Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA- xeber agentliyi
çərşənbə

7 mart 2012

20:30:00
301234

Səlib Yürüşlərinin Davamında

Azərbaycan Qərb Yoxsa İslam Dünyası?!

"Qərb, Rusiya ilə münasibətlərdə Qarabağdan alver vasitəsi kimi istifadə edir"

Əhli Beyt -ABNA- xəbər agentli- Kənan Çamurcu: "Azərbaycan regional siyasi birlikdə olmadığı müddətdə Qarabağ münaqişəsi həll olunmayacaq" Mərmərə Universiteti Yaxın Şərq Araşdırmalar Mərkəzinin doktoru Kənan Çamurcu ilə "Həftə içi"ndə eksklüziv söhbət.

Xocalı soyqırımının baş verdiyi tarixdən 20 il ötdü. Bu müddətdə dünya birliyi bu dəhşətli qətliamın qarşısında yenə də səssiz qaldı, amma az da olsa bu il iki böyük dövlət - Meksika və Pakistan ermənilərin Xocalıda soyqırımı törətdiyini rəsmən tanıdı. Amma təəssüf ki, qardaş Türkiyə və əhalisinin yarısı azərbaycanlı olan müsəlman-şiə İran dövləti Xocalıda baş verənləri öz adı ilə adlandıra bilmədilər. Niyə? Sualımıza cavabı Mərmərə Universiteti Yaxın Şərq Araşdırmalar Mərkəzinin siyasi tarix və beynəlxalq əlaqələr üzrə doktoru Kənan Çamurcudan almağa çalışdıq.    

- Bu gün Türkiyədə AKP iqtidarı Qərbin siyasətini həyata keçirir. Məsələn, Liviya və Suriya böhranlarında BMT heç bir qərar vermədiyi halda Türkiyə Qərb müttəfiqləri ilə birləşərək hərbi hücumlarda iştirak edib və Suriyanın silahlı müxalifətinə dəstək verdi.     

O cümlədən, Ankaranın Xocalı qətliamını soyqırımı olaraq tanıması üçün məsələni TBMM-də müzakirəyə çıxarması da Qərbi maraqlarına zidd olduğundan, mümkün deyildi. Sonra da ki, Xocalı soyqırımının tanınması məsələsi Fransa Senatında qəbul olunmuş qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasına dair qanunun məhkəmədə baxıldığı günə təsadüf etdiyindən, gözləmə mövqeyi tutuldu. Onu da deyim ki, Türkiyənin soyqırımları tanımaq məsələsində xüsusi strategiyası yoxdur. Fikir verin: indiyədək bir dəfə də olsun Əlcəzair qırğınlarından bəhs etməyən rəsmi Ankara "erməni soyqırımı" ilə bağlı məsələ Fransa Senatı da gündəmə gələn kimi əlcəzairlilərin müdafiəsinə qalxdı. Eləcə də Xocalı soyqırımı, məncə Türkiyə nə vaxtsa Ermənistanla əlaqələri birdəfəlik kəsəndən sonra bu qətliamın tanınması barədə qərar verilə bilər. Amma yenə də əminəm ki, Türkiyə Xocalı qətliamını soyqırımı olarak tanımayacaq.   

 - Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə tanıyıb. Amma indiyədək Xocalı qətliamını soyqırımı olaraq tanınmamasının konkret əsaslı məqsədləri olmalıdır. Sizcə bunlar nədir?     

- Sovetlər Birliyi dönəmində Türkiyə NATO-nun planlarının icrası üçün mənbə sayılırdı və SSRİ-yə qarşı soyuq müharibənin ön cəbhəsiydi. SSRİ dağılanda Ankara onun bütün subyektləri kimi Azərbaycanın da müstəqilliyi tanıyıb. Amma bir məsələni unutmayın ki, Türkiyə Azərbaycanın Ermənistanla ixtilafları məsələsində heç vaxt müstəqil siyasətə malik olmayıb. Burada da Qərb siyasəti özünü göstərir. Qərb Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq niyyətindən vaz keçməyincə Türkiyə İrəvana qarşı və əlbəttə ki, Azərbaycanın lehinə səy göstərməyəcək.     

- Bir vaxtlar bəzi AKP-dən millət vəkilləri demişdilər ki, Türkiyə Xocalı soyqırımını tanıya bilməz. Çünki Ankara Fransa kimi ölkələrə "soyqırımı məsələsinə qiymət vermək siyasətçilərin deyil, tarixçilərin işidir" deyir. Ona görə də Türkiyədə bu qırğına soyqırımı deyərsə, özü özünü təkzib etmiş olacaq. Sizcə türk millət vəkillərinin dediklərində məntiq var? Axı Xocalı soyqırımının tarixçilərin araşdırmasına ehtiyac yoxdur, bu qırğın günümüzdə baş verib...     

- Təbii ki, həmin millət vəkilləri doğru demirlər. Bundan əlavə, hətta parlament bu qırğını tanımasa da belə indiki Türkiyə hökuməti və o cümlədən millət vəkilləri ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı məlumatlandıra bilməzlərmi? Universitetlərin, araşdırma mərkəzlərinin, medianın bu məsələni daima gündəmdə saxlaması düzgün olmazdımı? Eyni zamanda, Türkiyə xalqı hakimiyyətə Xocalı soyqırımını tanımaq üçün ciddi təzyiq göstərərsə, birbaşa vətəndaşların təmsilçisi olan Böyük Millət Məclisi xalqın istəyinin əleyhinə çıxacaqdımı? Xalqın böyük hissəsinin tələblərinə əhəmiyyət verməyən hakimiyyətin olduğu bir ölkədə hansı milli iradədən söhbət gedə bilər? Parlament Xocalıda soyqırımı törədildiyinə dair qərar verərsə, bu, tarixçilərin, müstəqil müşahidəçilərin, şahidlərin və beynəlxalq qurumların təsbit etdiyi bir həqiqətin rəsmiləşməsi mənasına gələr.     

- Məncə müsəlmançılıq baxımından yanaşsaq, müsəlman ölkələri də Xocalı soyqırımını tanıya bilərlər. Amma Pakistan istisna olmaqla heç bir müsəlman ölkəsi bu məsələyə isti yanaşmır. Sizcə harada  qaldı islam həmrəyliyi?

- İslam dünyası bu yaxınlaradək Qərbin əlində oyuncaq olan diktatorlar tərəfindən idarə edilib. İran istisna olmaqla, vəziyyət hələ də olduğu kimi qalıb. Bu gün ərəb ölkələrinin hər birinin siyasətində Qərbin maraqlarına zidd çıxa bilməz qaydalar mövcuddur. Eyni zamanda, Azərbaycan diaspor cəmiyyətləri də, hələlik Xocalı məsələsini ərəb ölkələrinin ictimaiyyətinə yetərincə tanıda bilməyiblər. Nəzərə alın ki, ərəb millətinin Xocalı qətliamında tutduğu müsbət mövqe bu ölkələrin hakimiyyətlərinə mütləq təsirini göstərər. Amma Türkiyədə bu il təşkil olunan Xocalı qətliamının anma aksiyası, gördüyümüz kimi, azərbaycanlı qardaşlarımızın bu qırğını Qərb ölkələrinə qəbul etdirərək istədikləri nəticəni almaq niyyətini ortaya qoydu. Yəni soyqırımı məsələsi bölgə ölkələrinin xalqlarına çatdırılmalıdır. Yoxsa uğur qazanmaq çətin olacaq.

- Ola bilərmi ki, Türkiyə bu qətliamı tanısa, digər müsəlman ölkələr də onun ardıyla gedərək Azərbaycana lazım olan qərarı çıxarsınlar?

- Türkiyənin müsəlman ölkələrə o qədər də böyük təsiri yoxdur. İslam ölkələri heç vaxt hansısa məsələdə Türkiyənin mövqeyinə baxıb addım atmırlar. Bu gün Türkiyə rəsmi, ərəb ölkələri isə qeyri-rəsmi şəkildə Qərblə itifaqdadır. Qısası, bu gün Xocalı soyqırımının tanınması məsələsi Türkiyə və ərəb ölkələrinin rəsmi dairələrində gündəmdə deyil.

- Əhalisinin yarısı azərbaycanlı olan İran niyə Ermənistanla qardaş əlaqələrə malikdir və heç vaxt İrəvana təzyiq göstərmir? Məncə Xocalı soyqırımını ilk tanıyan ölkə məhz İran olmalıydı. Çünki ən azından Xocalıda qırılan insanlar da iranlılar kimi şiələrdir...

- İranın vəziyyəti Türkiyə və ərəb ölkələrindən çox fərqlidir. İran 1979-cu il islam inqilabından bu yana müharibə və sərt embarqoların təhlükəsi altındadır. Bu ölkənin xarici siyasətinin əsasını Fələstin mübarizəsi təşkil edir. Sizi inandırım ki, Tehran Fələstin məsələsini bir kənara qoyarsa, Qərb dünyası onu superdövlətə çevirəcək və nüvə proqramının icrasına birbaşa dəstək verəcək. Bildiyim qədər bütün digər problemlər İranın xarici siyasətində sonrakı yerləri tutur. Amma deyə bilərsiniz ki, İran məzhəbcə bir olan Azərbaycanı deyil, digər məzhəbin davamçılarını - fələstinliləri dəstəkləyir. İran Qafqaz siyasətini Qərb blokuna qarşı regional bloklar qurmaq yolu ilə müəyyənləşdirir. Azərbaycan Qərblə, hətta İsraillə yaxın münasibətdə olduğu üçün İran Qafqazda Rusiya - Çin cütlüyü ilə birlikdə hərəkət edir. Ermənistanla yaxın əlaqələr saxlamasının səbəbi də elə budur. Məncə Azərbaycan Qərbdən və İsraildən üz çevirsə, İran Ermənistana qarşı sərt tədbirlər görə bilər. Hətta İran Ermənistan üzərində elə təzyiq vasitəsinə malikdir ki, İrəvanı Xocalı qətliamı üçün Azərbaycandan üzr istəməyə və təzminat ödəməyə də vadar edə bilər. Bununla da Qarabağ probleminə birdəfəlik son qoyular. Söylədiklərimizdən belə görünür ki, Qərb və bölgə blokları Qafqazda toqquşurlar. Yenə deyirəm, Azərbaycan Qərblə eyn blokda çıxış etdiyi üçün İran münaqişənin həllinə səy göstərmir.

- Bəs siz, özünüz, Qarabağ münaqişəsinin həlli məqsədilə nələri təklif edərdiniz? Sizcə Azərbaycan torpaqlarının ermənilərin işğalından qurtarmaq üçün nələr etməliyik?

- Bayaq dediyim kimi, bu məsələdə yeganə əngəl Azərbaycanın Qərblə müttəfiqlik etməsidir. Azərbaycan regional siyasi birlikdə olmadığı müddətdə Qarabağ münaqişəsi həll olunmayacaq. Çünki bu bölgədə məhz bölgə dövlətləri təsir qüvvəsinə malikdir. Nə Minsk Qrupu, nə də başqa Qərb qurumları Qarabağ məsələsində müsbət nəticə əldə edə bilməyəcək. Əslində Qərb bloku Qarabağı Rusiya ilə münasibətlərdə vasitə kimi istifadə etməkdədir. Unutmayın ki, Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirən ölkələrin çoxunun parlamentində qondarma erməni soyqırımı tanınıb. Ermənistan isə həm Qərblə, həm də Rusiya ilə isti münasibətlərini qoruyub, inkişaf etdirməklə Qafqaz regional sistemində əhəmiyyətli mövqe əldə edib. Məhz bu siyasəti nəticəsində Ermənistan İran vasitəsilə Fars körfəzinə, oradan isə dünyaya çıxmaq imkanı qazanıb. Azərbaycan Ermənistana qarşı Qərbdə kömək axtarır, amma bunun heç bir faydası olmur, olmayacaq da. Hətta söhbət gəzir ki, Qərb Azərbaycan ərazisindən İrana qarşı hərbi baza kimi istifadə etməyə çalışır. Onu deyə bilərəm ki, Azərbaycan Qərb blokunda qalmaqla bölgədə təklənəcək və beləcə problemlərdən başı açılmayacaq.

 

 Vüsal Tağıbəyli

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır