Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
çərşənbə axşamı

14 avqust 2012

19:30:00
337075

Azərbaycanda İslam

Azərbaycan İslam Hərəkatının Lideri Mövsüm Səmədovdur

Rövşən Əhmədli: "Mövsüm Səmədov nəinki AİP-in, ümumilikdə Azərbaycandakı İslam hərəkatının lideri kimi qəbul edilir"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bir neçə müddətdir ki, Azərbaycan İslam Partiyası qurultayla bağlı hazırlıq işləri görür. Bununla bağlı rayon və yerli təşkilat komitələrində konfranslar keçirilib. Eyni halda, qurultayın keçirilməsi ilə bağlı partiya müəyyən təzyiqlərə məruz qalıb. AİP-in sədr müavini Rövşən Əhmədli partiyanın qurultayı ilə bağlı FaktXeber.com-un suallarını cavablandırıb.

- Rövşən bəy, hazırda qurultayla bağlı işlər nə yerdədir?

- Əvvəla qurultayla bağlı yerli təşkilat komitələrində konfranslar keçirilməlidir. Mübarək Ramazan ayından əvvəl bir sıra rayonlarda konfranslar keçirilərək qurultay üçün heyətlər müəyyən olunub. Lakin Mübarək Ramazan ayı ilə əlaqədar səfərlər təxirə salınıb. Ramazan bayramından sonra konfransların keçirilməsi davam edəcək. Eyni zamanda onu da qeyd edim ki, rayonlardakı yerli məmurlar siyasi partiyalar haqqında qanunda nəzərdə tutulanın əksinə olaraq, AİP-in qurultayla bağlı keçirmək istədiyi tədbirlərə imkan vermirlər. Hüquq mühafizə orqanları bununla həm qanuna hörmətsizlik edirlər, həm də ki, qanunu bilmədiklərini nümayiş etdirirlər. Ümid edirik ki, bu problemlər aradan qaldırılacaq. İstənilən halda tədbir üçün rayon rəhbərliyinə müraciət edilir və hətta onların da iştirakı üçün şərait yaradılır. Qanunda da göstərilib ki, yerli icra hakimiyyətinin nümayəndələri bu tip tədbirlərin keçirilməsinə şərait yaratmalıdırlar. Lakin mane olmaq qanuna zidd, yardım etmək isə müvafiqdir. Təbii ki, Ramazan ayından sonra bütün konfranslar keçirildikdən sonra qurultayın vaxtı müəyyən ediləcək.

- Partiya sədrliyi ilə bağlı namizədlər varmı?

- Partiyanın qarşısında görüləsi çox ciddi işlər var. AİP-in Nizamnaməsində şəraitə və zaman uyğun olaraq müəyyən müsbət dəyişikliklər olub. Mümkündür ki, hər hansı bir təkliflər ola bilər. Hər bir halda partiyanın bütün məsələləri qurultay nümayəndələrinin təklifləri və onların rəyi əsasında həll edilir. O cümlədən də partiyaya rəhbərlik məsələsində də qurultay nümayəndələrinin rəyi və fikirləri əsas rol oynayır. Qurultaydan öncə namizədlərlə bağlı məsələlər müzakirə edilmir.

- Hər hansı bir şəxsin partiya sədri seçiləcəyi halda, AİP-in həbsdəki sədri Mövsüm Səmədova lider statusu veriləcəkmi?

- Əvvəla qeyd edim ki, Mövsüm Səmədov hazırda da Azərbaycan İslam Partiyasının sədridir. Onun partiyaya rəhbərlik etmək məsələsi məhdudlaşdırılsa da, partiya üzvlərinin hamısı onu sədr kimi qəbul edir. Əgər hər hansı bir şərait olsa, Mövsüm Səmədov təbii ki, partiyaya öz məsləhətlərini verəcək. Mövsüm Səmədovun partiya lideri olması hamı tərəfindən qəbul edilən bir məsələdir. Partiyanın hansı formada idarə edilməsindən asılı olmayaraq, hər bir halda Mövsüm Səmədov nəinki AİP-in, ümumilikdə Azərbaycandakı İslam hərəkatının lideri kimi qəbul edilir.

 

Xəyal Şükür

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır