Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Media Forum
cümə axşamı

25 iyul 2013

19:30:00
445004

Açıqlama

“Bu bəyanatlar Milli Şuraya qarşı deyil”

Rövşən Əhmədli: “Məhbus islamçılar Milli Şuranın yaranmasında iştirak edə bilməyiblər, indi də onun qərarlarının qəbul olunmasında hər hansı rolları yoxdur, rəy bildirmək imkanından məhrumdurlar…”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Demokratik Qüvvələrin Milli Şurasının üzvü Rövşən Əhmədli İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun 24 iyul bəyanatını şərh edib.

Rövşən Əhmədli deyib ki, həbsdə olan islamçıların qərarlarına anlayışla yanaşmaq lazımdır: “Biz də onların qəbul etdikləri qərarlara hörmətlə yanaşırıq. Mövsüm Səmədov qanunsuz olaraq 12 il həbs cəzası alıb. Bu gün həbsxanada da repressiyaya məruz qalır, həddən artıq ciddi rejimdə saxlanır. Demək olar ki, ölkədəki proseslərdən tamamilə təcrid olunmuş vəziyyətdədir.

Məhbus islamçılar Milli Şuranın yaranmasında iştirak edə bilməyiblər, indi də onun qərarlarının qəbul olunmasında hər hansı rolları yoxdur, rəy bildirmək imkanından məhrumdurlar. Adlarının Milli Şuranın təsis siyahısına salınması onlara mənəvi-psixoloji dəstəyin ifadəsi idi. İslam Partiyasının Mövsüm Səmədovun prezidentliyə namizədliyini irəli sürməsi də qanunsuz həbsə etirazdır”.

Rövşən Əhmədli qeyd edib ki, islamçı məhbuslar adlarının Milli Şura üzvlərinin siyahısına salınmasına indiyədək hər hansı etiraz bildirməmişdilər: “Abgül Süleymanov bəyan etmişdi ki, biz heç bir partiyanın üzvü deyilik, sadəcə, müxalifətin tələblərini haqlı saydığımıza görə bu tələbləri müdafiə etməyi siyasətimizə uyğun hesab edirik. Amma bu gün həbsdə olanlar real vəziyyəti izləyib vaxtında qərar qəbul etmək və Milli Şuranın işinə təsir göstərmək imkanında olmadıqları üçün bu məsuliyyəti bölüşməyi məqsədəuyğun saymırlar. Mən bunu normal qarşılayıram”.

Rövşən Əhmədli deyib ki, islamçıların heç bir bəyanatı Milli Şuranın  əleyhinə deyil: “Əksinə, bu, Milli Şuraya dəstək bəyanatı sayıla bilər. İnanırıq ki, Milli Şura xalqın etimadını, ümidlərini doğruldacaq, ruhani qardaşlarımız da hər kəsi bu qurumla birgə mübarizəyə dəvət edəcək”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır