) məktub yazaraq Nəcran məsihilərini İslama dəvət etmişdi. İslamı qəbul etmək istəməyən bu camaat Mədinəyə nümayəndə göndərdilər və nəticədə Peyğəmbər (s) onları Mübahiləyə dəvət etdi. Peyğəmbərin (s) əzəmətinə şahid olan Nəcran nümayəndələri qorxuya düşüb, təklif etdilər ki, Peyğəmbərin (s) icazəsi ilə İslam hökumətinin tabeçiliyində öz dinlərində qalsınlar.

Səfalı Nəcran torpağı 70 kəndlə birlikdə Hicazla Yəmən sərhəddində yerləşir. İlkin İslam dövründə Nəcran əhli bütpərəstlikdən çıxıb məsihiliyi qəbul etmiş yeganə qövm idi.

İslam peyğəmbəri (s) Allah əmrini yerinə yetirərək müxtəlif ölkələrə, məntəqələrə nümayəndələr göndərir, məktublar yazır, onları tövhidə dəvət edirdi. Belə məktublardan biri də Nəcran uskufu (keşiş) Əbu Harisəyə yazılmışdı.

Həzrət Peyğəmbər (s) öz məktubunda yazırdı: “İbrahim, İshaq və Yəqubun Allahının adı ilə. Bu məktub Allahın rəsulu Məhəmməd (s) tərəfindən Nəcran uskufuna yazılıb. İbrahim, İshaq və Yəqubun Allahına sitayiş edirəm, sizi bəndəyə pərəstişdən Allaha pərəstişə çağırıram. Dəvət edirəm ki, Allah bəndələrinə itaətdən çıxıb, Allaha itaətə gələsiniz. Əgər dəvətimi qəbul etməsəniz İslam hökumətinə cizyə (dövlətin himayəsi müqabilində vergi) ödəməlisiniz. Əks təqdirdə sizi təhlükə gözləyir.”

Peyğəmbərin (s) nümayəndələri dəvət məktubunu Nəcran uskufuna verdilər. Uskuf şura çağırdı, məşvərət apardı. Şuradakıların arasında olan müdrik adamlardan biri dedi: “Biz öz əcdadlarımızdan çox eşitmişik ki, bir gün peyğəmbərlik İshaq övladlarından İsmail övladlarına ötürülər. Ola bilər ki, Məhəmməd (s) həmin İsmail övladıdır.” Qərara gəldilər ki, Mədinəyə gedib Peyğəmbərlə (s) görüşsünlər, ondan peyğəmbərliyinin dəlillərini soruşsunlar.

Həzrət Peyğəmbər (s) nəcranlılarla görüşüb söhbət etdi, onları bir Allaha pərəstişə çağırdı. Nəcranlılar inadkarlıq göstərdilər, həzrət Məsihin ilahiliyi etiqadından əl çəkmədilər. Bu zaman vəhy mələyi nazil oldu və Peyğəmbərə (s) çatdırdı ki, Allahın yanında İsa Adəm kimidir, Allah onu torpaqdan yaradıb. Nazil olmuş mələk həzrət İsanın həzrət Adəm kimi dünyaya gəlişini yada saldı, bildirdi ki, əgər İsa atasız dünyaya gəlibsə, Adəm həm ata, həm də anası olmadan yaradılıb. Əgər atası olmamaq insanı Allahın övladı edərdisə, həzrət Adəm bu məqama daha layiq idi. Bütün bu dəlillər nəcranlıları qane etmədi. Nəhayət, Allah-Taala həqiqətin sübutu üçün mübahilə göstərişi verdi.

Allah-Taala mübahilə ayəsinin ardınca bir neçə ayədə həzrət Məsihin dünyaya gəlişindən danışır. Nəcranlılar məntiqi düşüncəyə dəvət edilir. Yalnız dəlillər qəbul olunmadığı zaman mübahilə əmri verilir. Ali-İmran surəsinin 61-ci ayəsində buyurulur: “Sənə verilən elmdən sonra kimsə səninlə mübahisə və düşmənçiliyə qalxsa onlara de ki, biz də övladlarımızı gətirək, siz də övladlarınızı gətirin, biz də qadınlarımızı gətirək, siz də qadınlarınızı gətirin, biz də qohumlarımızı gətirək, siz də qohumlarınızı gətirin; sonra mübahilə edək, yalançıya Allahdan lənət istəyək...”

İslam rəvayətlərində bildirilir ki, mübahilə təklifindən sonra Nəcran məsihiləri düşünmək üçün vaxt istədilər. Müşavirələrinin nəticəsi bu oldu ki, Peyğəmbər (s) mübahiləyə böyük cəmiyyətlə gəlsə qorxmasınlar, çünki haqlı olsaydı çoxluğa, hay-küyə əl atmazdı. Düşündülər ki, əgər mübahiləyə bir neçə qohum və övladı ilə gəlsə, demək həqiqətən də peyğəmbərdir və onunla mübahilə təhlükəlidir. Öncədən razılaşma əsasında Peyğəmbər (s) və Nəcran məsihiləri təyin olunmuş yerə gəldilər. Nəcranlılar gördülər ki, Peyğəmbər (s) Hüseyn (ə) qucağında, Həsənin (ə) əlindən tutub, Əli (ə) və Zəhra (s) onun yanındadır. Həzrət Peyğəmbər (s) yaxınlarına buyurdu ki, mən dua edəndə siz amin deyərsiniz. Məsihilər bu səhnəni görüb, qorxuya düşdülər. Peyğəmbərin (s) ən yaxın adamlarını mübahiləyə gətirməsi onun böyük etiqadını göstərərdi. Əgər haqlı olduğuna inanmasaydı, əzizlərinin həyatını təhlükəyə atmazdı. Buna görə də mübahilədən çəkindilər, Peyğəmbərin (s) təklifini qəbul etmək qərarına gəldilər.

Peyğəmbərin (s) qətiyyətini görən məsihilər qorxuya düşdülər. Nəcran məsihilərinin baş uskufu Əbu Harisə dedi: “Əgər Məhəmməd (s) haqlı olmasaydı, bu şəkildə mübahiləyə cürət etməzdi. Əgər bu vəziyyətdə mübahiləyə getsək, bir il ötməmiş yer üzündə bir nəsrani qalmayacaq.” Digər rəvayətdə uskufun dilindən nəql olunur: “Mənim gördüyüm çöhrələr Allahdan istəsələr ki, dağlar kökündən qopsun, bu istək gerçəkləşər. Mübahilədən çəkinin, yoxsa həlak olarsınız və yer üzündə bir nəfər də məsihi qalmaz.”

Əbu Harisə Peyğəmbərin (s) görüşünə gəlib dedi: “Ey Əbül Qasim, bizimlə mübahilə fikrindən daşın, bizə güzəştə get. Elə bir söz de ki, onu yerinə yetirməyə gücümüz çatsın. Həzrət buyurdu ki, hər il 2000 hullə (1 hullə 40 dirhəm) ödəyərsiniz, müharibə baş versə bunun müqabilində 30 zireh, 30 nizə, 30 at alarsınız.”

Peyğəmbərin (s) nəcranlılarla mübahiləsi iki baxımdan həzrətin haqlı olduğunu göstərir. Əvvəla Peyğəmbər (s) özü mübahilə təklifi vermişdi. Bir şəxs özünə inanmasa bu işi görməz. Çünki mübahilənin aqibəti dəhşətlidir. Mübahilədə haqsız tərəfin torpaq yarılmaqla yerə batması mümkündür. Digər tərəfdən, Peyğəmbər (s) mübahiləyə ən əziz adamlarını gətirdi. Bu da onun iman və sədaqətini göstərirdi. Peyğəmbər nəinki özünü, ən əziz adamlarını cəsarətlə meydana çıxarmışdı.

Şiə və sünni təfsirçiləri və hədisçiləri bildirirlər ki, mübahilə ayəsi Əhli-Beyt (ə) haqqında nazil olub. Peyğəmbər (s) bu səhnəyə yalnız övladları ilə gəlib. Ayədəki “əbnaəna” sözü Həsən (ə) və Hüseynə (ə), “nisaənə” sözü xanım Zəhraya (s), “ənfusəna” sözü həzrət Əliyə (ə) aiddir. Buradan görünür ki, həzrət Əli (ə) Peyğəmbərin (s) vücudu məqamında olub.

“Üyuni əxbarur-Riza” kitabında Məmunun bir məclisindən danışılır. Məclisdə İmam Riza (ə) buyurur: “Allah-Taala öz bəndələrindən olan pak insanları mübahilə ayəsində tanıtdırıb. Ayə nazil olandan sonra Peyğəmbər (s) özü ilə Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyni (ə) meydana aparıb. Əhli-Beytdə (ə) olan bu məziyyət kimsədə olmayıb, kimsə bu məqama çatmayıb...”

Ğayətul-məram kitabında Səhihi-Müslimdən nəql olunur: Bir gün Müaviyə Səd ibn Əbu Vəqqasa dedi: “Nə üçün Əliyə (ə) söyüş söymürsən?” Səd dedi: “Peyğəmbərin (s) Əli haqqında 3 sözü yadıma düşür və bu işdən çəkinirəm. Bu 3 sözdən biri Mübahilə ayəsi nazil olanda Peyğəmbərin (s) Fatimə (s), Həsən (ə), Hüseyn (ə) və Əlini (ə) dəvət edərək belə deməsidir: Pərvərdigara, bunlar mənim yaxınlarımdır...”

Peyğəmbər (s) Mübahilə qərarına gələndə əvvəlcə əbasını çiyninə saldı, sonra Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyni (ə) əbası altına alaraq dedi: “Pərvərdigara, hər peyğəmbərin əhli-beyti olub. Pərvərdigara, bunlar mənim əhli-beytimdir. Şəkk və günahı onlardan uzaqlaşdır, onları pak qərar verir.” Bu zaman Cəbrail nazil oldu və Təthir ayəsini gətirdi, ayədə buyurulurdu ki, Allah Əhli-Beyti (ə) çirkinlikdən uzaqlaşdırmaq və pak etmək qərarına gəldi.

Zilhiccə ayının 24-ü Mübahilə günü olaraq olduqca əlamətdardır. Həmin gün həzrət Peyğəmbərin (s) haqlı olması, Əhli-Beytin (ə) əzəməti sübuta yetdi. Məfatihul-cinan kitabında həmin gün üçün xüsusi əməllər zikr olunub:

- Batinin səfası üçün zahiri təmizlik ünvanında qüsl vermək;

- Ruha səfa verən oruc tutmaq;

- İki rəkət namaz qılmaq;

- Ramazanın səhər duasına bənzər Mübahilə duası oxumaq...

Həmin gün Əmirəlmömininin (ə) ziyarətnaməsini, xüsusi ilə Cameə ziyarətini oxumaq tövsiyə edilir. Həzrət Əlinin (ə) xatirəsindən dolayı yoxsullara əl tutulur, sədəqə verilir.

Mübahilə gününün duasından: “Pərvərdigara, Məhəmməd və ali Məhəmmədə salam göndər. Mənə şadlıq, təravət, ardıcıllıq, qurtuluş, sağlamlıq, kəramət, pak və bol ruzi, səmadan nazil olan hər bir nemətdən əta et... Pərvərdigara! Əgər günahlar sənin qarşında üzümü qaraldıbsa, aramızda pərdə olubsa, mənə mərhəmətinə mane olubsa, heç zaman sönməyən nuruna xatir, Məhəmməd və ali Məhəmmədə xatir, canişin seçdiyin Əliyə xatir, Məhəmməd və ali Məhəmmədə salam göndər, günahlarımı bağışla, qalan ömrümdə məni qoru... Pərvərdigara! Mən sənə mütiyəm, məndən razı ol. Əməlimi xeyirlə başa çatdır, onun savabını behiştdə qərar ver, mənimlə özünə layiq şəkildə davran... Salam göndər Məhəmməd və ali Məhəmmədə, öz mərhəmətinlə məni bağışla, ey mehribanların mehribanı.”



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır