Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Bizim Yol
cümə

13 aprel 2012

19:30:00
308671

Rejimin Müvəffəqiyyətsizliyi

Cümə namazında MTN-nin antiterror söhbətləri

Namaz qılan deputat: “Hakimiyyət ibadət əhlindən qorxduğu üçün qorxudur”

Əhli Beyt -ABNA- xəbər agentliyi- Ölkənin müxtəlif bölgələrində antiterror əməliyyatlarının keçirildiyi, xüsusilə vəhhabi mənsəbli insanların göz altına alınması fonunda, paytaxt dindarları arasındakı əhval-ruhiyyə diqqətçəkicidir. Bununla əlaqədar, “Bizim Yol” əməkdaşı Bakıda, Yasamal rayonu ərazisində yerləşən “İlhaiyyət fakultəsi Camisi”nə baş çəkərək, son hadisələrlə bağlı oradakı ab-havanı öyrənməyə çalışıb.

Dünən cümə günü olduğundan, məscid ifrat qələbəlik idi. Namaz vaxtına 1 saatdan artıq vaxt qalıb. Məscidin həyətində artıq 200-ə yaxın adam var. Dəstəmaz alıb, ibadətə hazırlaşırlar. Məscidin həyətində müşahidə etdiklərimizi qələmə almazdan öncə bayır tərəfdəki mənzərəni təsvir edək.

İbadət əhli namaza tələsir. Bu qələbəlikdə səyyar satıcılar da gözə dəyir. Onlar dini kitablar, bədii və sənədli filimlər, müxtəlif növ dini əşyalar, ətirlər satırlar. Ayrıca, dindarların istifadə etdikləri, özlərinəməxsus sular, ədviyyatlar, kolbasa məhsullarına, ətirli corablara, müxtəlif xəstəliklərin dərmanı olan təbii məhsullara da rast gəlinir.

Məscidin həyətinə daxil oluruq. Giriş-çıxışın hər birində dilənçilərə rast gəlinir. Ərazidə Post Patrul Xidmətinin dəyənəkli polisləri də gəzişir. Namaz vaxtı yaxınlaşır və imam-cümə xütbə deməyə başlayır. İki mərtəbəli məscidin içi adamlarla dolu olduğu üçün, həyətə də xalçalar düzürlər. Get-gedə namaz əhlinin sayı artır. Kimi namaz qılır, kimi də xütbəni dinləyir.

“Onlar kreslo düşünür, bizsə axirət”

Məscidin birinci mərtəbəsində ortadoksal əhli-sünnə tərəfdarları, ikinci qatda isə vəhhibi mənsəblilər çoxluq təşkil edir. Dindarlarla həmsöhbət olub fikirlərini öyrənirik. Onlar rəhimli və mərhəmətli Allahın adı ilə söhbətlərinə başlayırlar.

“Allahu əkbər! Ölkədə xaos, çaşqınlıq var. Biz Allahımıza ibadət edirik. Burnundan uzağı görməyənlər var. Biz isə hazırkı həyatımızla yanaşı ruhun bədəndən çıxmasından sonransını da düşünürük. Kimlərsə 5 günlük dünyada stol, kreslo düşünür.  İslam humanistlikdir. Beynəlxalq təşkilatların qanunlarına diqqət edin, orada yazılanların çoxu müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”də var. Biz özümüz olsaq, yaxşı olardı. İslam müasir dindir, xristianlıq və digər dinlər isə bizim eranın əvvəlləri və eramızdan əvvəlki dövrdə yaşayan insanlar üçündür... Bizimkilər özlərini Qərbə, Amerikaya yaxşı göstərmək üçün müxtəlif qəbuledilməz tədbirlər həyata keçirirlər. Çox təəssüf olsun ki, konstitutusiyamız pozulur. Burada “din dövlətdən ayrıdır” yazılıb, amma dini siyasətə qatıblar. İslam ölkələrinə təzyiq üçün də başlayırlar ibadət əhli olan insanlara təzyiq göstərməyə. Dindarların həbsi əvvəllər də olub, heç nə dəyişməyib, eyni taktikadır. Və proses davam edir. Yaxın illərdə orta və ali məktəblərin bəzilərinə qadınların hicablı daxil olmasına icazə vermirdilər.  Təhsili rüşvətdən xilas etmək lazımdır, hicabın olub-olmamasının təhsilə heç bir zərəri yoxdur ”, -deyə vəhhabi mənsubu Əhməd deyir.

“Hakimiyyət qorxur və qorxudur”

Xütbədə İslam peyğəmbəri Həzrəti Məhəmmədin (s) həyatından danışılır, Ərəbistanda yaranan dinin qısa zamanda necə Asiyanı, Afrikanı, Avropanı əhatə etməsindən söz açılır. Və namaz vaxtı yetişir. Məscidin içində və həyətində minlərlə dindar cəmləşib. Namaz qılanlar arasında pakistanlılar da var. Tələbələr, vəzifəli şəxslər də gözə dəyir.

İbadət edənlər arasında Milli Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu da var. Onun da dindarların həbsinə münasibətini öyrənirik. “Baxın, təkcə bu məsciddə izdihamlı mitinqdə iştirak edəcək qədər insan var. Hakimiyyət ibadət əhlinin çoxluğundan və hakimiyyətə təzyiq imkanının olmasından ehtiyyat edir. Ona görə də hakimiyyətin məqsədinə uyğun olaraq münasib zamanlarda ibadət əhli olan insanlar həbs olunur. Hicablıları təhsil ocaqlarına buraxmırlar. İbadət əhlinə edilən təzyiqlər müxtəlif məsələlərə hesablanır. Bir sözlə hakimiyyət qorxur və qorxudur”.

“İslamda terror yox, ədalət naminə cihad var”

Zöhr namazı bitir, millət vəkilinin şəklini çəkdiyimizi görən Hidayət adlı bir nəfər bizə yaxınlaşır və yanında ibadət edən şəxsin millət vəkili olmasından qürur duyduğunu deyir: “Nə yaxşı ki, Milli Məclisdə belə insan var. Dünyanı yaradan və mövcudluğunu qoruyub saxlayanı - Allahı sevən şəxs valideynlərinə, qohumlarına, ümumilikdə xalqına dəyər verər. Belə insandan heç kimə zərər dəyməz. Bu sözləri sidq ürəklə Yaradana ibadət edən bütün şəxslər barəsində demək olar”.

Fazil Qəzənfəroğlunun çıxışlarına telekanallarda qulaq asdığını, mətbuatdan oxuduğunu deyən həmsöhbətimiz hesab edir ki, o, digər millət vəkillərinə nisbətən xalqın haqq səsinin çarçısıdır: “Müsəlmanlar qardaşdırlar. Ölkənin ikinci böyük şəhəri olan Gəncədə baş verənlərdən üzüldük. Həqiqətən də onlar ibadət əhlidirlərsə, onlar terror etməzlər. Çünki, İslamda insanın insanı öldürülməsi qəbuledilməzdir. Mən anlaya bilmirəm ki, niyə terroru İslamla bağlayırlar? İslamda cihad var, bu isə ədalət naminə edilir, yəni pozulmuş ədalətin bərpası üçün”.

 

Ramid İBRAHİMOV

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır