Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Fakt Xeber
çərşənbə axşamı

13 mart 2012

20:30:00
302695

Rejimin Acgözlüyü

Məscidlər kimin tabeçiliyində olmalıdır: QMİ-nin yoxsa Bələdiyyənin?

Hacı Elşən Mustafaoğlu: "Əgər məscidlər bələdiyyələrin balansına verilsə...

Əhli Beyt -ABNA- xəbər agentliyi- Bir müddətdir, Azərbaycanda fəaliyyət göstərən məscidlərin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) balansından alınıb bələdiyyələrə veriləcəyi barədə məlumatlar dolaşır. Hətta hökumətin bununla əlaqədar layihə hazırladığı da bildirilir. Mətbuatda gedən xəbərlərə əsasən, bu barədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə yaxın ətrafına bildirib.

Maraqlıdır, ibadət evlərinin QMİ-dən alınıb bələdiyyələrə verilməsi nələri dəyişəcək? Məscidlərin fəaliyyətinə təsiri olacaqmı? “Mənəvi Saflığa Dəvət” İctimai birliyinin sədri, ilahiyyatçı Hacı Elşən Mustafaoğlu bildirdi ki, əgər belə bir sərəncam imzalanarsa, onda yalnız ibadət ocaqlarının idarə edilməsi, təsərrüfat məsələləri QMİ-dən alınıb bələdiyyələrə verilə bilər. Məscidlərə axundların və imamların təyinatı səlahiyyəti, əvvəllər olduğu kimi, QMİ-də qalacaq.

E.Mustafaoğlu qeyd etdi ki, ibadətgahların QMİ-nin tabeçiliyində olmasına baxmayaraq, əksər məscidlərin şəraiti, istilik, su təchizatı, kanalizasiya sistemi çox bərbad vəziyyətdədir. Və bütün bu problemlər məscid icması, ibadət əhli tərəfindən həll olunur: «Məscidlər bələdiyyələrin tabeçiliyinə verilsə də, düşünmürəm ki, bu, sadaladığım problemlərin həllinə müsbət təsir göstərsin. Çünki, Azərbaycanda bələdiyyələr yalnız torpaq alıb satmaqla məşğuldur. Əhalinin sosial problemlərinin həllinə isə qətiyyən maraq göstərmirlər. Yəni bu istiqamətdə fəaliyyətləri sıfra bərabərdir. Bu halda həmin qurumlar məscidləri necə idarə və ya yaranan müşkül məsələləri həll edə bilərlər? Əksinə, məscidlər bələdiyyələrin balansına veriləcəksə, bundan yalnız həmin qurumlar qazanacaqlar. Daha dəqiq desək, nəzir qutuları bələdiyyələrin əlavə gəlir mənbəyinə çevriləcək».

Bir çox hallarda ibadətgahların ya dövlət tərəfindən, ya da ayrılan şəxsi maliyyələr vasitəsilə təmir olunduğunu diqqtə çatdıran müsahibimiz bu tikililərin taleyin ümidinə buraxıldığını söylədi: «Mövcud problemi birdəfəlik aradan qaldırmaq üçün məscid icmalarına geniş status verilməlidir. Qoy, məscidi icma özü saxlasın, yaranan hər hansı problemi daxili imkanları, yəni verilən ianələrin, nəzirpulların hesabına həll etsin. İndiki Qafqaz Müsəlmanları İdarəsi çarın fərmanı ilə Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi adı altında təsis olunub. Daha sonra elə həmin ad altında SSRİ tərəfindən yenidən yaradılıb və bütün məscidlər idarənin tabeçiliyinə verilib. Əslində, bu sistem düzgün deyil. Məscidi dindarlar, inanclı insanlar idarə etməlidir. Büdcənin hansı vəsaitlərdən formalaşdığını, hara xərcləndiyini özləri müəyyənləşdirməlidirlər. İndiki halda isə, bütün bu məsələlər qaranlıqdır, şəffaf deyil. Əslində, il ərzində nəzir qutularında nə qədər vəsaitin toplandığı məlum olmalı və həmin vəsait məscidin ehtiyaclarını ödəmək üçün sərf olunmalıdır. Düzdür, bunlar sənədlərdə öz əksini tapıb. Amma nədənsə işlək mexanizmə çevrilmir. Hansısa məsciddə problem yarananda dini icma məəttəl qalır ki, kimin qapısını döysün, hansı quruma müraciət etsin. Məscidin icması QMİ-yə üz tutanda «maliyyə imkanlarımız yoxdur», dövlət idarələri isə «din dövlətdən ayrıdır, ona görə də kömək etməyə səlahiyyətimiz yoxdur» cavabını alır».

Cəvahir

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır