Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Ruhanilər Org
çərşənbə axşamı

10 aprel 2012

19:30:00
308015

Həqiqəti Dinləyənlər Üçün

N.Şirin: Saray ruhanilərinin minbərlərdəki çıxışlarına aldanmayın…!

Azərbaycanlı şərəfli, igid qardaşlarımdan və bacılarımdan xahiş edirəm ki, zindanlardakı qardaşlarını bir an olsun unutmasınlar...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin məşhur araşdırmaçı yazarı, İsra mədəniyyət mərkəzinin sədri, Nurəddin Şirin Xebername.az İnternet qəzetinə müsahibə vermişdir.

- Müxbir: Azərbaycandakı dindarların həbs olunmasını necə dəyərləndirirsiniz?

- Nurəddin Şirin: Azərbaycan xalqı 70 illik Sovet kominist diktatorluğunda dinindən dönməmiş, müqəddəsatından imtina etməmiş, azadlığına qovuşduqdan sonra İslami şəxsiyyətini gücləndirərək, İslam və Quran bayrağı altında və Əhli beyt (ə) yolunda böyük bir izzət ortaya qoymuş, həm Azərbaycanda İslami dirilişi canlandırmış, həm də dünya müsəlmanlarına qarşı məsuliyyətlərini yerinə yetirməkdə böyük mərdlik göstərmişdir.

Azərbaycan xalqı, xüsusilə gənc qardaşlarımız Azərbaycan torpaqlarını işğal edən erməni qatillərinə qarşı mübarizə ruhunu dahada qüvvətləndirmiş eyni zamanda işğal altındakı Fələstin və Qüdsü müdafiə etmək, İslamın və müsəlmanların ən böyük düşməni sionizmə qarşı mübarizədə böyük işlər görmüşdülər.

Buna görədir ki, Qərb imperializmi və sionizmi, Azərbaycan xalqının göstərdiyi bu müqavimət ruhundan qorxmuş, İslami oyanış və müqavimətin öndərlərini özünə hədəf seçmiş, onların həbs edilməsi, müqavimət ruhunun qırılması üçün bütün yollara əl atmışdır.

Başda İslam Partiyası sədri Hörmətli Mövsüm Səmədov olmaqla, İslam partiyasının digər idarəçiləri, hacı Abgül Süleymanov, Zülfiqar Mikayılzadə, Tale Bağırov kimi mübariz alimlər, Ramin Bayramov kimi cəsur jurnalistlər və dindar müsəlmanlar Azərbaycanda İslami dirilişə və mübarizəyə öndərlik etdikləri üçün qanunsuz həbs olunmuşlar, haqqlarında ağır həbs cəzaları verilmişdir. Lakin, tarix bizə öyrətmişdir və Quranda Allah vəd vermişdir ki, zalımların sonu həmişə çox pis olmuşdur, məzlumlar hər vaxt qalib gəlmişdir. Bu gün Azərbaycanda dindarlara hər nə qədər zülm edilsədə İslamın sədasını kəsmək, İslamın qələbəsinə maneə törətmək mümkün olmayacaq. Bu vəsilə ilə, təkrardan Azərbaycandakı qardaşlarıma salam göndərərək, zindanlardakı əzizlərimizin əllərindən öpürəm. Onlar yalnız Azərbaycanın deyil, bütün dünya müsəlmanlarının iftixarıdırlar. Heç kəs fikirləşməsin ki onlar təkdirlər, edilən bu zülmlər cavabsız qalacaq. Bizlər Türkiyədəki müsəlmanlar olaraq, Azərbaycanlı qardaşlarımızın qaldırdığı izzət və müqavimət bayrağını əllərimizə alaraq bu bayrağı həmişə dalğalandıracağıq.

- Müxbir: Sonda saytımızın istifadəçilərinə son sözləriniz lütfən…

- Nurəddin Şirin: Azərbaycanlı qardaşlarımızdan İslam və Quran yolunda, Əhli-Beytin bayrağı altında, İslamın müqəddəsatını müdafiə etmə mübarizəsini qorxmadan davam etdirmələrini diləyirəm. Mən özüm həyatımda 10 il zindanlarda oldum, heç bir zaman kədərlənmədim və peşman olmadım. Əksinə, zindanlarda keçən hər saatımı böyük bir bərəkət və nemət olaraq görürəm. Bu səbəbdən Azərbaycanda islamın müqəddəsatını igidcə müdafiə etdikləri üçün zindanlardakı qardaşlarıma qibtə edirəm, onların Allah qatında nə böyük mövqelərdə olduğunu bilirəm, kaş ki mən də onların mövqelərinə çata biləm deyə Allaha dua edirəm.

Bu gün baxırıq ki, bəziləri özlərini həm dindar, həm də alim kimi göstərir. Həm Əhli-Beyt məktəbinə bağlı olduğunu söyləyir, həm də minbərlərə çıxıb, orda burda danışıb Azərbaycandakı müqavimət ruhunun öldürülməsi üçün, xalqın və gənclərin müqavimət xəttindən çıxması üçün səy sərf edir. Bu edilənlər Şam saraylarında toplananların etdikləri kimidir. Müaviyənin süfrəsində oturanlar nə etdilərsə, nə söylədilərsə, bu gün aramızdakı bəziləri eynisini edir. Onların bu hərəkətləri sizləri çaşdırmasın, Minbərləri sizi aldatmasın. Saxtakar, yalançı və ikiüzlü sözləri sizləri aldatmasın. Çünki onlar zalımlar qarşısında əyilmənin böyük zillətini çiyinlərində daşıyırlar. Dünyapərəstlikləri və mövqepərəstlikləri, eqoizm və nəfspərəstlikləri onları ağuşuna almışdır, hədəfləri öz mənfəətləri və mövqeləridir. Onların imam Hüseyni (Ə) Yezidə satan Kufəlilərdən heç bir fərqi yoxdur. Əhli-Beyt məktəbi yaltaqların və zillətə məhkum olmuşların yolu deyil, dik dayananların və müqavimət göstərənlərin məktəbidir. Bunu da zindanlardakı qardaşlarımız göstərmişlər.

Azərbaycanlı şərəfli, igid qardaşlarımdan və bacılarımdan xahiş edirəm ki, zindanlardakı qardaşlarını bir an olsun unutmasınlar. Onlar bizim şərəf və namusumuzdur. Onların ailələrinə haqqıyla sahib çıxsınlar, onlara təklik və köməkçisizlik hissi yaşatmasınlar. Görəsən, İmam Hüseynin yetim qızı Hz. Rüqəyyə (s.ə) bibi Zeynəbə (s.ə) „bibi atam haradadı, nə vaxt gələcək?” deyə soruşduğunda „səfərə getdi, balam, səfərdən gələcək” deyən Hz. Zeynəbin (s.ə) necə bir ruh halında olduğunu düşünə bilirikmi? İndi zindanlardakı bu əzizlərimizin uşaqları, həyat yoldaşları, onların azadlığını fikirləşə bilirmi? Atalarını, həyat yoldaşlarını yanlarında, öz evlərində, öz süfrə başlarında görmək istəmirmi? Bizlər Türkiyədə bir gün olsun bu əzizlərimizi unutmuruq və unutmayacağıq.

- Müxbir: Təşəkkür edirik...

- Nurəddin Şirin: Mən də təşəkkür edirəm, sizə də müvəffəqiyyət diləyirəm. Allah köməkçiniz və qoruyucunuz olsun.

 

Hazırladı Xebername.az İnternet qəzetinin baş redaktoru Seymur İsmayılov

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır