Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
çərşənbə axşamı

13 mart 2012

20:30:00
302696

Vicdanı Olmayan “Vicdan Müdafiəçiləri”

Eynulla Fətullayev bəzi hüquq müdafiəçilərinə səsləndi

Eynulla Fətullayev: "İslamçıların fikir, sərbəst toplaşmaq və dini etiqad azadlığını ifadə etdikərinə görə həbsə atıldığını danmaq olmaz. Bu həqiqətləri danmaq əslində cinayətdir"

Əhli Beyt -ABNA- xəbər agentliyini- Ölkənin tanınmış bir neçə hüquq müdafiəçisi bu yaxınlarda Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla görüşüblər. Görüş zamanı Novruz bayramı öncəsi əfvlə bağlı məhbusların siyahısı hökumət rəsmisinə təqdim edilib. Siyahıda 16 nəfər vicdan məhbusu olmaqla yanaşı, həbsdə olan nazirlər Əli İnsanov və Fərhad Əliyevin də adları var. Monitorinq qrupu budəfəki siyahılarına da hicab aksiyasında həbs edilənlər və islamçıların adlarını salmayıblar. Qrup üzvləri islamçılar öz şəxsi maraqları və xarici amillərin dəstəyi ilə aksiyada iştirak edərək həbs olunduqlarını əsas gətirərək, onların adlarının siyasi və vicdan məhbusu olan şəxslərin siyahılarına salmadıqların bildiriblər. Hazırda siyasi məhbuslarla bağlı görülən işlər, Novruz bayramı öncəsi əfv və islamçılara qarşı nümayiş etdirilən ayrı-seçkilikə bağlı İnsan Haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev suallarımızı cavablandırıb.      

- Eynulla bəy, hazırda siyasi və vicdan məhbusları ilə bağlı görülən işlər nə yerdədir? Hər hansı bir irəliləyişlər varmı?

- Martın 12-də Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq Məsələləri üzrə komitəsinin iclası keçiriləcək. Sonuncu iclasda biz dinləmələrdə iştirak etmişdik. Lakin o zaman dinləmələr nəticəsiz bitdi. Qərara alındı ki, 12 marta qədər AŞ-nın məruzəçisi Ştrasserin Bakıya səfərə gəlib-gəlməməsi məsələsi öz həllini tapmalıdır. Yəni Azərbaycan heyəti onu ölkəyə dəvət etməlidir. Məndə olan məlumata görə, bu məsələ ilə bağlı Azərbaycan hökumətinə sorğu veriləcək. Məhz bundan sonra Avropa Şurası Azərbaycanla bağlı hansısa siyasi qərarı qəbul edəcək. Eyni halda, “Eurovision” ərəfəsində də beynəlxalq mətbuatda Azərbaycanda olan vicdan məhbuslarının problemləri müzakirə olunmaqdadır. Siyasi və vicdan məhbusları ilə bağlı beynəlxalq ictimaiyyətdə geniş etirazlar səsləndirilib. Amma hələlik bu problemin qlobal və birdəfəlik həllini görmürəm. Ona görə ki, hökumət bu məsələ də çox sərt və prinsipial mövqe nümayiş etdirir. Hökumətin mövqeyi budur ki, Azərbaycanda siyasi məhbus yoxdur. Lakin hökumət “Amnesty İnternational” tərəfindən vicdan məhbusu kimi tanınan 16 nəfərin müzakirəsinə razılıq verib. Təəssüf ki, hələ bu məsələlərdə hansısa bir irəliləyiş hiss etməmişik. Düşünürəm ki, yaxın vaxtlarda bir neçə məhbus azad edilsin. Lakin birdəfəlik olaraq problem həllini tapmayacaq.

- Bir neçə gün bundan öncə bir qrup hüquq müdafiəçisi prezident aparatında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla görüşüblər. Görüş zamanı onlar əfvlə bağlı müraciət edərək məhbusların siyahısını təqdim ediblər. Sizcə Novruz bayramından öncə hər hansı bir əfvin baş tutması mümkündürmü və kimlərə şamil oluna bilər?

- Hesab edirəm ki, əfv fərmanı verilsə, bəzi vicdan və siyasi məhbuslarına şamil olunacaq. Hökumət bu məsələdə dəfələrlə mövqeyini açıqlayıb. Yalnız əfvlə bağlı prezidentə müraciət edən şəxslər əfv edilirlər. Hökumətin mövqeyi bundan ibarətdir ki, kim əfvlə bağlı prezidentə müraciət etmirsə, həmin şəxs əfv olunmur. Əvvəllər prezident öz müstəsna səlahiyyətindən istifadə edərək əfv fərmanı imzalayırdı. Lakin son illərdə ölkədə beynəlxalq situasiya dəyişdiyinə görə, hökumətin mövqeyi də dəyişib.

- Hüquq müdafiəçiləri budəfəki siyahılarına da islamçıların və hicab aksiyasında həbs edilən şəxslərin adlarını salmayıblar. Monitorinq qrupuna daxil olan hüquq müdafiəçiləri iddia edirlər ki, islamçılar şəxsi maraqları üçün keçirdikləri aksiyada həbs olunublar. Buna görə də, onlara qarşı bu cür mövqedən çıxış edirlər. Siz bu fikirləri necə qiymətləndirirsiz?

- Hesab edirəm ki, bu cür yanaşma hüquq müdafiə fəlsəfəsinə zidd bir yanaşmadır. Tamamilə cəfəngiyatdır. Nə zamandan hicab dəyəri hansısa şəxsin fərdi dəyərinə çevrilib: Bu nə münasibət tərzidir ki, hüquq müdafiəçiləri nümayiş etdirirlər? Əslində bu cür münasibətin sərgilənməsi İslami dəyərlərə həqarətdir. Hazırda bütün dünyanın, xüsusilə Azərbaycan hökumətinin də təşviq etdiyi prinsiplərdən biri tolerantlıq və sivilizasiyalararası dialoqun təşkil edilməsidir. Belə olan halda hicab və digər İslami dəyər hansısa insanının şəxsi dəyərinə necə çevrilə bilər: Bu cür fikir səsləndirən insanların hüquq fəlsəfəsindən nə qədər uzaq olduğu görsənir. İslamçılar birbaşa fikir, sərbəst toplaşmaq və dini etiqad azadlığını ifadə etdiklərinə görə həbsə atılıblar. Bunu danmaq olmaz. Bu həqiqətləri danmaq əslində cinayətdir.

- Eynulla bəy, sizcə aksiyaların arxasında, xüsusilə hicab aksiyasının arxasında hər hansı bir xarici  qüvvələrin axtarılması nə dərəcədə doğrudur?

- Hüquq müdafiəçiləri hansısa xarici qüvvənin və yaxud xarici amilin axtarışı ilə yox, insan haqlarının müdafiəsi ilə məşğul olmalıdırlar. Kimliyindən asılı olmayaraq, bütün insanların haqları qorunmalıdır. Əgər hər bir cinayətkar həbs edilərək mühakimə edilirsə, o demək deyil ki, o, hansısa insan hüquqlarından məhrum edilməlidir. Hər bir kəsin inanc azadlığı və ifadəsi hüququ var. Əgər hüquq müdafiəçisi insanların ideallarına həqarət nümayiş etdirirlərsə və eyni halda İslami dəyərləri onları müdafiə edən şəxslərin şəxs dəyəri kimi təqdim edirlərsə, bu ən böyük həqarətdir.

 

Xəyal Şükür

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır