Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Azadliq
cümə

24 fevral 2012

20:30:00
298663

Şetandan Balasına Ağır Zərbə

ABŞ Əliyevlərin korrupsioner həyatını dünyaya yaydı

CNBC-nin İlham Əliyev və ailə üzvləri haqda «Çirkli zəngin» filmi efirə verildi. Hakim ailənin Dubaydakı 75 milyonluq 9 mülkündən tutmuş, Panamadakı 11 şirkətinə qədər ən müxtəlif məlumatlar filmdə əksini tapır.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Amerikanın CNBC telekanalı Azərbaycandan, hakim Əliyevlər ailəsinin korrupsiya əməllərindən bəhs edən sənədli film hazırlayıb. “Çirkli zəngin” adlı filmin qısa məzmunu belədir:

***

Reportajın müəllifi Skott Con söhbətinə Dubayla başlayır:

- Bu gün Dubay ticarət paytaxtı olmaqla yanaşı, həm də “çirkli zənginlər” üçün populyar yerdir. Varlılar üçün mülklərin yerləşdiyi süni ada - Palm Cümeyra o qədər böyükdür ki, havadan da görünür. 2 milyon dollardan başlanan villaların sahibləri sırasında Devid Bekhem, Bred Pit, Ancelina Cöli kimi superstarlarla yanaşı gənc Heydər Əliyev də var. O, 2009-cu ildə - hələ 11 yaşında olanda burada 75 milyon dollar dəyərində düz 9 mülk alıb. Ilk dəfə “The Washington Post” qəzetində dərc edilən rəsmi sənədlərə görə, burada onun 20 yaşlarında bacıları Arzu və Leyla Əliyevanın da bir neçə mülkü var.

MƏTN VİDEODAN SONRA DAVAM EDİR

Onlar dəbdəbəli həyat tərzi sürürlər. Onların hansı ölkədən çıxdığına baxanda çox böyük şeylər əldə etdiklərini söyləmək olar. Çünki Xəzərin sahilindəki keçmiş Sovet respublikası olan Azərbaycanda orta aylıq əməkhaqqı 420 dollardır.

Bu imkanlı və zəngin gənc maqnatlar ölkənin prezidenti Ilham Əliyevin uşaqlarıdır. O, hakimiyyəti 2003-cü ildə atası öləndən sonra alıb. Ancaq atasının şəkillərini hələ də paytaxt Bakının hər yerində görmək olar.

Amerika diplomatları Əliyevləri “Xaç atası” filmindəki Karleone ailəsinə bənzədir. “WikiLeaks”də yaydığı diplomatların məxfi yazışmalarında Ilham Əliyev zahirən filmdəki rasional Maykl, daxilən Sanni təsiri bağışlayır.

30 milyard dollar Əliyev rejiminin nəzarətindədir

Azərbaycanın nə qədər neft-qazı olduğunu bilmək üçün Yanardağı görmək kifayətdir. Ölkə 7 milyard barel təsdiqlənən neft ehtiyatıyla dünyada 19-cudur. Gündə milyonlarla barel neft ixrac edən kəmər də buradan başlayır. O qədər neft-qazı var ki, ölkə iqtisadiyyatı son 10 ildə 3 dəfə böyüyüb. Xarici ticarətdə ölkənin ixracının payı idxalından 12 milyard dollar çoxdur. Və bütün bu pullar ayrıca Neft Fonduna yığılır, artıq 30 milyard dollara çatan vəsait Əliyev rejiminin nəzarəti altındadır.

Neft pullarının əhəmiyyətli hissəsi hakim ailəyə çatır

Reportajda səsləndirilən “Bəs pullar hara gedir?” sualından sonra Azərbaycan-Amerika Ticarət Palatasının cah-cəlallı toplantısı göstərilir. Palatanın rəhbəri Mahir Isgəndər “CNBC”yə deyir ki, Azərbaycan qarşıdakı 15 ildə neft-qaz layihələrindən 200 milyard dollar əldə edəcək.

“Tom Maine Global Witness” anti-korrupsiya qrupu xeyli vaxtdır bu pulun necə xərclənəcəyini araşdırır. Deyir ki, Azərbaycanın durumu narahatlıq doğurur. Çünki bu gəlirlər adi insanlara çatmır.

Azərbaycanda göydələnlərin tikintisi, dünyanın ən hündür bayraq dirəyinə sahib olmaq üçün inanılmaz pulların xərcləndiyi də reportajda qeyd olunur. Ölkənin korrupsiyanın durumuna görə, “Transparency International”ın reytinqlərində 183 ölkə arasında 143-cü olmasından və neft gəlirlərinin böyük hissəsinin hakimiyyətdəki ailəyə getməsindən danışılır.

Əliyevin qızları ölkənin mobil və aviasiya sahələrində çox böyük paya malikdir

Həmçinin deyilir ki, qanuna görə, prezident bizneslə məşğul ola bilməz:

- Azərbaycan prezidentinin illik maaşı 280 min dollardır. Ancaq ofşor şirkətləri vasitəsilə Əliyev ailəsi istədiyini edir. Təkcə Panamada prezident ailəsinə məxsus olan 11 şirkət var.

Həm də parlamentin üzvü olan, ancaq iclaslara nadir hallarda qatılan prezidentin xanımı Mehriban Əliyeva plastik əməliyyatlara da çox həvəslidir. “WikiLeaks”dəki yazışmalarda birinci xanımın keçirdiyi əməliyyatlar üzündən emosiyalarını tam ifadə edə bilməməsi də qeyd olunmuşdu.

Ilham Əliyevin qızlarından biri - Arzu Azərbaycanda turizmi təbliğ edən reklamlarda çəkilib. O biri qızı Leyla Əliyeva isə yüksək elitanın təmsilçisidir, rusiyalı pop-star və moda jurnalının naşiri olan biznesmenlə ailə həyatı qurub. Birlikdə bacılar Azərbaycanın mobil və aviasiya sahələrində çox böyük paya malikdirlər.

Leyla Əliyevanın cavabı

Nyu-Yorkdakı hoteldə seçilmiş adamlar üçün olan məclislərdən birində Leyla Əliyeva da iştirak edirdi. O, xərçəng və qan xəstəlikləri olan uşaqlara yardım elədiyi üçün mükafat alırdı. CNBC-nin müxbiri həmin tədbirdə ondan belə gənc yaşında bu cür uğurlara necə nail olduğunu soruşub.

Leyla Əliyeva:

- Əsas odur, hədəfin olsun. Hədəf olandan sonra ona nail olmaq asandır.

CNBC:

- Bu cür dəbdəbəli tədbirlərlə Azərbaycanda gördüyümüz durum arasındakı təzadı görməmək çox çətindir. Ailənin var-dövlətinin haradan gəlməsi, sənin biznes maraqlarınla bağlı da bəzi suallar var. Bu məsələlərə aydınlıq gətirsəniz, çox sevinərdim...

Sual səslənəndə Leyla Əliyevanın üzündəki təbəssüm yox olur. Onu müşayiət edən şəxs kiməsə göstəriş verir.

Leyla Əliyeva:

- Mənim özümün də, ərimin də biznesi var. Amma mən burda biznesə görə deyiləm, bu, mədəni fəaliyyətimlə bağlıdır.

CNBC:

- Sizcə, Azərbaycan xalqı bu cür möhtəşəm tədbir haqda nə düşünərdi?

Leyla Əliyeva:

- Onlar mənim bu mükafatımla qürur duyurlar. Çünki mən bu mükafatı özüm üçün yox, Azərbaycanın indiki bütün gənc nəsli adından qəbul elədim.

Leyla Əliyevanın müşayiətçiləri müsahibəni mədəni şəkildə kəsirlər. Sonra isə çəkiliş qrupunu oradan uzaqlaşdırırlar.

Azərbaycanda  gənclərin həbsi

Reportajda daha sonra Leyla Əliyevanın həmyaşıdı Emin Millidən söz açılır. Onun ABŞ-da təhsil alıb, qayıdandan sonrakı fəallığından, “eşşək Azərbaycanda” klipindən sonra Adnan Hacızadə ilə birlikdə qondarma ittihamlarla 17 ay həbsdə saxlanılmasından danışılıb.

Həmçinin qeyd olunub ki, ABŞ dövlət katibi Hillari Klinton  Bakıya səfəri zamanı Ilham Əliyevlə gülərüz girdiyi görüşdə həm də Emin Milli və Adnan Hacızadənin həbsi məsələsini müzakirə edib, amma sonra keçirdiyi mətbuat konfransında bu məsələdən çox, Azərbaycan və ABŞ-ın necə dərin, strateji münasibətlərə malik olmasından danışıb.

Azərbaycana münasibətdə ABŞ-ın maraqları və dəyərləri arasında seçim

Reportajda amerikalı diplomatların “WikiLeaks”də dərc edilən yazışmalarına bir neçə dəfə istinad olunub. Qeyd edilib ki, Əliyevin Karleoneyə bənzədildiyi yazışmada amerikalı diplomat yazmışdı ki, Azərbaycan-Amerika münasibətlərini gözdən keçirəndə ABŞ-ın maraqları və dəyərləri arasında seçim etməli olursan...

Bu yerdə jurnalist deyir ki, görünən odur, Amerikanın neft formasındakı maraqları çox zaman dəyərlərə üstün gəlir.

Ailəsinin var-dövləti barədə Əliyevə ünvanlanan sual

“CNBC”, ailəsinin var-dövləti haqda sualları Ilham Əliyevə də ünvanlamaq istəyib. Amma Amerika-Azərbaycan Ticarət Palatasının toplantısında əsas çıxışçı olması gözlənilən Ilham Əliyev tədbirə qatılmayıb.

Əvəzində “CNBC” suallarını maliyyə naziri Samir Şərifova ünvanlayıb. Nazirin cavabı isə belə olub:

- Ilham Əliyev dəfələrlə bildirib ki, ölkədə yoxsulluğun qalmamağını istəyir. Və bu siyasət hazırda həyata keçirilir.

Amma aparıcı reportajın sonunda deyir ki, Dubaydakı cah-cəlal Azərbaycandakı adi adamlar üçün çox əlçatmazdır...

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır