Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadliq
cümə axşamı

10 may 2012

19:30:00
314378

Vətənimizi Satanlar Kimlərdir?

“O sözləri atam haqqında desəydilər, onu güllələyərdim”

Keçmiş müdafiə nazirinin Heydər Əliyevə 2 saatlıq video-müraciətində nələr var?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən keçmiş müdafiə naziri Rəhim Qazıyevin “Azadlıq”da dərc edilən müsahibəsi böyük rezonans yaratdı. Müsahibə bir sıra məqamlara aydınlıq gətirməklə yanaşı, həm də R.Qazıyevə qarşı oxucuların aqressiv münasibətini ortaya qoydu. “Azadlıq”ın internet saytında müsahibənin şərh bölümündə və “facebook” sosial şəbəkəsində R.Qazıyev acı reaksiyalarla üzləşdi. Şərhlərdə R.Qazıyevə yönələn ağır ittihamlarla əlaqədar sabiq nazirin da mövqeyini öyrənməyi lazım bildik.

- Rəhim bəy, müsahibənizə çox ağır şərhlər yazıldı. Onlarla tanış oldunuzmu?

- Müsahibəni “Azadlıq”ın qəzet variantından oxuduğumdan, saytda yazılanları izləməmişəm. Amma bu haqda eşitmişəm.

- Oxucuların bir çoxu sual edir ki, siz niyə indiyə qədər susmuşdunuz, niyə indi danışırsınız?

- Mən indi danışmıram, həmişə öz sözümü demişəm. Heç vaxt susmamışam. Axtarışda olanda da, həbsdəykən də onlarla məktub yazmışam, müraciətlər etmişəm, Azərbaycan ziyalılarına sözümü çatdırmışam.

- Bu müraciətlərin məzmunu hakimiyyətə qarşı idi?

- Bəli. Mənim əlimdə sənədlər var, qəzetləri saxlamışam. 90-cı illərin sonunda “Millətin səsi”, “Yeni Müsavat” qəzetlərində məktublarım çıxıb. Onların hamısında rejimə müxalif münasibətimi ifadə etmişəm. Mən nə edim ki, geniş oxucu kütləsinə çıxa bilmirəm? Neyləyim ki, hər yeri üzümə bağlayıblar? Əlimdən yazmaq gəlirdi, yazıb yollayırdım, qəzetlərdən hansı bacarırdısa, çap edirdi.

- Şərhlərdə belə bir fikir də yer alır ki, siz hazırda hakimiyyətin dəyişmək ərəfəsində olduğunu duyduğunuza görə Əliyevlərin əleyhinə çıxış edirsiniz. Yəni, bu çıxışlarla siyasi dividend toplayırsınız...

- Nə deyə bilərəm... Yaşımın 70-ə çatmasına az qalıb. Bundan cavan vaxtlarımda hamının gözü qarşısında Heydər Əliyevin təklif etdiyi vəzifəni əlimin arxası ilə çevirmişəm. Mən vəzifə ehtirası ilə yaşayan, fürsətgüdən adamlardan deyiləm. Hər zaman düşündüklərimi demişəm, indi də onları təkrarlayıram. Sadəcə, indi bu söhbətlər ona görə çox səs-küy yaratdı ki, “Azadlıq” kimi tirajlı qəzet vasitəsilə dediklərimi çox insan eşitdi.

Bəli, mən bu rejimə müxalifəm. Ən böyük arzularımdandır ki, xalqın xirtdəyinə kal armud kimi 20 ildir ilişənlər getsin.

20 ildir əvvəlcə ata, sonra da oğul Əliyev Qarabağı almaq üçün “lazımı” gözləyir. Lazım da gəlmir. Axı bu o Heydər Əliyev idi ki, pencəyini çiyninə atıb Qarabağa gedəcəyini demişdi...

- Sizin MTN-dən qaçırılandan sonra Heydər Əliyevə video-müraciətinizin olduğu deyilir. Bu doğrudurmu?

- Bəli.

- Bu nə zaman olub və məzmunu nədən ibarətdir?

- 1993-cü il noyabarın 22-də məni həbs etdilər. 1994-cü il  sentyabrın 21-22-də məni MTN-dən qaçırdılar. Bu, bizi məhv etmək üçün plan idi. O planı mən pozdum. Bu hadisənin səhəri gün mən Arif Paşayevlə bəyanat yazıb, Heydər Əliyevə, parlamentə, MTN-ə, ANS-ə göndərdik ki, biz qayıtmağa hazırıq, ancaq tələbimiz cəmiyyət üçün açıq məhkəmənin keçirilməsidir. Bu bəyanatı ANS-dən başqa heç kim vermədi. Buna görə də Vahid Mustafayevi döydülər, kanal da ay yarım-iki ay bağlı qaldı.

1995-ci ilin 27 aprelində o video-müraciəti hazırladım. 2 saat 35 dəqiqəlik müraciətdir, birbaşa Heydər Əliyevə ünvanlanıb. Bu müraciətdə mən özümə qarşı yönələn ittihamları cavablandırmışam. Eləcə də Əliyevin, onun yaxınlarının etdiyi cinayətləri bir-bir sadalamışam.

- Sirr deyilsə, o kaseti ünvanına necə çatdırdınız? Çünki həmin vaxt axtarışda idiniz?

- Bu elə belə iş deyildi ki... Ətraflı düşünmüşdüm və bu kasetləri bir neçə dövlət orqanına fədakar adamlar vasitəsilə çatdırmışdım. Özü də elə qaydada ki, o adamları heç kim deşifrə edə bilməsin. Edə bilmədilər də...

- Sizcə, Heydər Əliyev o müraciətinizi izləyib?

- Əlbəttə, özü də iki dəfə. Heydər Əliyev ona AzTV-nin o vaxtkı sədri Babək Hüseynovla baxıb. Izləyəndən sonra o, güc nazirlərini çağırıb danlayıb ki, “siz Rəhimi necə axtarırsınız ki, o, kino çəkib mənə yollayır?”

- Həmin video-materialı “Azadlıq” saytına təqdim edə bilərsinizmi?

- Sabah o, sizdə olacaq.

- Belə bir maraqlı şərh də var ki, siz Şuşanın işğalından bir gün əvvəl - 7 mayda Moskvada olmusunuz, daha doğrusu, həmin gün təyyarə ilə Bakıya qayıdırmışsınız. Bu doğrudurmu?

- Xahiş edirəm, cavabımı olduğu kimi yazın. O fikri yazan adam ya xəstədir, ya da gözünə mən xəyal kimi görünmüşəm. Mən Moskvadan mayın 5-də qayıtmışam. Orada olmağımın səbəbi isə rus ordusunun Azərbaycandan çıxarılması üçün 15 mayda Daşkənddə imzalanacaq protokolu hazırlamaq olub.

- Qəzetə yazılan acı şərhlər kimi reaksiyalarla insanlarla canlı təmaslar zamanı da qarşılaşırsınızmı?

- 7 ildir ki, həbsdən çıxmışam. O vaxtdan bu günə qədər insanlar arasında sərbəst gəzirəm, nə cangüdənim var, nə də başqa bir mühafizəm. Hər suala da cavab verməyə hazıram. Bu müddətdə cəmi 2-3 nəfər yaxınlaşıb deyib ki, ay torpağı satdın-filan. Onlardan da birini tanıyıram, öyrədilmiş adam idi.

- Tanıdığınız-tanımadığınız insanlardan ağır ittihamlar eşitmək sizi ağrıdırmı?

- Bilirsinizmi, mən insanlarımızı qınamıram. Mənim kimi onlar da informasiya blokadasında qalıb. Bəziləri səmimi olaraq, mənim haqqımda elə düşünürlər. Mən bu adamlara heç nə deyə bilmərəm, qınamıram da. Sizə bir söz deyim, 20 ildir mənim əleyhimə əks-təbliğat gedib. Haqqımda elə sözlər deyiblər ki, atam haqqında onu desəydilər və mən sadəlövh biri olsaydım, inanıb, gedib doğma atamı güllələyərdim.

Amma sifarişlə ağızlarına gələni yazanlar var ha... Onlara demək istəyirəm ki, kişi öz mənliyini 3-4 manata satmaz. Bu cür çirkli yolla balalarınıza çörək qazanmayın.

 

Natiq

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır