Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadliq
cümə axşamı

29 mart 2012

19:30:00
305383

Xalqa Qənim Çıxan tayfa

əliyevlərin məmur kabinetində döyülən nənə

Evi Kürdə, sağlamlığı icra hakimiyyətində, azadlığı polisdə, pulu məhkəmədə batdı

Əhli Beyt -ABNA- xəbər agentliyi- Saatlı rayonunun Musalı kənd sakini, 70 yaşlı Hafizə Şıxəliyevanı dinlədikcə dəhşətdən nə deyəcəyimizi bilmirdik. Bu səbəbdən, Kür daşqınından zərər çəkən bu nənənin dediklərini sizin nəzərinizə çatdırırıq.

- Kür çayının daşması ilə əlaqədar rayonda çoxlu sayda mənzil pis günə qaldı. Yaşadığım Musalı kəndi də daşqın fəlakətini yaşayan kəndlərdən biridir. Mənim evim də dağıldı. Evimi min bir əziyyətlə tikib başa çatdırmışdıq. Onun tikintisi ilə bağlı ən azı 20 dəfə Saatlı rayonu İcra Hakimiyyətinə getmişəm. Hər dəfə də məni oranın işçiləri qovublar. Mən istəyirdim ki, evimi tiksinlər. Tələbim də bununla bağlı idi. 9 nəfər ailə üzvümüz var. Ancaq bunun əvəzində tamam başqa vəziyyətlə üzləşdim. 2011-ci ilin yayında icra başçısının müavini məni döydü. Mən də həkimdən keçdim. Sonra da polis idarəsinə şikayət etdim. Amma bir nəticəsi olmadı.

- İcra başçısının hansı müavini döydü sizi?

- Birinci müavin - İlham Quliyev. Elə ondan sonra bu qolum demək olar ki, şikəst kimi olub (sol qolunu göstərir -müəl.). Həkimlərdən sənəd alıb polislərə təqdim etsəm də, bu adamı polisə dəvət edib sorğu-sual etmədilər.

- Döyəndən sonra icra hakimiyyəti nümayəndələri sizinlə maraqlandılarmı?

- Bu hadisədən bir neçə ay sonra yenidən İcra Hakimiyyətinin binasına yollandım. Başqa əlacım yox idi, çünki evim dağılıb, yaşamağa yerim yoxdur. İcra başçısı binadan çıxanda qolundan tutub dedim ki, vallah qalmağa evim yoxdur, mənim ev problemimi həll edin. Bundan sonra icra başçısı çıxıb getdi. O, gedəndən sonra köməkçisi Seyran mənə dedi ki, “nə bağırırsan?” Mən də cavab verdim ki, danışığına fikir ver, ayı bağırar. Bu zaman onun əmisi yandan çıxaraq boğazımdan tutdu, məni söydü və yerə çırpdı. Mənim atamın ünvanına söyüşlər yağdırdı. Axı adamın atasını söyməzlər. Mənim atam 1941-ci ildə müharibədə həlak olub. Heç özüm atamın üzünü görməmişəm. Bundan sonra polislər gəldilər. Məni İcra Hakimiyyətinin binasında düz üç saat saxladılar. Sonra isə polis avtomobilinə qoyub Saatlı Polis İdarəsinə apardılar. Bu hadisə martın 1-də baş verdi. Məni polisə aparmaqlarından oğlanlarımın xəbəri olmayıb. Özüm də ac-yalavac orada saxlanıldım. Heç məni dindirmədilər də. Elə bil ki, polisə yaşlı bir qadınla bir itin gəlməsinin fərqi yox idi... Bir neçə saatdan sonra Polis İdarəsindən İcra Hakimiyyətinə zəng etdilər. İcra hakimiyyətindən gəlib məni apardılar. Adama deyərlər ki, əgər siz məni evimə aparırsınızsa, niyə oğlanlarıma zəng etmirsiniz ki, gəlin ananızı evinizə aparın?

- Evə qayıtdıqdan sonra noldu?

- Evə qayıdanda övladlarımın heç nədən xəbərləri yox idi. Mənzilə çatan kimi dərhal Daxili İşlər Nazirliyinin “qaynar xətti” olan 102 nömrəsinə zəng açdım. Dedim ki, məni öldürürlər, həbs edirlər, gəlin məni bu adamların əlindən alın. Bu zəngimdən sonra çox güman ki, rayon polis idarəsi ilə əlaqə saxlayıblar. Zəngimdən az sonra qapımıza 5-6 polis əməkdaşı gəldi. Onlara dedim ki, evimə nəyə gəlmisiniz ki, bayaq sizin idarədə idim, elə dindirən idinizsə, orada dindirərdiniz də. Nə isə yazdılar-pozdular. Hətta qolumun sındırılmasını təsdiq edən sənədi onlara verdim. Amma yenə də mənim şikayətimə baxmadılar. Burada hökumət var, amma orada yoxdur. İstədiklərini edirlər.

- Polisdə olduğunuz müddətdə sizi döymədilər ki?

- Xeyr! Ancaq oğlumla məni bir gün polisdə saxladılar. Biz bildirdik ki, prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edəcəyik ki, bizə baxmırsınız, şikayətlərimizə qulaq asmırsınız. Bu hadisə otaqda baş verdi. Oğlumun belə danışdığını görən icra başçısının müavini İlham müəllim övladıma pis söyüş söydü. Bu zaman oğlum onun üstünə cumdu və dedi ki, analar müqəddəsdir, onları söymək eyib və alçaqlıqdır. Təsəvvür elə ki, icra nümayəndəsi, hökumətin məmuru belə söyüş söyür. Bu hadisədən sonra məni və oğlumu polis idarəsinə apardılar. Bir sutka polisdə qalmışıq. Hətta iddia etdilər ki, oğlum icra hakimiyyətində ucadan danışıb və polisin dediklərinə qulaq asmayıb. Sabahı günü isə məni və oğlumu məhkəməyə apardılar.

- Məhkəmə nı qərar çıxardı?

- Guya oğlumun ucadan danışmasına və polisə qulaq asmamasına görə, bizi 100 manat cərimələdilər. Belə qərar verdilər ki, hər ay 50 manat ödəyək. İnanın ki, mən də hər ay aldığım təqaüdümdən 50 manat məhkəməyə ödədim. Təsəvvür edin ki, indi icra başçısının müavini məni söyüb, oğlum buna etiraz etdiyi üçün, biz ana-balanı bir gün polisdə saxlayıb, sonra da məhkəmə yolu ilə 100 manat cərimələyiblər. Bu hansı ədalətə, haqqa uyğundur?     

- İndi tələbiniz nədir?

- Mənə qarşı haqsızlıq edən məmurlar işdən çıxarılmalıdır. İcra hakimiyyətinə də, yekə bir töhmət verilməlidir. Bunun başqa yolu yoxdur. Təsəvvür elə ki, icra hakimiyyətində mənim ürəyim gedib. Bunlar da başıma bir vedrə su töküb ayıldıblar. Mənim nazir Ramil Usubova çağırışlarım var. Xahiş edirəm ki, müvafiq göstəriş versin. Məni döydüklərinə qədəki şikayətimə baxsınlar. İlham Əliyevə, Mehriban Əliyevaya yazmışam. Məni döydüklərinə, atamı söydüklərinə görə, bu adamlar cəzalandırılmalıdır. 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır