Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Birlik
çərşənbə axşamı

13 avqust 2013

19:30:00
451656

Azərbaycan

AİP seçkilərə kim ilə gedəcək?!

Akif Heydərli: “Doktor Mövsüm Səmədov məhbus deyil, məhz seçkidən kənarlaşdırılması üçün hakimiyyət tərəfindən qanunsuz olaraq izolyasiya edilib.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Xəbər verdiyimiz kimi, Azərbaycan İslam Partiyası (AİP) Prezident seçkilərinə öz namizədi olan Doktor Mövsüm Səmədovla qoşulacaqlarını bəyan etmişdi. AİP lideri Mövsüm Səmədovun həbsdə olması belə bir sual yaradır ki, birdən onun namizədliyi qeydiyyata alınmasa, AİP seçkilərdə kim ilə təmsil olunacaq?.

bu suala cavab tapmaq üçün Birlik.az saytı, "Əxlaqlı Seçki və Ədalətli Hakimiyət Uğrunda" seçki blokunun rəhbəri, eyni zamanda AİP- sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərliyə müraciət edib.

Akif Heydərli öz növbəsində bunları deyib: “AİP-in kifayət qədər güclü sosial bazası vardır ki, bu da partiyanın gündən-günə artmaqda olan perspektivindən xəbər verir. Məhz hakimiyyəti də narahat edən ən mühüm cəhət AİP sıralarının hər gün güclənməsi və cəmiyyətdə artan nüfüzudur. İnanıram ki, AİP və onun liderləri üzərinə basqı və təhdidlər, haqsız həbslər, ağır ittihamlar məhz partiyanın hazırkı şəraitdə cəmiyyətdə qazandığı böyük inam və etimaddır. Məlum olduğu kimi, AİP bu il keçiriləcək prezident seçkilərinə fəallıqla qoşulmuşdur. Biz qurumun sədri Mövsüm Səmədovun namizədliyinin dəstəklənməsini qərara almışıq. Əslində, bu ilki seçkilərə M.Səmədovun namizədliyi ötən prezident seçkilərindən sonra nəzərdə tutulmuşdu. Amma atalar demişkən, " sən saydığını say, gör fələk nə sayır". Hacı Mövsüm Səmədovun siyasi sifarişlə həbs olunması məhz prezidentliyə ciddi rəqibin olmaması üçün həyata kecirilən ən böyük ədalətsizlik kimi qiymətləndirilməlidir. Bütün bunlara baxmayaraq, "Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda" seçki blokunun yaratdığı seçki qərargahında Prezidentliyə namizəd irəli sürülmüş Hacı Mövsüm Səmədovun namizədlik sənədləri hazırlanaraq MSK-ya təqdim olunacaq. Çünki biz bu gün də M.Səmədovun həbsinin sifarişli olmasını deyirik və onun məhbus deyil, məhz seçkidən kənarlaşdırılması üçün hakimiyyət tərəfindən qanunsuz olaraq izolyasiya olunmasını bəyan edirik və ədalətin sonda qələbə çalacağına inanırıq. O ki, qaldı seçkidə iştiraka, biz partiyamızdan başqa bir namizədin irəli sürülməsinə lüzüm görmürük, Amma M.Səmədovun namizədliyi qeydə alınmadığı təqdirdə xalqımıza ləyaqətlə xidmət edə biləcək hər hansı bir namizədi – kriteriyalarımıza cavab verəcəyi təqdirdə dəstəkləyə bilərik. Nə olursa-olsun, seşkidə sözümüzü deyəcəyik. Bundan ötrü seçki gününə hazırlığımızı durmadan davam etdirmək fikrindəyik.”

 

Abbas Əlioğlu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır