Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadlıq
şənbə

12 may 2012

19:30:00
314792

Əliyevlərin Azərbaycana Xəyanətləri

Rəhim Qazıyev Şerbakla məxfi danışığını açıqladı

H. Əliyev mənə ölüm hökmü verərək ölüm korpusuna saldı. 12 illik həbs cəzası çəkdim. Ölmədim. Ölüm Allahdan gələndə öləcəm.

Əhli Beyt -ABNA- xəbər agentliyi- Gəncə hadisələri ilə bağlı qəzetimizə müsahibəsində baş prokuror Ixtiyar Şirinov bir sıra maraqlı faktlar açıqlayıb. I.Şirinov bildirib ki, Gəncə hadisələri Rusiya tərəfindən planlaşdırılıbmış və H.Əliyev də bundan istifadə edib və bu, Azərbaycanı fəalakətə aparıb. I.Şirinovun müsahibəsində açıqladığı ciddi məqamlardan biri sabiq müdafiə naziri Rəhim Qazıyevin Gəncədəki rus diviziyasının rəhbəri Şerbakla telefon danışığına dairdir:

“Hadisələri Rusiya təşkil etmişdi. Surət Hüseynov Rusiyanın adamı idi. Ağsaqqallı isə Gəncədəki diviziyanın rəhbəri Şerbak idi. Hətta bizdə Şerbakın Rəhim Qazıyevlə telefon danışıqları var idi. Şerbak demişdi ki, mənə dəstək verin, hakimiyyəti devirim. Biz bunu bilirdik və tədbir görürdük. Lakin xəyanət baş verdi. Müdafiə Nazirliyi öz işini görmədi. Həmçinin, yuxarıda qeyd etdiyim kimi, bəzi siyasi qüvvələr vəziyyəti dramatikləşdirdi”.

Məsələ ilə bağlı Rahim Qazıyevin də mövqeyini öyrəndik. Onun Şerbakla bu məzmunlu telefon danışığının olub-olmadığını sorduq. I.Şirinovun ittihamlarının əsassız olduğunu deyən R.Qazıyev vurğuladı ki, keçmiş baş prokuror öz buraxdığı səhvlər barədə danışsa, yaxşı olar: “Ixtiyar Şirinov bir şillə vurulacağı təhlükəsi olan zaman yatanda yuxusunda görmədiyi vəzifəni ona verən Əbülfəz Elçibəy barəsində həbs-qətimkan qərarını imzalayıb. Bu qərarın əsli məndə var. Ikinci tərəfdən, Ixtiyar Şirinov onun şərəf və ləyaqətini alçaltdığım üçün məni məhkəməyə vermişdi. Məhkəmədə onun iddiası ləğv olundu. Hakim bildirdi ki, Ixtiyar Şirinov prosessual qanunlara uyğun olaraq ərizə yaza bilməyib. Təsəvvür edin, ədliyyə generalı şikayət ərizəsini düzgün yaza bilməyib”.

Şerbakla telefon danışığı barədə söylənilənlərə gəlincə, R.Qazıyev bildirdi ki, 1993-cü il fevralın 17-də Milli Məclisdə dövlət başçısının iştirakı ilə qapalı toplantı keçirilib. Həmin toplantıda milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər qalxaraq nazirlikdə R.Qazıyevin ruslara işlədiyi və təxribat hazırladığı barədə məlumat olduğunu dedi: “Həmin toplantıda mən bildirdim ki, Şerbakla fevralın 9-da 93-cü ildə Ağdarədə vəziyyət ağırlaşan zaman danışmışam. Mən ona zəng edərək dedim ki, Şerbak, mənə silah-sursat cəhətdən kömək elə, vəziyyəti düzəldək. Şerbak isə mənə dedi ki, cənab nazir, sən burda torpağın üçün vuruşursan, amma sizinkilər səni məhv eləmək istəyir. Mən isə dedim ki, Şerbak, sən vəziyyəti düzəltmək üçün kömək elə, özümüzkülərlə mən özüm məşğul olaram. Əgər burda vətənə xəyanət və ya bu ittihamları səsləndirənlərin əlində başqa sənədlər varsa, üzə çıxartsınlar. Indi Ixtiyar Şirinov ləyaqətdən, xəyanətdən danışır. Məndən sonra bunlar bir kvadratmetr torpaq alaydılar, o zaman mənim başımı qəssab kötüyünə qoyub kəsəydilər. Ümumiyyətlə, hətta doğma qardaşım vətənə xəyanət edibsə, onu gizlətsəm, alçaq adamam”.

R.Qazıyev onu da bildirdi ki, Şerbakın xəbərdarlığına sərt cavab verməsinin də səbəbi olub. Çünki həmin telefon danışığından bir gün əvvəl R.Qazıyev Ağdərədə olarkən onun oturduğu qərargahdan 50 metr aralıda 3 mərmi düşüb. Araşdırma zamanı məlum olub ki, mərminin qəlpəsi 152 millimetrlik topa məxsus olub. R.Qazıyevin sözlərinə görə, həmin dövrdə ermənilərin 152 millimetrlik topu olmayıb. Bu sui-qəsdi kimin təşkil edə biləcəyi sualına R.Qazıyevin cavabı belə oldu: “Bu bir sui-qəsd faktıdır. Mənə çoxlu sui-qəsd olub. Bütün bunları 27 iyul 1993-cü ildə mənə qranatamyotla atəş açan, Şuşada məni öldürmək istəyən, amma buna nail ola bilmədiyi halda Rəhim Qazıyevin özünü vurduğunu elan edənlər edib. Bundan başqa, Gəncədə vertolyota minmək istəyəndə vertolyot gözlənilmədən yerində alışmışdı. Bütün bu sui-qəsdlərin üstü açılmayıb. Allahdan hökm gələndə öləcəm. Heydər Əliyev mənə ölüm hökmü verərək ölüm korpusuna saldı. On iki illik həbs cəzası çəkdim. Ölmədim. Ölüm Allahdan gələndə öləcəm. Hələ yaşayıram və heç kəsdən çəkinmirəm”.

O zaman milli təhlükəsizlik nazirinin müavini olan Sülhəddin Əkbərə müraciət edərək nazirliyin əlindən keçən telefon danışığının məzmununa aydınlıq gətirmək istədik. Həmin dövrlə bağlı ciddi araşdırmanın aparılmasının tərəfdarı olan S.Əkbər vurğuladı ki, bu məsələləri yalnız açıqlamalara əsasən araşdırmaq olmaz. Amma bununla belə S.Əkbər qanuna müvafiq olaraq həmin dövrdə telefon danışıqlarının dinlənildiyini təsdiqlədi: “Şerbakla Rəhim Qazıyevin telefon danışığı olub və o da qeydə alınıb. Amma danışığın məzmunu və incəlikləri barədə məlumat verə bilmərəm”.

O zaman baş nazir vəzifəsində çalışan Pənah Hüseyn də belə bir danışığın olduğunu bizimlə söhbətdə etiraf etsə də təfərrüatlara varmadı: “Həmin telefon danışıqları ilə bağlı Milli Məclisin qapalı toplantısı keçirilib. Həmin müzakirələr barədə Rəhim Qazıyev həbsdən çıxandan sonra müsahibələrində danışıb. Həmin telefon danışıqlarının məzmunu barədə məlumatım olsa da, bu barədə şərh vermək istəmirəm”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır