Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Facebook
cümə axşamı

2 avqust 2012

19:30:00
334006

Əqidəvi Suala Cavab

Şiələrin Səhabə barəsində nəzəri nədir?

Şiələrin Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi barəsində olan nəzəri elə Allahın və Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğundan ibarətdir.

SUAL:

Şiələrin Səhabə barəsində nəzəri nədir?

CAVAB:

  Şiələrin nəzərindən Peyğəmbəri-Əkrəmi (səlləllahu əleyhi və alih) görüb onunla müsahib (yoldaş) olanlar bir neçə qismə bölünür. Biz bu qismləri şərh etməzdən öncə səhabənin tərifini qısa şəkildə veririk. “Peyğəmbər səhabəsi” ilə əlaqədar müxtəlif təriflər qeyd olunmuşdur. O cümlədən əhli-sünnənin nəzərində səhabə belə tərif olunur:

1. Səid ibn Müseyyib deyir: “Səhabə o kəsdir ki, bir, yaxud iki il müddətində Peyğəmbəri-Əkrəmlə (səlləllahu əleyhi və alih) yanaşı olmuş, onunla birlikdə bir, yaxud iki müharibədə iştirak etmiş və vuruşmuşdur.”1

2. Vaqidi deyir: “Alimlərin nəzərinə görə hər kəs Peyğəmbəri-Əkrəmi (səlləllahu əleyhi və alih) görüb və İslamı qəbul edibsə, həmçinin din işində təfəkkür edərək ona razı olmuşsa bizim nəzərimizdə Peyğəmbər səhabəsi hesab olunur, hətta günün bir saatı qədər olmuş olsa belə.”2

3. Məhəmməd ibn İsmail Buxari belə deyir: “Müsəlmanlardan hər kəs Peyğəmbərlə (səlləllahu əleyhi və alih) müsahib olmuşsa, yaxud onu görmüşsə o həzrətn səhabəsi adlanır.”3

4. Əhməd ibn Hənbəl deyir: “Hər kəs bir ay, yaxud bir gün, yaxud bir saat Peyğəmbərlə (səlləllahu əleyhi və alih) müsahib olmuşsa, yaxud o həzrət görmüşsə səhabələrdən sayılır.”4

Sünnü alimlərinin nəzərində istisnasız olaraq bütün səhabələrin ədalətli olması məsələsi danılmaz bir prinsip kimi qəbul edilmişdir. Yəni hər kəs Peyğəmbərlə (səlləllahu əleyhi və alih) müsahib olmuşsa hökmən adildir.5

İndi isə Quranın aydınlıq verən ayələrinin sayəsində bu nəzəriyyələri araşdırır, şiənin vəhy məntiqindən qaynaqlanan nəzərini qeyd edirik:

Tarixdə on iki mindən artıq adam “Peyğəmbər (səlləllahu əleyhi və alih) səhabəsi” kimi qeyd edilmişdir ki, onların arasında müxtəlif simalar gözə dəyir. Şübhəsiz, Peyğəmbəri-Əkrəmlə (səlləllahu əleyhi və alih) yoldaş olmaq böyük bir iftixardır ki, müəyyən insanlara nəsib olmuşdur və İslam Ümməti də onlara həmişə ehtiram nəzərləri ilə baxırlar. Çünki onlar İslam dinini qəbul edən ilk şəxslər olmuş, İslamın izzət və şövkətli bayrağını ilk dəfə olaraq ucaltmışlar. Quran da daim bu hərəkatın önündə gedən belə bayraqdarları tərifləyərək buyurur:

لَا يَسْتَوِي مِنكُمْ مَنْ اَنفَقَ مِنْ قَبْلِ الْفَتْحِ وَقَاتَلَ اُوْلَئِكَ اَعْظَمُ دَرَجَةً مِنَ الَّذِينَ اَنفَقُوا مِنْ بَعْدُ وَقَاتَلُوا

“Məkkənin fəthindən qabaq mal-dövlətlərini (Allah yolunda) ehsan edib mübarizə edənlər bu işdən sonra infaq və cihad edənlərlə bərabər deyillər; əksinə onlar yüksək bir dərəcəyə malikdirlər.”6

Eyni halda bunu da etiraf etməliyik ki, Peyğəmbərlə (səlləllahu əleyhi və alih) müsahib olmaq elə bir kimya deyildi ki, bütün insanların mahiyyətini dəyişdirsin, onların hamısına, ömürlərinin axırına qədər zəmanət versin və aqillər cərgəsində qərar versin. Bu məsələnin aydın olması üçün hər şeydən öncə bütün müsəlmanlar tərəfindən qəbul edilən Qurana üz gətirir və onun həll olunmasında bu müqəddəs asimani kitabdan kömək istəyirik:

 

QURAN NƏZƏRİNDƏN SƏHABƏ

Vəhy məntiqində Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) hüzuruna çatan və onunla müsahib olan (yoldaşlıq edən) şəxslər iki dəstədir:

 

BİRİNCİ DƏSTƏ

Onlar Quran ayələrində təriflənmiş, İslamın şövkətinin və əzəmətli sarayının bünövrəsini qoyanlar kimi qeyd olunanlardır. Biz burada həmin dəstədən olan səhabələrlə əlaqədar bəzi ayələri qeyd edirik:

 

1. İlk iman gətirənlər:

وَالسَّابِقُونَ الاَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالاَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِاِحْسَانٍ رَضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَاَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الاَنْهَارُ خَالِدِينَ فِيهَا اَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

“Mühacir, ənsar və onlara tabe olan ilk iman gətirənlər... Allah onlardan, onlar da Allahdan razıdır və Allah, ağaclarının altından çaylar axan behişt bağlarını onlar üçün hazırlamışdır, bu, həqiqətən də böyük qurtuluşdur.”7

 

2. Ağacın altında beyət edənlər:

لَقَدْ رَضِيَ اللَّهُ عَنِ الْمُؤْمِنِينَ اِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِي قُلُوبِهِمْ فَاَنْزَلَالسَّكِينَةَ عَلَيْهِمْ وَاَثَابَهُمْ فَتْحًا قَرِيبًا

“Allah, səninlə ağacın altında beyət edən möminlərdən razı oldu və onların qəlblərindən keçənləri bildi. Bundan sonra onların qəlbinə aramlıq nazil etdi və yaxın olan qələbəni onlara mükafat verdi.”8

 

3. Mühacirlər:

لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ اُخْرِجُوا مِن دِيَارِهِمْ وَاَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنصُرُونَ اللَّهَ وَرَسُولَهُ اُوْلَئِكَ هُمُ الصَّادِقُونَ