Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Media Forum
bazar ertəsi

26 mart 2012

19:30:00
304865

Azərbaycan və Ermənistan Elitası

“Xırda iş qalıb - həm sizdə, həm də bizdə Hakimiyyəti Dəyişmək”

Ermənilərlə azərbaycanlıların barışması mümkündürmü? Əgər mümkündürsə, hər iki tərəf hansı addımları atmalıdır?

Əhli Beyt -ABNA- xəbər agentliyi- “Turan”ın suallarını hüquq müdafiəçisi, Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Mikael Danielyan cavablandırır.

- Azəri: Nizamlanma məsələsində Yerevanın mövqeyi olduqca sərtdir. Bu, sıravi vətəndaşların əhval-ruhiyyəsini nə dərəcədə əks etdirir? Bu gün Ermənistanda “sülh partiyası” varmı, yoxsa yalnız “müharibə partiyası” mövcuddur?

- Erməni: Sərtlik yalnız rəsmi Yerevanın yox, həm də Bakının mövqeyidir. Hər iki tərəf gücdən danışır. “Sülh partiyası” nəinki Ermənistanda, Azərbaycanda da yoxdur. Ayrı-ayrı siyasi xadimlər var. Ermənistanda liberal-demokratik dəyərlərin daşıyıcıları olan siyasətçilər bu anlama daha çox yaxın ola bilər. Onlar müxalifətdə olan Erməni Ümummilli Konqresində və yeni yaranmaqda olan “azad demokratlar”ın arasında da var. Əminəm ki, belə qüvvələr Azərbaycanda da var, ancaq hakimiyyətdə yox. Bizim respublikalardakı indiki hakimiyyətlər yalnız sözdə barışıq, nizamlanma  görüntüsü yaradırlar, əməldə isə “müharibə” siyasətini davam etdirirlər.

Barışıq nizamlanmadan sonra mümkündür. Nizamlanma isə baş verənləri dərk etdikdən və ikitərəfli peşmanlıqdan sonra olacaq. Mən kor-koranə dini tövbədən danışmıram. Prinsipcə, ölkələrin hüdudlarından kənarda ermənilərlə azərbaycanlılar ünsiyyətdə olur, dostluq edirlər, birgə biznes qururlar. Odur ki, demək olar, məsələ həll olunub, xırda iş qalıb - həm sizdə, həm də bizdə hakimiyyəti dəyişmək. Artıq bəsdir vasitəçilərə müraciət olundu, istənilən məsələni özümüz həll edə bilərik. Bundan ötrü ölkələrimizdə ağıllı adamlar yetərincədir.

- Azəri: Bu yaxınlarda Azərbaycanda Xocalı, Ermənistanda isə Sumqayıt faciəsinin 20-ci ildönümü qeyd olundu. Hər iki ölkədə baş verənləri necə qiymətləndirirsiniz? Bu hadisələrə görə məsuliyyəti kim daşıyır?

- Erməni: Hər cür millətçilər, müxtəlif idarələrdən olan bacarıqlı “təxribatçılar”... Və sadəcə, insanlığını itirmiş adamlar. Belələri Ermənistanda da, Azərbaycanda da kifayət qədərdir.

- Azəri: Tarix boyunca ermənilərlə azərbaycanlıların (türklərin) vaxtaşırı vuruşmasını, qan tökməsini və sonradan barışmasını nə ilə izah etmək olar? Bu niyə baş verir?

- Erməni: Cavab sadə və birdir: mentalitet.

- Azəri: Azərbaycandan olan həmkarlarla birgə layihələrin, proqramların həyata  keçirilməsini mümkün hesab edirsinizmi? Bu gün hər iki ölkənin vətəndaş cəmiyyətini nə birləşdirə bilər? Hər iki ölkənin xalqı və cəmiyyətləri üçün hansı məsələ və mövzuları aktual sayırsınız?

- Erməni: Azərbaycandan olan həmkarlarımla məni köhnə və fikrimcə, mehriban dostluq bağlayır. Biz dəfələrlə müxtəlif birgə proqramlarda iştirak etmişik. Xalqlarımız üçün aktual olan məsələ birdir - həm Ermənistanda, həm də Azərbaycanda hakimiyyətin əsas insan hüquq və azadlıqlarını pozması. Hakimiyyətdə olanların özbaşınalığına qarşı birgə mübarizə bəlkə də vətəndaş cəmiyyətinin nümayəndələrini artıq birləşdirib.

- Azəri: Ermənistanda indiki hakimiyyət dövründə nizamlanma məsələsində dönüşün əldə olunacağına inanırsınız?

- Erməni: Münaqişənin dinc yolla nizamlanması həm Azərbaycanda, həm də Ermənistanda legitim və demokratik hakimiyyətin olduğu şəraitdə mümkündür. Bu cür “status-kvo” isə təəssüf ki, bizim ölkələrin hakimiyyətləri üçün sərfəlidir.

- Azəri: Azərbaycanda belə fikir var ki, Ermənistan müstəqil dövlət deyil və Moskvanın istəyi ilə hərəkət edir. Bu fikirlərlə razısınız?

- Erməni: Ermənistan müstəqil dövlətdir. Ermənistan hakimiyyətində Rusiyanın güclü nəzarəti altında olan adamların olması başqa məsələdir. Bizdə Rusiyanın hərbi bazaları var ki, bu da siyasi kursa təsir göstərməyə bilməz. Digər tərəfdən, Amerika və ya Rusiya bazalarının yerləşdiyi ölkələr müstəqil dövlətlər deyil? Əgər ədalətli danışsaq, onda Rusiyanın nəzarəti və ya hansısa təsiri altında olan təkcə Ermənistan deyil. Bəs qaz alan Avropa ölkələri? Cekson-Venik düzəlişinin ləğvi ilə bağlı bu yaxınlarda ABŞ Konqresində keçirilən debatlar? Rusiya ilə, onun imperiya xüsusiyyətləri, liderlərin DTK sayağı hərəkətləri ilə hamı hesablaşır. Mənim bunu bəyənib-bəyənməməyim isə başqa məsələdir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır