Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Salam News
çərşənbə

28 mart 2012

19:30:00
305257

“Birlik” cəmiyyətinin sədri ilə müsahibə

V. Hətəmov: İndi dinsizlərin statusu dindarlardan kəskin şəkildə fərqlənir

"Son iki ildə dindarlara qarşı yönəlmiş repressiya ölkə inanclılarına böyük mənəvi ziyan vurub"

Əhli Beyt -ABNA- xəbər agentliyi- "Azərbaycan yeganə ölkələrdəndir ki, ərazisində təbii şəkildə təriqətlər, məzhəblərarası nifaq yaşanmayıb. Bu onu göstərir ki, öz keçmiş dini əqidəmizin inkişafı, davam etdirilməsi ən optimal yoldur". Bunu SalamNews-a müsahibəsində “Birlik” cəmiyyətinin sədri Vüsal Hətəmov deyib

- Dindarların həbsi barədə nə deyə bilərsiniz?

- Son iki ildə dindarlara qarşı yönəlmiş repressiya ölkə inanclılarına böyük mənəvi ziyan vurub. Lakin 2012-ci il başlayar-başlamaz həqiqət üzə çıxdı. Bu ölkənin hakimiyyətində inanclı şəxslərin vətəndaşlığı qıcıq oyadır. Tutulan dindarlara yad münasibət bunu sübut etdi. Dindarlara qarşı ən ağır ittihamlar irəli sürülür. Bu, yad münasibətin bariz nümunəsi deyilmi? Bu dindarlar saylarının həddi bilinməyən, maşınlarını corab kimi dəyişən bəzi rüşvətxor məmurlardan da qorxuludurmu? Xalqın malını xaincəsinə soran məmurlar qorxuludur, yoxsa, narkotika və ya silahla ittiham edlən dindarlar?! Seçkilərdə xalqın səsini oğurlayanlar vətən xaini hesab edilməlidir, yoxsa, praktiki əməli sübut olunmamış ittihamlarla tutulan dindarlar?! Bütün bunlar göstərir ki, didarlara qarşı münasibət yaddır. Bu ölkədə nə edirsən et, xalqın səsini oğurla, ölkəni çap-tala ən uzağı işdən çıxarılacaqsan. Amma qəribəsi odur ki, dindar tutulduqda, onun üzərindən ya silah tapılır, ya narkotika çıxır, ya da o, casusluqda ittiham olunur. Mənim işim ittihamların düz və ya yalan olmasında deyil. Onu vaxt gələcək Uca Yaradan aşkar edəcək. Amma bir sadə vətəndaş kimi, məni narahat edən budur ki, hələ heç bir dövlət çevrilişinə fiziki cəhd edilməmiş, heç bir yer partladılmamış, heç bir casusluq faktı ortaya qoyulmamış Azərbaycan övladlarına ən ağır maddələri qoymaq hansı vətəndaşlıqdan xəbər verir. Əgər əməl praktiki həyata keçməyibsə, deməli, irəli sürülən ittihamlar yalan da ola bilər. Məncə, siyasi hakimiyyət ölkə dindarlarına qarşı yad münasibətdən çəkinməlidir. Əks təqdirdə ölkənin sağlam vicdanlı insan resursu məhvə doğru gedir.

– Azərbaycanın İslam modelinin yaradılması fikrini necə qiymətləndirirsiniz?

- Azərbaycanın yerləşdiyi regionda İslam dininə aid müxtəlif təriqətlər var. Bunlardan əsas ikisi - sünni və şiə təriqətidir. İranda şiələr, Türkiyədə isə sünnilər çoxluq təşkil edir. Hər iki ölkə ortaq tarixi, dini, mədəni irsləri bölüşür. Demək olar ki, hər iki dövlətdə qanı bir, canı bir soydaşlarımız yaşayırlar. Bu baxımdan Azərbayan dövləti bu məsələdə bir qədər həssas olmalıdır. Azərbaycan qədim, sağlam ənənələrə malik dini formatını saxlamaqla bu həssas işin öhdəsindən gələ bilər. Azərbaycan yeganə ölkələrdəndir ki, ərazisində təbii şəkildə təriqətlər, məzhəblərarası nifaq yaşanmayıb. Bu onu göstərir ki, öz keçmiş dini əqidəmizin inkişafı, davam etdirilməsi ən optimal yoldur.

– Sizcə, hicab məsələsində qadağalar silsiləsi davam edə bilərmi?

– Biz növbəti təzyiq addımlarını artıq praktiki şəkildə yaşayırıq. Hicab qadağası hadisəsindən sonra – yəni dini atributlardan sonrakı qadağa dindarların əqidəsinə qarşı yönəldildi. Bizi bundan artıq nə gözləyə bilər ki? İndi valideynlər övladlarını məscidlərə demək olar, buraxmırlar. İşə qəbul olmaq istəyən və ya hansısa idarələrdə işləyən dindarların əksəriyyəti dindarlığını gizlətməyə məcburdur. Dinsiz insanların statusu dindarlardan kəskin şəkildə fərqlənir. Bu gün dini söyən, (əstəğfirullah) Allahı, Peyğəmbəri təhqir edən fərqli düşüncə sahibi sayılır. Bu gün dindar ziyalı alimlərimiz kənara atılıb, ucuz, düşük şou-ulduzlar teleməkanda hegemonluq, mənəvi məsələlərdə ekspertlik edirlər. Bundan böyük qadağamı gözləyirik.

–İlin sonunadək həbs edilən dindarların bir qisminin azad olunması ehtimalı varmı?

– Məncə, hələlik sevindirici vəziyyət hiss olunmur. Mənə elə gəlir, bu xəmir hələ çox su aparacaq.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır