Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : İslamın Sesi
çərşənbə

8 may 2013

19:30:00
417429

Müsahibə

Hakimiyyət Hacı Mövsüm Səmədovun passiv seçki hüququna hörmətlə yanaşmalıdır- Akif Heydərli

Heydərli: “Biz və ümumən Azərbaycan cəmiyyəti Hacı Mövsüm Səmədovun həbsinin qərəzli və haqsız olmasına əminik...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyası (AİP) bölgələrdə aktiv seçkiöncəsi fəaliyyət aparır

İslam Partiyası, prezident seçkilərində hazırladıq proqramının ikinci mərhələsi kimi mayın 6-da Məşvərət Şurası (MŞ) yaradıb.

Mövzu ilə əlaqədar islamınsesi.az portalı üçün AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli şərh edib.

- MŞ seçki kampaniyasında hansı vəzifələrin icrası üçün nəzərdə tutulub?

- AİP prezident seçkilərində aktiv iştirakla bağlı 27 mart 2013-cü il tarixli qərarında seçki kampaniyasına hazırlıqla və seçkinin gedişi ilə bağlı vacib qərarların qəbul olunmasında Məşvərət Şurasının yaradılması qeyd olunmuşdu. Partiyanın idarə heyətinin və Məşvərət Şurasına daxil olan ilk üzvlərin birgə keçirdikləri 6 may 2013-cü il tarixli yığıncağında həmin Şuranın təqdimatı oldu.

Burada səslənən fikirlərdən də aydın oldu ki, qurum seçki prosesinin uğurla keçirilməsindən ötrü yaradılıb. MŞ-nin əsas səlahiyyətləri seçki prosesində başlıca qərarların qəbul olunmasından, habelə seçki komissiyasının quruma təqdim edəcəyi məsələ və təkliflər barədə əsas rəy bildirməsindən ibarət olacaqdır. Başlıca məsələ MŞ üzvlərinin istər mərkəz şəhərlərdə, istərsə də bölgələrdə yaşayıb fəaliyyət göstərən nüfuzlu insanların, alim, ziyalı, əsasən də dindarlardan təşkil olunmasıdır. Seçki ərəfəsində qarşıya çıxacaq hər hansı həlledici mövqeyin qəbul olunması məhz Məşvərət Şurasının müzakirəsi və qəbul olunacaq birgə qərarla yerinə yetiriləcək.

- AİP sədri Mövsüm Səmədovun passiv seçki hüququndan istifadə etməsi necə baş tuta bilər?

- Biz və ümumən Azərbaycan cəmiyyəti Hacı Mövsüm Səmədovun həbsinin qərəzli və haqsız olmasına əminik. İnanırıq və ümidvarıq ki, hakimiyyət onun passiv seçki hüququna hörmətlə yanaşmalıdır. Bunu M.Səmədovu prezidentliyə namizəd kimi görmək istəyin on minlərlə hörmətli insanın və sıravi vətəndaşların son bir neçə gün ərzində bizə edilən müraciətləri zəruri edir.

- Bölgələrdə keçirilən görüşlərdə hansı nəticələrə gəlinib?

- Bölgələrdə keçirilən görüşlər iki mərhələdə - seçki qərarı verilməmişdən əvvəl və seçkiyə hazırlıq tədbirləri ərəfəsində aparılıb. İlk mərhələdə bizə aydın oldu ki, islamçılar və təəssübkeşlərimiz bu addıma hazırdırlar və qələbə əhval-ruhiyyəsindədirlər.

İkinci mərhələdə apardığımız görüşlərdə isə seçki ilə bağlı qarşıda duran başlıca vəzifələr müzakirə mövzusu olub. Bölgələrdə nüfuzlu insanlar partiyanın "Əxlaqlı seçki və ədalətli hakimiyyət" adlı seçki blokunun yaranmasını alqışlayıb və uğurlu nəticələrə ümid etdiklərini bildiriblər.

Vəhdətimizin qorunması və möhkəmləndirilməsində atdığımız addımların nə qədər önəmli olduğunu gələcək hadisələr, uğurlar aydın göstərəcək.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır