Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Teleqraf
cümə axşamı

16 avqust 2012

19:30:00
337548

Müsahibə

Əfşar Süleymani: “Aşığın sözü qurtaranda dalay-dalay deyir”

Ə.Süleymani: 2006-cı ildə Bəm zəlzələsi baş verdi. Bu zaman da tənqidlər oldu. Bəm Azərbaycanda deyildi ki? Bəm İsfahana, Kirmana yaxındır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bir neçə gün əvvəl Güney Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Nəticədə bir neçə şəhər, yüzlərlə kənd dağılıb, minlərlə soydaşımız torpaq altında qalıb. İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətində milli xətti yürüdən (şovunistl) şəxslər iddia edirlər ki, güya İslam Hökuməti Azərbaycanda baş verən bu zəlzələnin nəticələrinin aradan qaldırılmasına laqeyd yanaşır, insanlara zamanında köməklik göstərmir. Bu isə azərbaycanlılara olan ögey münasibətin ifadəsidir!

Bu istiqamətdə səsləndirilən iddialar, eləcə də hazırda zəlzələ bölgəsindəki real vəziyyətin nədən ibarət olması haqqında suallara İİR-nın Azərbaycan Respublikasındakı sabiq səfiri Əfşar Süleymani cavab verib.

- Əfşar bəy, Şərqi Azərbaycanda baş verən zəlzələ haqqında çox danışılır. Orada vəziyyət necədir?

- Zəlzələ ardıcıl olub, bir neçə dəfə təkrarlanıb. Şərqi Azərbaycan vilayətinin bəzi şəhərləri zəlzələnin demək olar ki, mərkəzinə düşüb. Rəsmi məlumata görə, 300 nəfərdən çox insan dünyasını dəyişib, 5 min nəfərdən çox isə yaralı var. Dağıntılar altından insanlar çıxarılır, işlər aparılır. Xalq özü də köməyə gəlib, səfərbər olub. İncəsənət xadimləri, idmançılar, futbolçular belə əllərindən gələni edirlər. Xalq arasında hörməti olanlar imkanları daxilində yardım göstərirlər. Təbrizdə Kərim Bağıri adlı tanınan futbolçu küçələrə düşərək yardım toplayıb, zəlzələdən ziyan görənlərə gətirib. Ərdəbildə də Dəmir Yol Futbol Klubunun məşqçisi zəlzələ zonasına gedib. Adi insanlardan tutmuş dövlət adamlarına qədər hər kəs əlindən gələni edir. Zəlzələ 8 milyard tüməndən artıq ziyan vurub. Ölkədə çoxlu kəndlər dağılıb. Bildiyim qədər, ziyan dəyən kəndlərin sayı 150-200-ə arasındadır. Kənd evlərində tikinti zəif olur. Memarlıq və inşaat standartlarına uyğun evlər olsaydı, təbii ki, itkilərimiz az olardı. Ağır vəziyyət yaranıb və bunun qarşısını almaq üçün işlər aparılır. İran tərəfi beynəlxalq yardımları istəmirdi, amma sonradan bu yardımları qəbul edib. Qonşu Azərbaycan ilk olaraq yardım göndərib. Türkiyədən də zəlzələ bölgəsinə axın olub, dövlət səviyyəsində yardım gəlib. Belə hadisələr dünyada baş verən zaman İran köməklik baxımından öndə gedən dövlətlərdən olub. İndi də belə bir gözlənilməz hadisə İranda baş verib.

Humanitar baxımından köməklik olmalıdır və burada din, milliyyət, irq əsas rol oynamır. Onu da qeyd edim ki, mən oxuduğum informasiyalarda açıq görürdüm ki, İran Dövlət Televiziya və Radio Birliyi açıq şəkildə tənqid edilib. Xüsusilə, İran İslam Şura Məclisində azərbaycanlı millət vəkilləri teleradionu tənqid ediblər ki, zəlzələ ilə bağlı məlumat verilmir. Zəlzələ günü və ya ondan sonra televiziyada bir gülməli veriliş efirə verilib. Məclisdə bu tənqid edilib. Hadisə vaxtı bəzi qəzetlər manşetlərində Suriya və digər məsələlərə yer ayırıb. Bu qəzetlər də ciddi tənqid edilib, xüsusilə insan tələfatına biganə münasibət pislənilib. Həm də zəlzələ Allahın məsləhət gördüyüdür. Amma Allah insanlara ağıl verib. Allah gəlib tikinti aparmayacaq ki... Allah-təala deyir ki, tikintiyə yaxşı nəzarət edin, hamı düz işləsin, normal inşaat aparılsın. Baxın, Yaponiyada bəzən 10 bal gücündə zəlzələ baş verir. Amma orada tələfat az olmur. Nədən bizim kimi ölkələrdə belə hadisələrin fəsadları bu qədər olur? Mən insan itkisi, dövlətin düşdüyü ziyanı nəzərdə tuturam. Bunların həll edilməsi zaman, maliyyə, əziyyət istəyir. Ölənlərdən savayı, həyatda qalanlar da problemlərlə üzləşirlər. Hər şey bir anda dağılırsa, onu əvvəlki səviyyəyə qaytarmaq zaman istəyir. Allah-təala deyir ki, verdiyim ağıldan bəhrələnib möhkəm evlər, binalar, xəstəxanalar, məktəblər tikin. Bu zaman itki də az olar. Hətta zəlzələdən əvvəl tikilən yeni binalar da uçub yerə tökülüb. Bu binalar inşaat mühəndisliyi baxımından düzgün tikilsəydi yəqin ki, dağılmazdı.

- Zəlzələnin nəticəsində dünyasını dəyişən insanların sayının gizlədilməsinə dair informasiyalar yayılır. Hökumət bilərəkdən tələf olan insanların sayını azalda bilərmi?

- Bilirsinizmi, hər yerdə belə hadisələr baş verəndə dediyiniz istiqamətdə söz-söhbətlər yayılır. Niyə rəqəmlər gizlədilsin? Bu zəlzələdir və Allah tərəfindən edilir. Təbii ki, belə fəlakətlərə qarşı hər bir ölkə hazır olmalıdır. Səhiyyə naziri təxminən 366 nəfərin öldüyünü deyib. Təbii ki, bu rəqəm arta bilər. Yəni dağıntı altından kimlərsə çıxarıla və ya xəsarət alanlardan dünyasını dəyişənlər ola bilər. Fikrimcə, belə iddialar, yalan demək şantaj məqsədi ilə olur. Ola bilər, haradasa dövlətin əli ilə hansısa hadisə olanda tələfatın sayı bilərəkdən azaldılsın. Bu da təbiidir. Çünki dövlət istəməz ki, öldürdüyü insanların sayını çox göstərsin. Ancaq İranda baş verənləri dövlət etməyib axı... Bu təbii fəlakətdir. Düzdür, dövlət orqanlarını tənqid etmək olar ki, niyə gec reaksiya vermisiniz, hazır olmamısınız, tikilən binalara nəzarət olmayıb və s. Amma ola bilməz ki, orada dünyasını dəyişənlərin sayı azaldılsın. Çünki bu zəlzələdən doğan bir faciədir.

- Zəlzələyə əsas səbəb kimi Kəleybər dağlarında nüvə sınaqlarının keçirilməsi haqda informasiya nə dərəcədə inandırıcıdır?

- Əgər belə bir şey olsaydı, bundan İrana qarşı təbliğat kampaniyası kimi istifadə edərdilər. Bir də axı bunu hansı mənbələr deyir? Belə iddialar ola bilər. Bu ona bənzəyir ki, mən qadına kişi deyim. Ona görə ki, əgər belə bir sınaq olsaydı, qərb ölkələri dünyaya haray salardı. Güman edirəm ki, belə fikirlər təbliğat məqsədilə deyilir. Həm də bu iddialarda məqsəd açıq hiss olunduğundan geniş yayıla bilmədi.

- Ancaq o da faktdır ki, hadisədən dərhal sonra Təbrizdən kömək üçün zəlzələ zonasına gedənlərin qarşısını kəsiblər və əraziyə buraxmayıblar...

- Yox. Qabaqlarını niyə kəssinlər ki? Əvvəla qabaqlarını kəsmək mümkün olmaz. İkincisi, mən gələndə gördüm ki, yollarda böyük tıxaclar var və hamı da köməyə getmək istəyir. Təbii ki, köməyi çatdırmaq üçün nizam-intizam olmalıdır. Hamı bir yerdə tökülüb necə köməklik edə bilər. Ola bilsin ki, nizam-intizamla bağlı tədbirlər həyata keçirilib. Təsəvvür edin ki, İranda 75 milyon əhalinin 30-35 milyonu gəncdir. Onlar hamısı birdən gəlib kömək etmək istəsə, hansı problemlər yaranar. Bu səbəbdən də hər bir şəhərdə qərargah yaradılıb. Kömək etmək istəyən ora müraciət etsin və bu proses sistemli, təşkilati şəkildə olsun.

- Artıq belə iddialar da var ki, İran hökumətinin zəlzələdən 7 saat sonra informasiya yayması, zəlzələ ərazisinə xilasedicilərin gec göndərilməsi, azərbaycanlılar vəfat etdiyi təqdirdə televiziyada komediya verilişlərinin göstərilməsi hakimiyyətin azərbaycanlılara qarşı biganə, ögey siyasətinin təzahürüdür...

- Mən belə arqumentlə razılaşa bilmərəm. Aşığın sözü qurtaranda dalay-dalay deyir. Mən özüm tənqid edirəm, şəxsi fikrim var və siyasi ekspert kimi də mətbuatda çıxış edirəm. Bu bilirsiniz nəyə bənzədi? Urmiya gölünü qurudurlar və bunu qəsdən edirlər məsələsinə. Ay oradan azərbaycanlıları köçürəcəklər və s. Camaatı oradan hara köçürəcəklər ki? Əvvəla nəzərə almaq lazımdır ki, İranın paytaxtı Tehranın əhalisinin 40-50 faizi azərbaycanlıdır. İranda əvvəllər də zəlzələ olub və onun nəticələrinin aradan qaldırılması ilə bağlı problemlər yaşanıb. 2006-cı ildə Bəm zəlzələsi baş verdi. Bu zaman da tənqidlər oldu. Bəm Azərbaycanda deyildi ki? Bəm İsfahana, Kirmana yaxındır. İran hakimiyyətində hər zaman bu yerlərdən olan şəxslərin sayı çox olub və hazırda da var. Ancaq Bəm zəlzələsindən sonra da ciddi tənqidlər baş verdi. Burada söhbət dövlət orqanlarının bu məsələ ilə bağlı zəifliyi və idarəetmədə olan problemlərdən gedə bilər. Bunu başqa səmtə yozmaq olmaz. Elə bir şey mümkün deyil. Hər bir fürsətdə suyu bulandırıb balıq tutmaq lazım deyil. Adamın sözü olar, təklifini deyər. Daha bundan bir şey yaradıb başqa səmtə istiqamətləndirmək düz iş deyil və mən bununla razı ola bilmərəm.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır